12+
Dəli Çəmənli

Объем: 442 бумажных стр.

Формат: epub, fb2, pdfRead, mobi

Подробнее
Vahid Çəmənli

«Dəli Çəmənli» adlı kitab şairin oxuculara təqdim etdiyi ikinci kitabdır. Təxəllüsü Vahid Çəmənli olan Vahid Valeh oğlu Qasımov 27 iyun 1956- cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Atası Qasımov Valeh mahir aşıq olub. 40—50-ci illərdə, çox kiçik yaşlarında Çəmənlidə və ətraf kəndlərdə toy məclislərini idarə etmişdir. Atasının tez-tez evində təşkil etdiyi sazlı-dastanlı gecələr məclisləri Vahid Çəmənlinin həyatında dərin izlər buraxmışdır. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirmişdir. 1975—77 ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1980-cı ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş, uzun müddət Dövlət Statistika Komitəsinin nəzdində olan Ümumittifaq Dövlət Layihə-Texnoloğiya İnstitutunda işləmişdir. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olur. Dövri mətbuatda tez-tez şeirləri çap olunur. 2011-ci ildə onun «Nə ömürdü, yaşadım» adlı şeirlər kitabı çapdan çıxmışdır. Bakı şəhərində yaşayır. Evlidir, iki oğlu var. Hal-hazırda şair-yazıçı Vahid Çəmənli müxtəlif mövzuda yazılar üzərində işləyir. Ümidvarıq ki, şair yaxın zamanlarda yeni şerlər kitabı ilə sizin görüşünüzə gələcəkdir.

Minnətdarlıq

Mənim əzizlərim; — dostlarım, qohumlarım, qonşularım, vətənimin övladları! Sizə müraciət edirəm. Hərvaxtınız xeyir!..Bilirəm, bəziləri bu kitabı görəndə adından təəccüblənəcək, bəziləri açıb vərəqləyəcək, bəziləri şəkillərinə baxıb təzədən yerinə qoyacaq. Amma siz, bir neçə manat halal qazancından keçib bu kitabı alanlar, mənim sözüm sizədir.

Mənim əzizlərim, bu kitaba qəlbimin bir parçasını qoymuşam. Elə siz də onun səhifələrində qəlbinizin bir parçasıni tapa biləcəksiniz. Bilirsinizmi niyə? Ona görə ki, bu kitab Çəmənli kəndinə, onun insanlarına, bir Çəmənli övladının keçirdiyi hiss — həyəcanlarına həsr olunduğuna baxmayaraq, ucsuz bucaqsız vətənimizin hər bir kəndinə aid ola bilər. Hər bir kəndimizin daşı -torpağı müqəddəsdir, çünki hər qarış torpağımız igid ata babalarımızın qanı ilə suvarılıb. Hər daşın altında bir aslan yatır.

Kitabda uşaqlıq xatirələrinə çox yer verillib. Bu da təbiidir. Uşaqlıq dövrü ömrümüzün ən şirin dövrüdür. Uşaqlıq dövrü gördüklərimizin, duyduqlarımızın, yaşadıqlarımızın yaddaşımızda silinməz izlər buraxdığı dövrdür, fikirlərimizin formalaşdığı dövrdür, — ona görə də şirindir, dadlıdır.

Hər deyilən sözdə bir ilahi güc, hər yazılan yazıda bir tarix yaşayır. Mənim dünyanın tarixi ilə bir işim yoxdur. Qoy, dünyanın tarixini dünyada yaşayan insanlar yazsın. Dünyanın xəritəsində kiçicik bir nöqtə olan, lakin sevgisi köksümə sığmayan doğma Çəmənlimin tarixi mənim ruhuma daha yaxındır. Düzdür, hər deyilən söz bir tarixdir, amma mən tarix yazmamışam. Mən, Çəmənlidə mənimlə bir zamanda yaşayan insanların sevgisindən söz açmışam. Kiçicik bir zaman kəsiyində gördüklərimdən, duyduqlarımdan yazmışam. Əminəm ki, kəndimin gələcək övladları bu ənənəni davam etdirəcək.

Kitabın hər sətrini oxuyanda üzünüzə xoş təbəssüm qonacaq, xəyalların qanadlarında öz kəndinizə, öz uşaqlığınıza dönəcəksiniz. Bu kitabı öxuduğunuz dəqiqələrdə mən də sizinlə olacam, sizinlə sevinəcəm, sizinlə kədərlənəcəm.

