12+
Səni sevmək üçün gəldim dünyaya

Бесплатный фрагмент - Səni sevmək üçün gəldim dünyaya

Şeirlər

Объем: 138 бумажных стр.

Формат: epub, fb2, pdfRead, mobi

Подробнее

Hürİzad Xalamın əzİz xatİrəsinə həsr edİrəm

Mİnnətdarlıq

Ədəbi yaradıcılıq sahəsində həyatımın son dörd ilinin uğurlarına görə dostum, sinif yoldaşım, Çəmənlidə böyük hörmət sahibi olan, Məhərrəm əminin ocağının odqoruyanı Nizami Bayramova minnətdaram. Bu illər ərzində bir birininn ardınca «Bu yay da belə keçdi», «Gözlərimin işığında», «Bir fəqir yolçuyam», «Səni sevmək üçün gəldim dünyaya» adlı şeirlər kitabım işıq üzü gördü. Nizami olmasaydı, bu kitabların heç biri olmazdı. O məni öz kəndimə, öz dostlarıma, öz ruhuma qaytardı. Baxımsız qalıb dağlan evimin acısını çəkməyə qoymadı. Öz evində məni ev sahibi kimi qəbul etdi, ocağının başında oturtdu.

Mən səninlə fəxr edirəm, əziz dostum!

Yolçusuz yolların yolçusu

Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.

Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.

Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.

Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən — Qarabağ itkisi isə tam başqadır.

Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, baba yurdu Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.


Vahidəm, fəryadım döndü ağıya,

Kim verdi fürsəti acgöz yağıya?

Cənnət məkanımı verib dığaya

Səhrada komalar tikirəm indi.


və ya

Əhvalın necədi, ay tənham, təkim?

Yolçusuz yollarım,

Dağılan səkim.

Sənin həsrətini nə qədər çəkim?

Yağının əlində əsir Ağdamım.

Vahidin bayrağa sevgisi də özünəməxsusdur:

Rəngin üç olsa da, qan rəngindəsən,

Qaçqın, köçkün də sən, didərgin də sən…

Zəfər döyüşündə ürəyimdəsən,

Sənsən cəsarətim, savaşım Bayraq.

Vahid Çəmənlinin şeirlərində səmimiyyət var. Özü necə danışırsa, şeiri də adamla eləcə, səmimiyyətlə, ədəblə danışır. Hətta deyişmələri də…

Əlindən qum kimi süzülüb axdı,

Hesabı qum qədər olan günlərin…

Ağrısı, acısı canını yaxdı,

Vədəsiz açılıb solan günlərin.


Vahidin ruhu oxşayan, sadə dildə yazılmış gözəl şeirləri var.


«Gəlir» şeirində yazır:

…Söyüdlər üstümə sallayıb çətri.

Məst edir nanənin, yarpızın ətri,

Sinəmdə çağlayır nəğmənin sətri,

Ağ vərəq üstünə şirin söz gəlir.


Vahid, içimdədi harayım, hayım…

Yanır, külə dönür məhəbbət payım.

Qayğımı çəkməyə yox əmim, dayım,

Nə Sakit yetişir, nə Çingiz gəlir.


İndiki qarışıq dünyada qayğını çəkməyin çətinliyi başa düşüləndi. Amma inanıram ki, Vahidin şeirlərinin daxili səsini eşidənlər çox olacaq.


Kitabda Vahid Çəmənlinin son illərdə yazdığı şeirlərlə bərabər onun Rahib Məmmədovun xatirəsinə həsr olunmuş “ Unudulmayan qəhrəmanlar» sənədli əsəri də yer alıb.

Ağdamın birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid qəhrəmanlarından da əvvəl qəhrəman olmuş övladlarından biri — 20 yaşlı əsgər Rahib Məmmədovun 1987-ci ildə Rioni çayının daşması nəticəsində ölümlə üzbəüz qalan Gürcüstanın Xobi rayonun Çaladidi kəndinin sakinlərini təkbaşına xilas etməsindən, gürcü xalqının ona olan sevgisindən, Çiladidi və doğulub boya-başa çatdığı Ağdamın Mahrızlı kəndlərindəki məktəblərə Rahib Məmmədovun adının verilməsindən, o dövrdə, SSRİ məkanında bu hadisənin böyük əks-səda doğurmasından yazan müəllif əsərdə qəhrəmanın və qəhrəmanlığın unudulmadığını sənədli formada oxuculara çatdırır.

