16+
Qısa həyat hekayələrim

Объем: 38 бумажных стр.

Формат: epub, fb2, pdfRead, mobi

Подробнее

Müəllif haqqında

Rza Əli oğlu Hüseynov Mirzadə 3 yanvar 1970-ci ildə Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur.

1978-85-ci illərdə Alıqulu kənd səkkiz illik məktəbində, 1985-87-ci illərdə Pircahan kənd orta məktəbində təhsil almışdır.

1987-ci ildə Pircahan kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

1988-90-cı illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur.

1992-ci ilin fevralından həmin ilin avqustuna qədər könüllü olaraq Laçın ərazi müdafiə batalyonunda qulluq etmişdir.

1997-ci ildə İstanbul Universitetinin Meşəçilik fakültəsini bitirmişdir.

Ailəlidir, iki övladı, bir nəvəsi var.

Həyatımdan qısa hekayələr

Hekayə 1

Altıncı sinifdə oxuyurdum. Atamın və müəllimlərimin məsləhəti ilə, Rus dilini daha yaxşı öyrənmək üçün, o vaxtlar dəbdə olan məktəblərarası məktublaşmalardan istifadə etməyə qərar vermişdim.

Təsadüfən Rusiyanın Altay diyarının Novoaltaysk şəhərindən Svetlana adlı bir qızla məktublaşırdıq. Məktubları yazmaqda təbii ki, atam mənə çox kömək edirdi.

Bir gün Svetlanadan təzə məktub almışdım. Məktubun axırında Svetlana yazmışdı ki, «seluyu tebya».

Mən də bu sözü ilk dəfəydi eşidirdim.

Atama bu sözün mənasını soruşdum. Atam dedi ki, səni opürəm deməkdir.

Elə utanmışdım ki…

Cavab yazanda atam məcbur elədi ki mən də eynisini yazım.

Yazmışdım yazmağına, amma öz otağıma keçib utandığımdan bilmirdim nə edim…

Hekayə 2

Məktəb illərimdən bir hadisəni sizinlə bölüşəcəm.

Mən yeddinci sinifin yarısına qədər öz kəndimizdə, yəni Laçın rayonunun Alıqulu kəndində oxumuşam.

Anam da bu məktəbin müəllimlərindən biri idi və mənim ilk müəllimim də anam olmuşdu.

Məktəb illərimin bu hissəsini çox dəcəl keçirmişəm. Xüsusi ilə də yeddinci sinifdə oxuyanda artıq çətin idarə olunan bir şagird olmuşdum.

Məktəbin ən yaxşı oxuyan şagirdlərindən biriydim (təvazökarlıqdan uzaq da olsa). Ona görə də müəllimlərim və məktəb rəhbərliyi dəcəlliyimin çoxunu buna bağışlayırdılar.

Ancaq, həmin il (yeddinci sinifdə oxuduğum il) yanvar ayının ortalarında coğrafiya müəllimimə qarşı kobud bir səhv etdim (bu hərəkətimə görə indi də xəcalət çəkirəm. Müəlliməmdən dönə-dönə üzr istəyirəm) və axşam evə gəlib atama, artıq öz məktəbimizdə oxumaq istəmədiyimi bildirdim.

Təbii bu bir tələb yox, xahiş idi. Atam mənə çox inanırdı. Amma yenə də, «sən başqa məktəbdə daha yaxşı oxuyacağına inanırsan» deyə soruşdu. Mən də «bəli» deyə cavab verdim.

Atam elə o axşam qonşu Pircahan kəndindəki (atam da həmin kənddə iyirmi ilə yaxın idi ki poçtun müdiriydi) orta məktəbin direktoruna zəng vurdu. Vəziyyəti ona danışdı və mənim həmin məktəbdə oxumaq istədiyimi bildirdi.

Məktəbin direktoru çox hörmətli Əlövsət müəllim idi. Atamın xətirini çox istəyirdi. Əlövsət müəllimin cavabı bu oldu: «lap yaxşı eləyir Əli dayı, sabah gəlsin dərsə başlasın».

Fevral ayının on üçü Pircahan kəndindəki orta məktəbə ilk dərsə getdim.