Amma kədərimiz az olacaq. Lap az… Olan da sadəcə təəssüf hissi:

— Aman Allah, ömür nə tez keçdi…

Bayaq dedim ki, əlinizdə tutduğunuz bu kitab yaşadığım, duyduğum həyatın bir parçasıdır. Bu həyatın müxtəlif anlarında mənimlə yanaşı addımlayan insanların zəhməti var burda… Hər kəsdən bir söz, bir cümlə, bir fikir ərəsəyə gətirib bu kitabı. O insanları bir-bir xəyalımda canlandırır, içimdə pöhrələyən minnətdarlığımı onlara bildirmək istəyirəm.

Ən birinci, məni dünyaya gətirən, duyğulu böyüdən anam Pərizada, atam Valehə bir övlad minnətdarlığımı bildirirəm.

Çəmənli torpağında doğulan, yaşayan hər bir həmkəndlimə sevgilərim, sayğılarm sonsuzdur. Mənim müasirlərim, ağsaqqallarım, ağbirçəklərim sizə minnətdaram. Həyatımın ən gözəl anları sizinlə bağlıdır. Sizin hər birinizi görəndə sevindiyim qədər heç zaman belə sevinməmişəm. Sizin hər biriniz mənim könlümün tacısınız. Mən sizi çox sevirəm.

On il nazımı çəkə-çəkə mənə elm öyrədən, tərbiyələndirən sevimli müəllimlərim Musa müəllimə, Səlbi müəlliməyə, Qara müəllimə, Bayram müəllimə, Kamil müəllimə, Şəmsəddin müəllimə, Sabir müəllimə, Xosrov müəllimə, Fərzəliyev Allahverən müəllimə, Paşayev Allahverən müəllimə,, Məmməd müəllimə, Zülfüqar müəllimə, məndə rus dilinə maraq oyadan İsmayıl müəllimə, Quliyev Musa müəllimə, Eyvaz müəllimə — bir sözlə, məktəbimizin bütün müəllimlərinə dərin minnətdarlığımı bildirirəm.

Şerlərini sevə-sevə oxuduğum, mənim qəlbimdə şerə, sənətə dərin məhəbbət oyadan, ilk şerimin ilk oxucusu Şahmar Əkbərzadəyə dərin minnətdarlığımı bildirirəm.

Uzun illər mənimlə dostluq edən, ən çətin anlarımda yanımda olan, dərd-sərimi bölüşdüyüm səmimi insan — dostum Mahir Hacıyevə dərin minnətdarlığımı bildirirəm. Əziz dostum, bu kitabın hər vərəqində, hər sətirində sənin səsin, sənin incə, mehriban qəlbin yaşayır.

İllər boyu mənimlə çiyin-çiyinə çalışan, gündəlik qayğılarımla maraqlanan, dərdimə şərik olan, sevincimə sevinən iş yoldaşlarıma minnətdaram. Şairi yaşadan diqqətdir. Həmişə mənə qarşı diqqətli olmusunuz. Sizinlə həyatda üz-üzə gəldiyimə görə, ömrümün enişli-yoxuşlu yollarında sizinlə birgə addımladığıma görə çox xoşbəxtəm.

Mömin ziyalı kimi sevib, xatirini əziz tutduğum Mir Yusuif Ağaya minnətdaram. Sizinlə olan ünsiyyətim mənim qarşımda yeni mənzərələr açdı. Ağdam camaatının sizə olan sayğıları sonsuzdur. Siz öz səmimiyyətinizlə Qarabağ torpağının ən urvatlı məkanı olan Seyid Lazım Ağa ocağının nurunu artırır, onu daha da şərəfləndirirsiniz.

Kitabın ərəsəyə gəlməsində təmənnasız olaraq böyük fədəkarlıq göstərən əziz ellim, şair-publisist Vidadi Ağdamlıya dərin minnətdarlığımı bildirirəm.

Bundan başqa, kitabın ərəsəyə gəlməsində maddi yardımını əsirgəməyən dostum, sinif yoldaşım Allahverən Əliyevə öz minnətdarlığımı bildirirəm.

Həyat yoldaşım Təranə xanıma, övladlarım Valehə, Aydına dərin minnətdarlığımı bildirirəm. Siz olmasanız bu kitab da olmazdı. Səbrinizə, sevginizə, sayğınıza görə çox sağ olun.

Əziz oxucularım, sizə minnətdaram. Oxuduğunuz sətirlərdə qəlbinizi oxşayan tək bir cümlə olsa, deməli zəhmətim hədər getməyib.