İnanıram ki, Vahid Çəmənli bundan sonra da könlümüzü oxşayan yeni şeirlərlə, əsərlərlə bizi hələ çox sevindirəcək.

Rəfail Tağızadə

Şair-publisist

El anası anaların anası Hürİzad xalam

Böyük ürəyi vardı desəm, dilini, gözlərini, əllərini, dizlərini incidərəm;

O dil ki, «can» deməkdən yorulmazdı. O dil ki, həmişə haqqa şəhadət verərdi. Yanında bir adam haqqında qeybət edə bilməzdin. Sözünü ağzında yarımçıq qoyar, səni dediklərinə peşiman edərdi.

O gözlər ki, hamıya sevgi ilə baxardı. Gülən gözləri vardı. İçində nə qədər dərdi olsa da, qapıdan girəni gülə-gülə qarşılayardı. Yeddi arxa dönənindən hal-əhval tutmayınca rahat olmazdı. Bir stəkan su da olsa, içirməyincə əl çəkməzdi.

O əllər ki, nəvazişlə tumarlayardı saçlarını, boy-buxununu, fərq qoymazdı qohumusan ya yeddi bu yana yadsan. Yaşının dolu çağında iki odun arasında qaldı. Bir bacısının balaları Çəmənlidə, bir bacısının balaları da Bərdədə, Böyük Qəcər kəndində anadan-atadan yetim qaldılar. Nə qədər əziyyətlər çəkdi, nə qədər əzablara dözdü… Gecə-gündüz kolxoz tarlalarında kətmən vurdu, bir sürü yetimi ayaq üstə qoymaq üçün əlləşdi.

O dizlər ki, heç vaxt, hətta son nəfəsinə qədər taqətdən düşmədi.

El anası idi. Özünün övladı olmadığına ğörə hamını öz övladı hesab edirdi.

Hərbi xidmətdən dönəndə taksini qapısına sürdürmədim. Dedim, yaşlı qadındı, hardadı onda pul-para hər yoldan ötənə verə. Buna görə məni o ki var danladı. Mən ölmüşəm, -dedi, mən sənin anan deyiləmmi? Ürəkli ol, bala!.. Allah, Allah, bu zərif vücud dağ idi, nə idi, söykədik kürəyimizi, yıxılmadıq, ayaqlar altında qalmadıq.

Qaçqınçılıq illərində Ağdamdan tökülüb gələn camaatımızı görəndə yandı-töküldü arvad, bir dəli nərə çəkdi. Davadan 19 yaşlı qardaşı Yaqubun ölüm xəbəri gələndə belə yanğılı ağlamamışdı.

Elin dərdi şam kimi əritdi yazığı. Amma ümidini itirmədi. Ümidini itirən deyildi. Bala, bu tərəqqinin tənəzzülüdü-deyirdi. Su gələn arxa bir də gələr. Beləcə yana-yana yaşadı, yaşaya-yaşaya yandı.

Kamal yas mərasiminin çadırını kiçik ölçüdə qurmaq istəyənlərə belə demişdi: — Ay əzizlərim, siz bilmirsiniz ey, kim ölüb?.. Hürizad ölüb ey, Hürizad!

Yasına Ağdamdan Bakıyacan, Beyləqandan Bərdəyəcən, Ağcabədidən Tərtərəcən millət tökülüb gəldi. Axır günlərində məni çağırıb demişdi ki, ay bala, cənazəmı o biri bacım balaları qaldırar, sən cənazəyə girmə. Cənazəmin önündə şeir deyə-deyə gedərsən. Özünüz aparın, başqalarına əziyyət verməyin. Iki kilometr yolu elə apardıq quş kimi. Nə canı qalmışdı yazığın… Qup-quru qurumuşdu.