İlk dərsimiz ədəbiyyat dərsi idi. Ədəbiyyat müəllimim öz qonşumuz və qohumumuz Tünzalə müəlliməydi. Bir-birimizi yaxşı tanıdığımız və müəllimin mənim necə oxuduğumu bildiyi üçün dərs çox rahat keçdi.

Ancaq, onu da qeyd edim ki, bizim kənd məktəbi səkkiz illik olduğu üçün, bizim kənddən Pircahan kəndinə adətən doqquzuncu sinifdən oxumağa gedərdilər.

Mən bizim kənddən ilk (və yəqin ki tək) şagird idim ki, yeddinci sinifdən Pircahan kənd orta məktəbində oxuyacaqdım.

İkinci dərsimiz rus dili dərsi idi.

Müəllimimiz Namət müəllim sinifə girdi ve salamlaşdıqdan sonra mənə çox da xoş olmayan bir üz ifadəsi ilə, «Rza, sizin kənddən bura hamı doqquzuncu sinifə oxumağa gəlir, yəqin sən çox yaxşı oxuyursan ki, doqquzuncu sinifə qədər gözləməyə hövsələn çatmayıb».

Mən də eləməyib təmbəllik, bir az da təbii olaraq bəli cavabını verdim.

Müəllim bir az pərt oldu və mənə sərt bir şəkildə «indi yoxluyarıq» dedi.

Qısaca, həmin gün dərsdə mən həmin günə qədər rus dili fənnindən keçdiyimiz mövzuların hamısından suallara cavab verməli oldum.

Yəqin ki, cavablarım müəllimimi qane etmişdi ki, dərsin sonunda, müəllimim üzünü mənə çevirib: «Hə, Rza doğrudan da sən yaxşı oxuyurmuşsan. Hazırlaş, bu il olimpiyadada məktəbimizi sən təmsil edəcəksən».

Atam icazə vermədiyi üçün (ümumiyyətlə atam olimpiyadalara qarşı idi) olimpiyadaya getmədim, amma indiyə qədər də, mən həmin o dəyərli müəllimimin sevdiyi şagirdlərdən biri olduğuma inanıram.

Hekayə 3

Orta məktəbin onuncu (axırıncı) sinifində oxuyurdum. O vaxtlar başım dərslərə və evin sonbeşiyi olduğum uçün də ev işlərinə qarışmışdı.

Təbii ki, eşqlə məşgul olmağa vaxtım yox idi (yaxın dostlarım deyəcəklər ki, bu elə o vaxtdan məhərrəmlikmiş — zarafat).

Ancaq, görünür biriləri varmış ki, məni bu maraqlı intrigaya çəkməyə çalışırmış.

Bir gün sinifdə dərsdə idik. Məktəb üzrə növbətçi bzim sinifə gəldi və dərs hissə müdirinin məni çağırdığını dedi.

Dərs hissə müdirimiz Nailə müəllimə yaxşı bir xanım idi. Məni də lap uşag vaxtlarımdan tanıyırdı və çox istəyirdi. Mən uşaq olanda, Nailə müəllimə bizim kənddə işləmiş və bizim evimizdə çox olmuşdu.

Otağına girdim. Mənə soyug baxdı və «bu nə oyundu çıxarmısan, heç utanmırsan» deyə hirsli-hirsli soruşdu.

Mən çaşıb qalmışdım. Çunki, ilk dəfəydi Nailə müəllimədən haqqımda belə sözlər eşidirdim. Həm də, o vaxtlar deyilənə görə məktəbin ən yaxşı oxuyanlarından və intizamlılarından biri mən idim.

Müəllimə nə olub axı, mən neyləmişəm, deyə soruşdum.

«Guya bilmirsən nə olub?» deyə qarşı sual verdi.

Xeyr bilmirəm, deyə cavab verdim.

Mənə yaxınlaşdı. Əlində bir məktub vardı.

«Altıncı sinifdə oxuyan filan qızın sənə yazdığı bu məktubu sizin sinifin qızları sənin kitablarının arasından tapıblar» dedi.

Nailə müəllimə, vallah mənim xəbərim yoxdu, dedim ve deyəsən müəlliməni inandırmışdım.