Sizin Vahid Çəmənli.

Ön söz

Mən, Vahid Cəmənlinin”Dəli Çəmənli» kitabının əlyazmasıni oxuyandan sonrabu kitaba ön söz yazmağı özümə borc bildim. Belə qənaətə gəldim ki, bu kitab qəriblikdə çırpınan bir ürəyin döyüntüləridir. Doğma Qarabağa sevgi və həsrət bu kitabdakı hər bir yazının əsas sujet xəttidir.

23 iyul 1993 cü ildə Ağdam şəhəri və ona yaxın olan kəndlər işqal olduqdan sonra, Çəmənli kəndi də döyüş bölgəsinin qaynar nöqtələrindən birinə çevrilmişdi. Qarabağın işğal olması, Çəmənli kəndinin hər gün düşmənlər tərəfindən atəşə tutulması şairi narahat etmiyə bilməzdi. Bəli, bu kitab yuxusuz gecələrin, Vətən həsrətini çəkən bir şairin ürək çırpıntılarıdır.Kitabda müxtəlif mövzuda yazılan əsərlərdə dil, üslub xüsusiyyətləri gözəl işlənmişdir. Əsərdən görünür ki, şair harda olur olsun, hətta vətəndən uzaqda da olsa belə, həmişə gözləri Qarabağı gəzmiş, onunla nəfəs ala-ala yaşamışdır. Vahid Çəmənli özünü Vətənin bir damlası kimi görür və dediyi kimi damla dənizə can atdığı kimi, o da hər an Vətənə qovuşmağa can atır. Kitaba «Lə ilahə İllallah”kəlməsiylə başlayan Vahid Çəmənli, ümidini Allah dərgahından üzmür. Məhz buna görədir ki, kitab, Ağdamın tanınmış seyidlərinin biri olan Seyid Lazım Ağaya xitabən yazılan misralarla başlayır. Şair Ağdamı, Ağdam məscidini düşündükgə için-için yanır və dərdini kağıza köçürməklə ürəyini boşaldır. Lakin Qarabağ torpağı, doğma Ağdam azad edilməyincə şairin ürək yanğısı soyuyan deyil. O inanır ki, çox yaxın bir zamanda bütün Qarabağlılar kimi, onun da həsrəti bitəcək, doğma ocağına — Qarabağaına, Ağdamina qovuşacaqdır.

Bundan başqa, şair, yazılarında ata-ana, qardaş-bacı, insan sevgisini, onların bir-birinə sadiqliyini gözəl çalarlarla işləmişdir. Bu indiki gənclər üçün də bir həyat dərsidır. Əsərlərin birində şair Vətən bayrağını müqəddəs tutan igid qəhrəmanlarımızdan olan, Ramil Səfərovdan da söz açır. Vətən övladlarını Vətənə, üçrəngli bayrağımıza sadiq olmağa çağırır. Mən deyə bilərəm ki, bu kitab çoxşaxəli, hər bir gəncə lazım olan bir kitabdır. Kitabdakı əsərlər çox rəvan Qarabağ ləhcəsində yazılıb. Ümidvaram ki, Vahid Çəmənli bu cür yazılarla bizi hələ çox sevindirəcək.

Hör­mətli dostum Vahid Cəmənliyə yeni ədəbi uğur­­­lar arzulayıram!

Hörmətlə

şair-publisist

Vidadi Ağdamlı

09 may 2016-cı il.

Münəcat

Lə ilahə İllallah…

Hüzuruna gəlmişəm,

Lə ilahə İlləllah.

Sənə könül vermişəm,

Səndən dönmərəm billah.

Eşqim, amalım QURAN,

Məhəmməd Rəsulallah,

Məhəmməd Həbibullah,

Dostlarım — Haqq dostları,

Əhli-Beyti Nurullah,

Lütvünlə məsud elə,

Kərəm eylə, Ya Allah!..

Sənsiz olsam Ya Həkim,

Sənsiz olsam Ya Əziz,

Ərşə çıxan ahımı,

Söndürə bilməz dəniz…

Nəsib eylə, yaşayım

Həyatımı tərtəmiz,

Sızlayan yaralara

Məlhəm eylə, Ya Allah!!!

Səndən başlar dirilik,

Əvvəli, Axiri sən…

Sən Xaliqsən, sən Qüddüs,

Həyatın təməli sən…

Sən Əzimsən, sən Xəbir,

Əliyyü, Vəliyyü sən…

Məni yolunda sabit

qədəm eylə, Ya Allah!