Hə, onu demədim axı, «cənazəni özümüz aparaq» deyəndə camaat az qaldı bizi öldürə. Heç yaxına qoymadılar. Amma mən cənazəyə girmədim. Eldən gedən el anasının vəsiyyəini yerinə yetirdim. Qəbristanlığacan onun sevdiyi şeirləri dedim.


«Yoxdu bir kımsə ki, qəmdə edə halımı sual,

Məni-bidil ki, belə bisəri-səhman gəldim».


«Bisəri-səhman» gedirdi. El dərdi başda huş, gözdə yaş qoymamışdı qala. Sonra başdaşına bircə bənd şeir yaza bildik:


Bu da başdaşındakı yazı:


Bizim dərdimizə sən sinə gərdin,

Biz sənin dərdinə nə edə bildik?

Sən bizi böyütdün, boy-buxun verdin,

Biz… ancaq şəklini büyüdə bildik…


Az qala yadımdan çıxmışdı. 2003 — cü ilin fevral ayında Həcc ziyarətində olanda, Kəbədə, sübh namazından sonra adından iki rikət namaz qıldım. Bilmirəm, belə şey olar ya olmaz, amma içimdən gəlmişdi, elədim. Gecə yuxuma girdi. Gənc, gözəl bir görkəmdə gördüm onu. Nə üzündə qırışlar var idi, nə də gözlərində qayğı… Ürəkdən gülürdü. «Səni bacım balalarının hamısının ağsaqqalı elədim». Etiraz elədim. Zülfüqar var, Barat var, Kamal var, mən hara, ağsaqqallıq hara? «Vaxt gələr, bilərsən».


Bərdənin Dəymədağlı kəndinin məzarlığında əsli Çəmənlinin Sarısöyünlü obasından olan bir ana məzarı var. Bura kim ziyarətə gəlsə, ilkin Hürizad xalamın məzarının üstünə gəlir, «fatihə» oxuyub, ruhuna Allahdan rəhmət diləyəndən sonra, öz doğmalarını ziyarət edirlər. El anasına elimizin-obamızın camaatı belə hörmət qoyur.

İndİ

Naşıya, nadana qul oldu canım,

Kim bilir, mən nələr çəkirəm indi?

Həsrətin odunda kül oldu canım,

Dərəyə, təpəyə çökürəm indi.


Qəm məni əridib, muma döndərib,

Bir ovuc torpağa, quma döndərib.

İsti göz yaşımı tuma döndərib,

Şoran düzlərimə əkirəm indi.


Vahidəm, fəryadım döndü ağıya,

Kim verdi fürsəti acgöz yağıya?

Cənnət məkanımı verib dığaya

Səhrada komalar tikirəm indi.

10.01.2020

Gəlİr

Bir xalı sərmişəm bulaq başında,

Yanıma yol alır, neçə iz gəlir.

Sürməli gözəllər süzüb, keçirlər,

İgidlər bu yerdə dizə-diz gəlir.


Söyüdlər üstümə sallayıb çətri.

Məst edir nanənin, yarpızın ətri,

Sinəmdə çağlayır nəğmənin sətri,

Ağ vərəq üstünə şirin söz gəlir


Vahid, içimdədi harayım, hayım…

Yanır, külə dönür məhəbbət payım.

Qayğımı çəkməyə yox əmim, dayım,

Nə Sakit yetişir, nə Çingiz gəlir.

06.12.2019

Ata yurduna

Hər səhər dönürəm sənli günlərə,

Mənə demədiyin nə sirrin qalıb?

Sənsiz yaşayıram əlli ilimi,

Hələ də üstümdə təsirin qalıb.


Adını özümə ad götürmüşəm,

Laləli düzündən od götürmüşəm.

Bağından, bağçandan dad götürmüşəm,

Canımda nəyindən kəsirin qalıb?


Hərdən yol alıram sən adlı yurda,

Nəslimin ruhları dolaşır orda…

Torpağa dönəcəm bilmirəm harda?

Sorarsan, hayanda yesirin qalıb?

07.02.2020

Ay badam ağacı

Yenə qar ələnib budaqlarına,

Ətrin də bürüyüb yalı, yamacı.

Bənzərsən yarımın yanaqlarına,

Ay badam ağacı, badam ağacı.