Eyni soyuglug, amma bir az daha yumuşaq ifadə ilə «yaxşı get dərslərinlə məşqul ol» dedi…

Sinifə qayıtdım. Tənəffüsdə məlum oldu ki, altıncı sinifdə oxuyan «filankəs» mənə məktub yazıb partamın üstündəki kitabın arasına goyub. Necə olubsa, bizim sinifin gızları da bunu görüb dərs hissə müdirinə çatdırıblar…

Bu aldığım (məktubda nə yazıldığını hələ də bilmirəm) ilk eşq məktubu idi…

Hekayə 4

1988-ci ilin sentyabr ayı idi. Sovet ordusunda üç ay idi ki xidmət edirdim.

Mən çox ciddi rejimi olan strateji əhəmiyyətli raket qoşunlarında (SƏRQ), qırxıncı məxfi qoruma batalyonunda xidmət edirdim. Hər gün çox yorucu təlimlər keçirdik. Təlimlər əsasən praktiki olurdu. Teorik təlimlərə az vaxt ayrılırdı. Bir gün yenə hərbi hissənin ərazisində müdafiə təlimlərindəydik.

Növbətçi əsgər qaçaraq bizim yanımıza gəldi və bizim serjanta, poliqon komandirinin muavininin gələcəyini, ona görə də təcili kazarmaya dönməyimizi çatdırdı.

Bizi təcili kazarmaya gətirdilər. Lenin otağına doldurub teorik dərs keçməyə başladılar. Bir azdan poligon komandirinin birinci müavini general mayor Makareviç (sonradan onun Azərbaycanlıları heç sevmədiyini öyrəndim) gəldi.

Çox zəhmli komandir idi. Lenin otağında otuza yaxın təzə əsgər var idi. Makareviç bir neçə sual verdi və suallara özü seçdiyi əsgərlərin cavab vermələrini istədi.

Növbəti sualı «kalaşnikov avtomatının hissələri hansılardır» sualı idi.

Mən əlimi qaldırdım. Sualın cavabını yaxşı bilirdim. Çünki atam bir neşə il hərbi hazırlıq müəllimi işləmişdi və biz ailəcə hərbi məsələlərdə məlumatlıydıq.

O biri əsgərlərin pis cavablarından general çox dilxor olmuşdu.

Bizim qərargah rəisimiz mayor Çistyakov lap pis gündəydi. Çistyakov yaxşı komandir idi. Bu hadisədən bir neçə gün əvvəl mənimlə söhbət etmişdi. Laçınlı olduğumu öyrənmiş və Ermənistanla olan münasibətlər haqqında məndən məlumat almışdı.

Yəni, bu adamla çox az müddət tanış olmağımıza baxmayaraq, onda bizim xalqımız haqqında müsbət fikir yaranmışdı.

Nə isə, Çistyakov mənim əlimi qaldırdığımı gördü və Makareviçə «yoldaş general baxın Azərbaycanın Dağlıg Qarabağ bölgəsindən olan sıravi Hüseynov cavabı bilir» dedi.

Makareviç sərt baxışlarını mənə çevirdi və «hə, onda cavab versin görək» deyə dilləndi.

Allaha çox şükür ki, avtomatın hissələrini asanlıqla saydım.

Makareviç mənim bunu hardan bildiyimi soruşdu. Mən də həm orta məktəbdə, həm də burda öyrəndiyimi dedim. «Burda sizə belə şeylər öyrədirlər» deyə soruşdu. «Bəli öyrədirlər», dedim.

Mənim suala düzgün cavabım Makareviçi əsəbilşdirmişdi. Ancaq o bir hərbçi idi və öz vəzifəsini yerinə yetirərək Çistyakova tərəf çönüb əmr verdi: «Bu əsgərə mənim adımdan, şəxsi işinə yazılmaqla təşəkkürnamə verilsin».

Çistyakov çox sevinmişdi. General getdikdən sonra məni otağına çağırtdırıb suala düzgün cavab verdiyimə və onu pis vəziyyətdən çixardığıma görə mənə təşəkkür etdi.