Ağdam mənzərələri

Salam, Ağdam torpağı

Əvvəlcə ürəyimdən Sizə salam vermək arzusu keçdi. Salam Allah kəlamıdır. Mənası «sizə sülh olsun» deməkdir. Dədə-babalarımızın buyurduğuna görə yetmiş savabı var. Altmış doqquzu salam verənə, biri salam alana düşür. Amma bu gün mən salam alanam. Salamı böyüklər verər. Mən nəkarəyəm? Mən, ulu Vətənim Azərbaycanımın, cənnət Qarabağımın, toy otağı Ağdamımın, beşiyim Çəmənlimin bir zərrəsiyəm. Zərrə nə vaxtdan böyük oldu? Ona görə də boynumu büküb üzümə dəyən həzin vətən mehinə, onun gətirdiyi gül-çiçəyin ətrinə «əleykümə-salam!» deyirəm. Sinəsi dağlı dağlarıma, həsrətdən saralan bağ-bağcalarıma «əleykümə-salam!» deyirəm. Salam Allah kəlamıdır. Allah, dağların, meşələrin, bulaqların, otların, çiçəklərin, yarpaqların dili ilə danışır. Dağlara, meşələrə, bulaqlara, otlara, çiçəklərə, yarpaqlara «əleykümə-salam» deyirəm. Böyüklük göstərin, əfv edin, duyğularıma hakim ola bilmədim, könlümdən salam vermək keçdi. Mən, sizdən qopan bir damlayam. Damlalar ümmana can atar. Mən, sizə can atıram. Mənim ümmanım sizsiniz. Sizə olan məhəbbətim məni enişli-yoxuşlu yollarla həyatımın ugurlarına doğru aparır. And yerim, inam yerim, iman yerim sizsiniz. Həmişə sizə, — əzəli, əbədi məbədimə doğru yol gəlirəm. Məbədə aparmayan yollar kimə lazımdır? Siz mənim məbədimsiniz.

Mənim əzəli, əbədi məbədim, səni düşündükcə ürəyim titrəyir, gözlərim dolur, ruhum pərvaz edərək özümdən qabağa uçur. Xəyalım dağlarında, düzlərində, şır-şır bulaqlarında — Xaçınında, Qarqarında, uşaqlıq xəyallarımın ən coşqun çayı olan Kötəlində… daha haralarda cövlan edir? Həyəcandan özümə yer tapa bilmirəm. Həmişə sənə doğru gələndə belə oluram. Mənim atam, anam, bacım, qardaşım, əmim, dayım, xalam, — ruhum, canım, — Odlar diyarı Azərbaycanımın ən dilbər güşələrindən biri olan, çörəyinin, suyunun, almasının, heyvasının, gilasının, gilənərının, böyürtkanının, güleyşə narının dadı damağımdan getməyən Ağdamım. Bərəkətli dağlarım, düzlərim, muğam sədalı obalarım, duz-çörəkli evlərim…

Elə ürəyimdən keçir sizi səsləyim, hamınıza, -ağsaqqalına, ağbirçəyinə, — salam verim, çayınızı içim, halal çörəyinizdən dadım, ruhuma sərinlik yayılsin, qəlbim sevinsin, damarlarımda qanım təzələnsin. Elə istəyirəm ki, deyəm…

Salam, Ağdam torpağı,

Salam, ey ulu diyar.

Salam, ey dağım, dərəm,

Salam, ey qayam, daşım.

Qucağında yaşadım,

On altı il bəxtiyar,

Salam, ey əmim, xalam,

Salam, bacım, qardaşım…

Salam, ey sinəsində,

Dolandığım oylaqlar.

Salam, zümrüd meşələr,

Salam, sərin bulaqlar,

Salam, yollar, yaylaqlar…

Zaman-zaman yaşayan,

Qədimi yurd yerləri

Sizə salamlar olsun…

Ey bahar yağışları,

Yayın qızmar günəşi,

Soyuq xəzan yelləri

Sizə salamlar olsun…

Salam, Dəli Çəmənlim

Başımın qızıl tacı.

Salam, ulu çinarım,

Qoca palıd ağacım…

Sevgi qanadlarında

Sənə doğru uçuram,

Ürəyim fərəhlənir.

Gözlərimə yaş dolur,

Boğazım kilidlənir.