Hələ yuxudadır qarağac, qovaq,

Bəzənib gəlmisən bahardan qabaq,

Çılğın gəncliyimdən gətirdin soraq.

Ay badam ağacı, badam ağacı.


Köklədin Vahidi sözə, avaza,

İstədi şəninə bir nəğmə yaza…

Badam sovqatımı saxla payıza,

Ay badam ağacı, badam ağacı

21.02.2020

Ağdamım

Əhvalın necədi ay tənham, təkim?

Yolçusuz yollarım,

Dağılan səkim.

Sənin həsrətini nə qədər çəkim?

Yağının əlində əsir Ağdamım.


O solan, saralan üzün sevinmir,

Gözü yolda qalan gözün sevinmir…

Dağına qar yağır, düzün sevinmir,

Yoxluğun dilimi kəsir, Ağdamım.


Çətin bu yurd bizi bir daha ana,

Vahid, ürək gərək dərdə dayana.

Şahbulaq üzünü çevirib yana,

Məndən Çəmənlim də küsür, Ağdamım.

07.01.2020

Bayraq

Vətən göylərində yanan ümidum,

Hünər meydanında sirdaşım Bayraq.

Öz eşqim, öz canım…

Canımda odum,

Atam, anam Bayraq, qardaşım Bayraq.


Rəngin üç olsa da, qan rəngindəsən,

Qaçqın, köçkün də sən, didərgin də sən…

Zəfər döyüşündə ürəimdəsən,

Sənsən cəsarətim, savaşım Bayraq.


Vahidəm, hər zaman dilimdə sənsən,

Yurdumda, yuvamda, elimdə sənsən.

Nə qədər mən sağam, əlimdə sənsən,

Öləndə, ol mənim başdaşım, Bayraq!

09.11.2019

Sənİ sevmək üçün gəldİm dünyaya

Səni sevmək üçün gəldim dünyaya,

Şirinli, şoranlı dadını sevdim.

Meylimi salmadım Günəşə, Aya,

Sinəndən püskürən odunu sevdim.


Gəzdim dağlarında, gəzdim düzündə,

Min bir hikmət tapdım elin sözündə…

Ulduzlu gecəndə, al gündüzündə,

Həzin layla deyən qadını sevdim.


Vahidəm, köksümə sığsa da cahan,

Sənsiz dar gələrdi yer, göy, asiman…

Sənə anam dedim, Can Azərbaycan,

Canıma can qatan adını sevdim.

13.12.2019

Ömür kİtabımı vərəqləyirəm

Ömür kitabımı vərəqləyirəm,

Hələ ən dəyərli əsərim durur.

Sanıram, hissimi zəncirləyiblər,

Başımda nə qədər dərd-sərim durur.


Gəzirəm, o solan gülü gəzirəm,

Dərdimi anlayan Dəli ğəzirəm.

Qaçqın, köçkün düşən eli gəzirəm,

Önümdə məndən də betərim durur.


Günahı nə idi Ulu millətin?

Hər yerindən duran çeynəyir ətin.

Vahid, kimlər çəkir kimin qeyrətin?

Ortada sahibsiz bir Pərim durur.

07.02.2020

Adını özünə gerİ verİrəm

Adını özünə geri verirəm,

Bir zaman izinsiz qəsb eləmişdim.

Çöldə çiçəyini, bağda gülünü,

Öpüb, sevə-sevə vəsf eləmişdim.


Mən elə bilirdim sənin zərrənəm,

Gərək, əhatəndə dönəm, hərlənəm.

Mən hardan biləydim ögey törənəm,

Hardan doğmalığı kəşf eləmişdim?


Atdın tufanlara məni bir vədə,

Sahibsiz yurdumu taladı gədə…

Adımı, soyumu qoydun kölgədə,

Amma yola verib, əfv eləmişdim.


Ay Vahid, tükətmə quru nəfəsi,

Kimlərin sağ ikən batacaq səsi?..

Adam hesab edib çox filankəsi,

Allahım, nə qədər səhv eləmişdim?

08.10.2019

Yağı əlİndədİ Vətən torpağı

Kaş bir də təzədən qoynuna dönəm,

Dolanam yurdumda ağa, bəy kimi.