Xidmət etdiyim 2 il ərzində mayor Çistyakov mənim bu «yaxşılığımı» heç unutmadı.

Hekayə 5

Universitetdə oxuduğum vaxtlardı. Səhv eləmirəmsə üçüncü kursdaydıq və rəsmxət dərsi alırdıq.

Müəllimlərimizdən biri o vaxt dosent Mesut Hasdemir idi. Bu müəllim ilk günlər mənim xoşuma gəlmirdi. Elə bil ki bir az acı dilli idi.

Nə isə, üçüncü və ya dördüncü həftə idi. Biz rəsm çəkərkən müəllim başladı bəzi fəlsəfi aforizmlər söyləməyə. Bu aforizmlər də əsasən yunan filosoflarina aid aforizmlər idi. Mənə Sokratın məşhur bir deyimini söylədi və bunun kimə aid olduğunu soruşdu.

Mən cavabı bilmədim. Müəllim bir neçə əlavə sual da verdi. Mən həvəssiz şəkildə bildiklərimin cavabını verdim.

Amma, pis olmuşdum. Ona görə yox ki, aforizmin kimə aid olduğunu bilməmişdim. Ona görə ki, tarixi yazan bir xalq olaraq biz Türklər, çox vaxt başqa millətlərin dəyərlərini öyrənməyə can atırıq.

Müəllim suallarını bitirdikdən sonra mən dedim ki, hocam olar mən də sizə bir sual verim.

Dedi, olar, buyur.

Nizami Gəncəvinin «kamil bir palançı olsa bir insan, yaxşıdır yarımçıq papaqçılıqdan» kəlamını indiki Türkçəyə çevirib müəllimdən bu kəlamın kimə aid olduğunu soruşdum.

Müəllim cavabı bilmədi. Mən də ona dedim ki, hocam yaxşı olar ki, biz əvvəlcə öz dahilərimizin bizə əmanət buraxdıqları bu gözəl kəlamları öyrənək və onlardan dərs alaq.

Mənim hərəkətim müəllimimin xoşuna gəlmişdi. Universiteti bitirincəyə qədər bu müəllimə arada bir bizim dahilərin bildiyim kəlamlarını xatırladırdım. O da böyük maraq və həvəslə mənə qulaq asardı.

Hekayə 6

1995-ci il idi. Universitetin üçüncü kursundaydım. Dərslərimə çox həvəs göstərirdim. Arzum yaxşı bir meşə mühəndisi olub, Azərbaycan meşələrini indiki acınacaqlı vəziyyətdən xilas etmək üçün çalışmaq idi.

Diplom işimi də Azərbaycanda endemik (təbii olaraq sadəcə Azərbaycanda yetişən) olaraq bitən Eldar şamı (Pinus eldarica) və ya Dəmir ağacı (Parrotia persica) ilə əlaqədar hazırlamaq istəyirdim.

Bu fikrimi çox hörmət etdiyim, botanika kafedrasının ən dəyərli müəllimlərindən biri olan hocamız Prof. Dr. Burhan Aytuğa bildirdim.

O da Eldar şamını seçməyi məsləhət gördü.

Həmin ilin yazında fakultəmizdən Azərbaycan Meşə Nazirliyinə diplom işimin hazırlanması üçün mənə kömək göstərilməsinə dair bir xahiş məktubu götürüb Bakıya gəldim.

Nazirlikdə kəndçimiz, çox hörmətli, rəhmətlik Əhliyət müəllim mənə lazımi məlumatlarla köməkdarlıq etdi və məni Azərbaycan Elmlər Akademiyası Botanika institutunda işləyən Akademik İbrahim Səfərovun yanına göndərdi.

Badamdardakı botanika institutuna getdim. Bir xeyli gözlədikdən sonra İbrahim müəllimlə görüşə bildim.

Çox qocalmışdı. Güclə yeriyir və qulaqları artıq zəif eşidirdi.

Mən, özümü təqdim etdim. İbrahim müəllimdən Eldar şamı haqqında məlumat almaq istədiyimi, bu məlumatın mənə diplom işi üçün lazım olduğunu bildirdim.

Бесплатный фрагмент закончился.

Купите книгу, чтобы продолжить чтение.