Baş qoyum torpağına,

Bir səcdənə düşüm mən,

Daşınla, kəsəyinlə,

Gülünlə, çiçəyinlə,

Öpüşüm, görüşüm mən.

Ayaqyalın, başaçıq,

Xoşbəxt körpələrinlə,

Bir atlanım-düşüm mən…

Dırmanım ağaclara,

Payızdan qışa qalan

Bir gilə üzüm dərim,

Çağırım var səsimlə,

Əyləyim üfüqlərdə

Bir durna qatarını,

Neçə qərib dostlara

Odlu salam göndərim.

...Kim nə bilir bəxtimə

Daha nələr düşəcək?

Neçə aylar ötəcək,

Neçə illər keçəcək,

Amma yenə yadıma,

Sənli anlar düşəcək…

Nə zaman geri dönsəm,

O laləli düzlərdə,

Kövrək bir ixtiyarla,

Bir cocuq görüşəcək.

06 mart 2011-ci il,

Ağdam, Çəmənli

Söz sözü çəkər…

Hərdən fikirləşirəm ki, İlahi, bizim ata-babalarımız necə gözəl söz sərrafı olublar. Atalar sözünə görə deyirəm. Elə dəqiq, düzgün yerində deyilmiş sözlərə rast gəlirsən ki, adam lap təəccüb edir. Ataların sözü-sözlərin düzü, — deyib atalar. Əslində, söz olmayan yerdə bu dünyanın bütün var dövləti bir qara qəpiyə dəyməz. Illah da, sözü ağzında bişirib, çıxarmayanda… Deyərsən balam, necə yəni sözü bişirib çixarmayanda… Yəni fikirləşməyib söz danışanda… Sözü deyəndə də gərək ehtiyatla deyəsən, yoxsa, fikirləşmədən dediyin sözün çox peşimançılığinı çəkərsən. Burada da atalar deyib ki, «sonrakı peşimanşılıq fayda verməz».

Qardaş, sözü məqamında deyərlər. Məqamında deməsən, dönüb olar daldan atılan bir qara daş. Daldan atılan qara daş da bilirsiniz də hara dəyir? İndi gəl, baş aç, bu dunyanın işlərindən...Deyirsən olmur, demirsən, olmur-desən öldürərlər, deməsən, iraq olsun, ölümdən betər olur:

Sözlər var şipşirin, sözlər var acı…

(Hə var zəhər kimi, yox var bal dadır.

Şahmar Əkbərzadə)

Sözlər var şipşirin, sözlər var acı,

Acılı, şirinli axındı sözlər.

Həm dərd artırandı, həm dərd əlacı,

Ürəyə hər şeydən yaxındı sözlər.

Bəzən abır-həya libasında o,

Girər qılığına bakirə qız tək.

Bəzən də bir şıltaq ədasında o,

Boğar neçə arzu, neçə min istək..

Var neçə pərdəsi, var neçə donu,

Birini soyunar, birini geyər.

Sinəndə saxlamaq istəsən onu,

Qurd kimi o səni içindən yeyər.

Diplomat diliylə istər danışa,

Dahilik eşqiylə yaşar beyində.

Torpağa basdırsan — dönər qamışa,

Tanıdar özünü çoban neyində…

Sözlər var şipşirin, sözlər var acı,

Acılı, şirinli axındı sözlər.

Həm dərd artırandı, həm dərd əlacı,

Ürəyə hər şeydən yaxındı sözlər.

Bakı, 1978-ci il.

Bəli, qardaşlar, sözü sinədə saxlamaq oğul işidir. Ona görə də bəzən bizi yandıran sirri kiməsə danışıb içimizi boşaldırıq. Sonra da bərk-bərk tapşırırıq ki, amanın günüdür, heç kimə demə haa, sirrimi heç kimə açma. Əcəb işdir, sirr sahibi öz sirrini saxlaya bilmir, amma başqasından onun sirrini saxlamağı umur. Belə yerdə demək istəyirsən ki, əzizim, sirrin varsa özün saxla, özün saxlaya bilmədiyin sirri başqasının saxlaya biləcəyinə güvənmə. Sonra açılar sandıq, tökülər pambıq… Yox ey, söz…

Söz haqqında çox fikirləşdim, axırda anladım ki, bu dünyada elə sözdən başqa heç nə yoxdur. Sözlər də cürbəcürdür. Var doğru söz, var yalan söz… Görün, söz haqqında Həzrəti Əli (ə.s) nə buyurub:

«Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir, bədəni hərflərdir, canı isə məna, bəzəyi biçimli söylənməsidir, tutarlılığı isə DOĞRULULUĞUNDADIR».