Ömrümün nəğməli anına dönəm,

Çağlayam tar kimi,

Yanam ney kimi.


Çıxmır xəyalımdan çeşməli dağı,

Çiçəkli çəməni,

Meyvəli bağı…

Süzüb piyaləyə gözümün yağın,

Çəkirəm başıma şirin mey kimi.

Vahidəm,…

İllərin könül dustağı,

Qəm deşir sinəmi bu xəzan çağı.

Yağı əlindədi Vətən torpağı,

Dayanıb baxıram hələ key kimi.

16.10.2019

Ay Vətən oğlu

Başın nələr çəkdi, ay Vətən oğlu?

Gah şahlar, gah bəylər döydülər səni.

Birləşə bilmədin qardaşlarınla,

Təkləyib, birbəbir əydilər səni.


Zülmə əyilmədin, asi dedilər,

Bir tikə çörək də bəsi dedilər…

Dünyanın ən böyük tərsi dedilər,

«Tatar», «barbar» deyib söydülər səni.


Saldı pəncəsinə səni ağ ayı,

Böldü iki yerə dənizi, çayı…

Çəkib öz qabına ən dadlı payı,

Şoran umuduna qoydular səni.


Sənə demədilər türk oğlu türksən,

İgidlikdə təksən,

Mərdlikdə təksən…

Dedilər, gözünün yaşını tök sən,

Zavallı müsəlman saydılar səni.


Qədim Qobustanda daşdadır adın,

Tarix kitabında başqadır adın.

Babəkin… Nəsimin…

Başdadır adın,

Doğradılar səni,

Soydular səni…


Vətənin, torpağın dardadı hələ,

Mahnıdan kar aşmaz!

silah al ələ…

Azad yurd bəxş elə gələn nəsilə,

Düşmənin «kürənlər», «hay» dılar sənin!

23.10.2019

Kaİnatın nİzamı

Bir dövrəni Haqq özü əvvəl böldü dörd yerə,

Hər dörddə üç-üç olur, bəllidi bu bəşərə.

Hər üç olan birini yenə bölüb dörd yerə…

Çoxdan açılıb bu sirr, bilinir nə fəzl var!


Dörd parçanın cəm adı el içində fəsildi,

Yaz, yay, payız, qış… adı haqqdan belə kəsildi.

Bu haqq-hesab, bu ölçü ibrətdi hər nəsilə,

Hər günündə, anında Hakimi Əl-Ədl var!


Haqq sevir, haqq bəxş edir bizə verdiyi payı,

Ya qız olsun ya oğlan, yox bənzəri, yox tayı…

Dolandı Ay, Gün yenə çatdı Məhərrəm ayı,

Bu ayda qəm kədər var, ölüm, itim, qətl var!


Ruha cəza verilməz, Ruh Təala özüdür,

Cismə bəxşiş verilən öz adı, öz izidir.

Günah bəşərə məxsus, yuyanı da gözüdür,

Hər damla göz yaşında min etiraf, əcr var.


Doqquz Səyyarə süzər Günəşin dövrəsində,

Həyat adlı gövhər var təkcə Yer kürrəsində.

Yol alar Yolçular tək Ulduzlar ölkəsində,

On üç illik yolunda min-min qürub, fəcr var.


Allah təkdi, — Hökmündə Yer üzü, həm Göy üzü,

Odur şəfqət dəryası, sevgi, rəhmət dənizi,

Yaradan da Özüdü, yaşadan da tək Özü,

Hikməti də, Sirri də xəlq eləyib nə cür var!


Gövhər yaradar Rəbbim bircə damla saf sudan,

Sədəfin hikmətini dərk et, ayıl uyğudan.

Yazdı Şeyxi-Füzuli, gözü doldu duyğudan,

Şəninə tərif deyən gör nə qədər can, dil var.


Vahidəm, belə duydum Kainatda nizamı,

Yalan desəm, Haqq verər layiq olan cəzami.

Vətənin övladıyam, ulu babam Nizami,

Məndə şair ürəyi, bir nəğməli könül var.

30.09.2019

Nədİkİ

(qəzəl)

Bu qədər qəm çəkir aşıq, səbəbi qəm nədiki?