Deməli, şozün düzü hamıya lazımdır. Amma düz söz danışanlar çoxdurmu?

«Ya həqiqəti de, ya da sus» — deyib atalar. Sözün yoxdursa, sən də yoxsan. Hanı dünyadan bac alan süleymanlar, isgəndərlər nə bilim kimlər, kimlər? Sözlərindən savayı nə qalıb ki, bu dünyada? İgidlərin hərbə-zorbaları hamısı söz imiş. Elə insanları susmağa məcbur edən bu dil pəhləvanları da…

Çəmənlinin düzləri

Sözə bax, — dil pəhləvanları… Bu pəhləvanlar sovet dövründə daha çox idi. Bir qoyundan bir ilə az qala on beş bala alırdılar. Sözü yazırdılar kağıza, verirdilər qoltuğumuza, sonra da deyirdilər ki, ye bu yağlı sözlərdən. İndi bunları fikirləşəndə adam az qalır dəli ola…

Dəli demişkən, — söz sözü çəkər, deyib atalar, — gözümü açandan həmişə kəndimizin adının önündə bir «dəli» sözü də eşitmişəm. Uşaq olanda buna o qədər də əhəmiyyət vermirdim. Bir az böyüyüb qırağa çıxanda mənə təsir eləməyə başladı. «Ev oturanın-söz götürənin», -deyib atalarımız. Mən bu dəli sözünü tamam-kamal özümə götürürdüm. Mənə elə gəlirdi ki, bu «dəli» sözü ilə məni ələ salırlar. Özüm bir az dəli-dolu olsam yenə dərd yarı idi. Allahın fağır bəndəsi idim. Əslində, bizim kəndimiz bir neçə obalar toplusudur. Hamısı da qədimi adlar. Bəndənizin doğulduğu Sarısöyünlü obası, kəndimizin fəxri Böyük Qışlaq, Bala Qışlaq, Orduqalı, Sarıhacılı, Zilfilər, Nurular… Böyük Qışlağa nəyə görə kəndimizin fəxri deyirəm, çünki bu oba elə əvvəldən bizim mədəniyyət mərkəzimiz olub. Məktəbimiz, kolxozumuzun idarəsi, klub, mağaza, poçt, — bir sözlə, hər şey burada yerləşir. Məktəbimizin müəllimlərinin çoxu bu obadandır. Adından belə başa düşmək olur ki, qədimdə bu obada yaşayan insanlar maldarlıqla məşğul olublar. Amma tək maldarlıqlamı? Düzən Qarabağın bərəkətli torpaqlarında məskunlaşan babalarımız hələ çox qədimdən oturaq bir həyat sürüblər. Bu məhsuldar torpaqlarda taxıl, üzüm, pambıq əkib-becəriblər. Kəndimizin suya olan ehtiyacını qədim zamanlarda Kötəl çayı ödəyib. Kötəl çayı Dağ Qarabağdan axıb gələn bir cənnət suyu idi. Yayın istisində düzən Qarabağ alışıb-yananda Kötəl çayı dada çatırdı. Mənə bir neçə dəfə bu çayın daşdığını görmək qismət olub. Bu yaddaşlardan silinən bir mənzərə deyil. Ucsuz-bucaqsız düzlər dizəcən suya qərq olurdu. Bu daşqınlar bəlkə də Kür çayınacan uzanıb gedirdi. (Əgər səhv edirəmsə qoy xatırlayanlar səhvimi düzəltsin). İndi Azərbaycan Toponimlərinin Ensklopedik Lüğətində oxuyanda ki, Çəmənli kəndi 1918-ci ildə yaradılıb, məni gülmək tutur. Ay mənim ensklopediya yazan «tarixci» qardaşlarım, siz mənə deyin görüm, bəs Cəmənli qəbristanlığindakı 300—500 illik tarixı olan qəbirlər kimindir? Özümüz öz əllərimizlə tariximizi kiçildiriksə, onda başqasından nə gözləyək?. Amma deyəsən, bu sözləri təkrarlamaqla mətləbdən uzaq düşdük…

Bir dəfə-bizə niyə «Dəli Çəmənli» deyirlər, — deyə atamdan soruşdum. Atam mənə «Koroğlu» dastanını oxumağı məsləhət gördü. Həmin gün kitabxanaçı Kamran dayıdan «Koroğlu» kitabını alıb evə gətirdim. Çarpayıya uzanıb kitabı oxumağa başladım. Aman Allah, bu dəlilik nə qəribə şey imiş. Sən demə, bir zamanlar qoçaq, mərd, igid insanlara «dəli» deyirmişlər. O gündən kəndimizin kişilərinə başqa gözlə baxmaga başladım. Müseyib əmi, Cəmil əmi, Şükür dayı, Əyyub dayı, Əli dayı, Pirhəsən əmi, Bəhmən əmi, Nəsib əmi, kəndimizin əbədi briqadiri Köçəri əmi, Qoşunalı əmi, Məhəmmədəli əmi, Səfər dayı, Nüşirəvan əmi, Şiraslan əmi, Qaytaran əmi, İsa əmi (Kəndimiz o sadə insanı çox tez itirdi), Əsəd əmi, Mürşüd əmi, Abdulla əmi, Möhsüm əmi, Yapon əmi, Heydər əmi, Pezər əmi, Alı əmi…

Haqq dünyasına qovuşanlara Allahdan rəhmət, qalanlara can sağlığı diləyirəm.

Mən onların qızmar günəşin altında yanıb qaralmış üzlərinə, cadar-cadar olmuş əllərinə baxıb fəxr edirdim. Bu kişilərin Koroğlunun dəlilərindən nəyi əskik idi? Onlar sadə, şərəfli bir həyat sürür, öz əllərinin zəhmətilə dolanır, evlər tikir, yollar çəkir, tarlalarını əkib-becərir, minnətsiz yaşayırdılar. Kəndimizin sadə insanlarının necə mərd igid olmaları İkinci Cahan müharibəsində daha da bəlli oldu. Yüzlərlə-minlərlə oğullarımız müharibənin ilk günlərində könüllü olaraq ordu sıralarına yazılıb cəbhəyə yollandılar. Tez bir zamanda onların səsi-sorağı Sovetlər Birliyinin müxtəlif guşələrindən gəlməyə başladı. Neçə-neçə ogullarımız cəbhədən dönmədi, onlardan «qara kağız"lar gəldi. Çəmənlidə qara kağızların döymədiyi bir qapı qalmadı. Onların arasında mənim Yaqub dayım da vardı. Neçə qızlar nişanlı, neçə gəlinlər dul qaldı. Hələ o vaxtlar arxa cəbhə adlandırdılan kəndimizdə nələr baş verirdi? Bir üzü qız, bir üzü gəlin olan analarımız cəbhəni çörəklə təmin etmək üçün tarlalarda gecəni gündüzə qatıb çalışırdılar. Onlar əkib-becərdikləri taxılın bir dənini də özlərinə qıymır, hamısını cəbhəyə göndərirdilər. Bu kəndin qadınları da qəhrəmandır.

«Dəli» adı, Koroğlu zamanından üzü bəri bu torpaqlarda yaşayan ulu babalarımızın bizə bir əmanətidir. Bizim atalarımız-babalarımız, bu ad üçün biz sizə borcluyuq. Siz bizi şərəfləndirdiniz. Bizi Koroğlu Dəlilərinin, Dəli Kürün, Dəli Domrulun, Dəli Becanın səviyyəsinə qaldırdınız…

Ata yurdunu yiyəsiz qoymayın…

İçimdə bir dərd daşıyıram. Bir kimsə ilə bölüşə bilmirəm. Bölüşməyə özümə mənəvi haqq verə bilmirəm. Fikirləşdim ki, bəlkə kağıza köçürüm? Əslində köçürməyə də bilərdim. Bu mənim içimdə daşıdığim öz dərdimdir. Kimisə öz dərdlərinlə yükləmək nə dərəcədə ədalətlidir? Lakin indi anlayıram ki, həyatda hər şey təkrar olur. Bu gün düz 40 il bundan əvvəl mənim atdığım addımları atmaq istəyənlər var. Uzaq diyarların cazibəsi çox gənclərimizi dinc oturmağa qoymur. Həvəslənib qanadlanmaq istəyirlər. Əğər qanadlanmaq istəyirlərsə eybi yoxdur, qoy qanadlansınlar, amma yuvalarını doğma torpaqlarında qursunlar. Şübhəsiz mənim bu fikirlərimlə razılaşmaq istəməyənlər tapılacaq, amma inanın ki, çox səmimi deyirəm, əgər hal-hazırda məni buralarda saxlayan bəzi qüvvələr olmasaydı, məmnunuyyətlə ata yurduna dönər, palçıqdan bir daxma düzəldib orada şad-xürrəm yaşayardım.