Qəm çəkən qəmbaz olar, qəmdə Əqlikəm1 nədiki?


Damla-damla əriyər can gözümün yaşı ilə,

Şəm ilə etmə qiyas, mumdan olan şəm nədiki?


Çəkilim xəlvətə yar, ismini zikr etmək üçün,

Mənə bir hücrə gərək, zülmət olan ləm nədiki?


Bu dərdin əncamı var, gələndə yar hasil olar,

Ahını zildən elə, bəlkə duya, bəm nədiki?


Şükr elə Haqqa hər an, ömür verən bəxt də verər,

Əqlə hacət yox isə, onda olan kəm nədiki?


Hərə öz halı ilə cəmdə olar sübhə qədər,

Sübh olar, cəm dağılar, kim soruşar cəm nədiki?


Var idi Vahidimiz, sadiq idi ilqarına,

Pir olan yerdə deyin, Vahidi-sərsəm nədiki?

25.10.2019

1. Şair İlqar Əqlikəm

Dostum Çİngİzə

Yüzdən az yaşamaq sənə günahdı,

Bu başdan günaha batma, əziz dost.

Sən xəstə…

Bizim də işimiz ahdı,

Sağlam ol,

Heç xəstə yatma əziz dost.


Sözlərin tikanlı, ürəyin ipək,

Sənintək insanlar tapılar tək-tək.

Dərdini sel alsın, aparsın külək,

Ardınca yüyürmə, çatma, əziz dost.


Vahidi qərq etdin kədərə, qəmə.

Əcəlin əlində çevrilmə yemə.

Yaşım çoxdu demə,

Vaxtımdı, demə,

Suyu aşımıza qatma, əziz dost…

26.10.2020

Adam

Sözlərin üstümə qar kimi yağır,

Qarla dəfn edirsən məni, qar adam.

Baxışım ağırdı, ya daşım ağır,

Ya sənin bir başqa dərdin var, adam?


Kələklə gələnlər küləklə gedər,

Kamanla gələnlər tütəklə gedər…

Yanına hər gələn istəklə gedər:-

«Sürtülmüş üzünü görsün gor, adam».


Nədir, yedirdiyin bu acı mənə?

Kədəri eylədin baş tacı mənə.

Tək Allah bəxş edər əlacı mənə,

Sən məni görməzsən, gözü kor adam.


Ömür keçib gedər öz davamında,

Sonu sülhə gələr hər davanın da…

Görərik, bir zaman Haqq divaninda,

Kimin təpəsinə yağar qor, adam?


Ay Vahid, ruhuna sarıma qara,

Nə qədər söz desən kar etməz kara.

Çoxları sözündən çəkilib dara,

Toxuma özünə sözdən tor, adam!

08.11.2019

Sevgİdən de, sevgİdən yaz

Sevgi sözdə olsa idi,

Kim sevərdi aşinanı?

Kim duyardı köç edəni,

Özgə yurda daşınanı?..


Sevgi Haqqa olur, dədə!

Hər gün Haqqın haqqın ödə…

Öz nəfsini güdə-güdə,

Sevib, seçmə aşınanı.


Sevgi ilə xoşdur avaz.

Könül olar sədəfli saz…

Vahid, sən də sevgidən yaz,

Çox qaşıma qaşınanı…

15.11.2019

Görüş

04.11.2019-cu ildə doğma Çəmənli məktəbində keçirdiyim görüşə həsr edirəm


Bu da həsrətində olduğum görüş;

Bu da doğma üzlər,

Doğma baxışlar…

Çiçək dənizinə dönüb ürəyim,

Məni sevənlərə çələng bağışlar.


Hardasan, könlümü ovlayan gözəl?

Dəlitək çöllərə qovlayan gözəl…

Bir zaman başımı tovlayan gözəl,

Hələ də gözümdən yağır yağışlar.


O kimdir, büzşüb, oturub küncdə?

Gözləri gözümdə, əlləri dincdə.

Nə şirin baxış var, Allah, bu gəncdə,

Çəkir ürəyimə zərif naxışlar.


Üzümə açıqdı burda hər qapı,

Nənə, babaların bal kimi gapı…

Könlüm aram olur, əminlik tapır,

Çətin, ürəyimdə bir də qış qışlar.


Ərəstun müəllim nələr etmədi?

Heyif, çoxlarına əlim yetmədi…

İsti ölkələrə köçüb getmədi,

Yolumu gözləyən köçəri quşlar.


Seyr etdim yurdumu Sarı təpədən,

Ruhum uçub getdi, qaldı boş bədən.

Bəs sahib çıxmadıq Sizlərə nədən,

Ay qocaman dağlar, qayalar, daşlar?..


Kim deyir, nə vardı qaldı köhnədə?

Ay Vahid, su gəlir hələ dəhnədən…

Həmən məktəbdəsən,

Həmən səhnədə,

Yenə əvvəlkitək qopur alqışlar…

15.11.2019

Rübaİ

Sel gəldi, uçurdu bərəni, bəndi,

Qərq etdi sulara şəkəri, qəndi.

Bir axsaq yabıya çevrildi ömrüm,

Kim mənə sırıyıb bu kor nalbəndi?

Günlərİn

Əlimdən qum kimi süzülüb axdı,

Hesabı qum qədər olan günlərin…

Ağrısı, acısı canını yaxdı,

Vədəsiz açılıb solan günlərin.


Üzürəm, dəryanın qırağı gəlmir,

Ağaran saçların darağı gəlmir…

Hardadı dostlarım?

Sorağı gəlmir

Şirin vədlər ilə dolan günlərin…


Ay Vahid, and içir saxta adamlar,

Üşüdür canını şaxta adamlar.

Macal vermirlər ki, taxta adamlar,

Ucundan kəsirlər qalan günlərin…

18.11.2019

Atraksİona yağış yağır

Burda baharla xəzan

Dayanıblar yanaşı.

Atraksion meydandır,

Gedir fəsil yarışı.


Həsrəttək əyləncəyə,

Bir xallı gəlinciyə…

Təbiət yelləncəyə

Tökür narın göz yaşı.


Günəş, oynat telləri,

Dəstələ tər gülləri,

Körpə şirindilləri

Yenə də bura daşı…

Yaz, ara

Sənin əhvalını pozanlar pozub,

Nə fərqi, ya Zalım, ya yaz, ya Zara…

Sevgini özünə yasaq elədin,

Sevgisiz zindandı həyat yazara.


Çəməndə çiçəyi bağlarda barı,

Görmürsən, — dövrənə çəkmisən barı.

Dostların sorsaydı halını barı,

Deməzdin, indi yox, məni yaz ara..


Bilirəm, xəzandı halın nasazdı,

Atəşin tükənib, yoxsa nas azdı?

Görürsən, Vahidin keyfi nə sazdı?

Adına təzə bir dastan yazar, a…

23.11.2019

Sobada odun yox

Sobada odun yox…

Odum da yoxdu,

Bəlkə… bu sobanı yaxıb gedəsən.

Çaydana tökməyə suyum da yoxdu,

Bəlkə… çaydanıma axıb gedəsən.


Hasarlar əyilib, haçası üçüb,

Evimin divarı, bacası uçub…

Şeirimin misrası, hecası uçub,

Bəlkə… vərəqləri yığıb gedəcən.


Bilmirəm, başımda ta nələr oynar?

Bağımda yel əsər, yengələr oynar.

Quru torpaq üstə kölgələr oynar,

Bəlkə… yağmur kimi yağıb gedəsən.


Bağda bağlı qalıb qara Bəyənək,

Çürük salxımlardan əyilib tənək.

Naxırdan qayıdıb Sarıqız inək,

Bəlkə… bu inəyi sağıb gedəsən.


Mən özüm hardaym, xəyalım harda?

Yetmir harayıma ana da, yar da.

Nə işin var idi özgə diyarda?

Niyə xatirəyə sığıb gedəsən


Vahid, bu xəzana bağladın ümid,

Xəzan keçib getdi, qoydu naümid…

Vallah, mən deyiləm sən gəzən igid,

Bəlkə…

Vədəsində çıxıb gedəsən?

25.11.2019

Gəlİr

Бесплатный фрагмент закончился.

Купите книгу, чтобы продолжить чтение.