1978-cı ilin isti yay günlərinin birində yolum Çəmənliyə düşdü. O vaxtlar qardaşım köçüb Ağdam şəhərində yaşayırdı. Bacım Əfətli kəndində ailıə həyatı qurmuşdu. Mənim isə xəyallarımın göylərdə uçan vaxtı idi. Çəmənliyə də elə-belə bəzi dostlarımdan hal-əhval tutmağa gəlmişdim. Dedim, gəlmişkən həyətimizə də da baş çəkim. Həyətimizə yaxınlaşanda gördüyüm mənzərə hələ də həyatımın sevincli anlarına soğan doğrayır. Qədəm-qədəm böyüyüb boy atdığım həyət sahibsiz qalmışdı. O anlarda keçırdiyim hislərin təsiri ilə «Övladlar dönükləşəndə» şerini yazdım. Şer uzun müddət dəftərimdə qaldı. Heç kimə göstərmədim. Elə bir adətim də yox idi. Lakin, bir dəfə ürəklənib «Ulduz» jurnalına apardım. O vaxtlar jurnalın poeziya şöbəsində Vaqif Cəbrayılzadə adlı bir şəxs işləyirdi. Şeri təqdim edib çıxıb getdim. Bir həftədən sonra yenidən redaksiyaya gəldim. Vaqif müəllim «faciəli surətdə» mənə bildirdi ki, şeri çap etmək mümkün deyil. Mən şeri geri istədim. Şerin hər sətirinin başında Vaqif müəllimin düzdüyü nida işarələrini görəndə çox təəccüb etdim. Səbəbini soruşanda onun mənə dediyi sözləri necə var, eləcə də sizə çatdırıram. «Qardaş, bu sətirlərin hərəsi bir şer mövzusudur. Sən nə etmisən? Hamısını faciəli surətdə yığıb doldurmusan bir şerə. Bunu çap etmək olmaz. Bədii cəhətdən də çox zəifdir. Yeni şerlərini gətir, oxuyub rəy bildirək». «Çox sağ olun» deyib çölə çıxdım. Yadıma onun «Qaçhaqaç» şeri düşdü. İlahı, o vaxtlar ikimiz də xalqımızın başına gələcək fəlakətləri qələmə almışdıq, özümüzdən belə xəbərsız. Lakin, o vaxt mən də Vaqif müəllimin bu şerinə dodaq büzmüşdüm. Sonralar anladım ki, təsadüfi şer yazılmır. Hər bir şerin içində bir hikmət var.

Bu hadisələrin davamı 2001-ci ildə gəldi. Bir dəfə sevimli müəllimim Şahmar Əkbərzadənin işlədiyi «Mədəniyyət» qəzetinin redaksiyayasına getmişdim. Arabir o, məndən nəsə bir şey oxumağı xahiş edərdi. Bu dəfə «Övladlar dönükləşəndə» şerini oxudum. Bəyəndi. Çox təriflədi. Hətta bir neçə dostuna da göstərdi. Bu şer deyil, bu ibrət dərsidir-dedi.

Şer «Mədəniyyət» qəzetində dərc olunandan sonra, «Qızıl qələm» mükafatı laureatı Fikrət Lənbərani ilə tanış oldum. Fikrət müəllim şerə qısaca olaraq belə rəy verdi:

«Sən şer yazmamısan, sən xarabalığın rəsmini çəkmisən». Həmin şeri indi sizə təqdim edirəm:

Övladlar dönükləşəndə

Doqqazın ağzında dondum qəfildən,

Təsəlli verərmi həmsöhbət mənə?

Uğursuz yolçuya döndüm qəfildən,

Necə yazıq gəldi bu həyət mənə.

Üstən quş səkməyən o çal-çəpərlər,

İndi neçə yerdən yaralanıbdır.

Doluşub həyətə qonşu dəcəllər,

Meynələr vədəsiz uralanıbdır.

Külək budaqları dibdən qoparıb,

Bağ-bağat doludu şax-şəvəl ilə.

Gül kolu təklikdən şivən qoparıb,

Ləçəklər üstündə don tutub gilə…

Körpə çinarların dəyişib halı,

Qoca tut nə yaman xəyala dalıb.

Bacımım bəzəkli çörək dəsmalı,

Təndirin başında kimsəziz qalıb.

Pozulub bağçada əvvəlki mizan,

Körpə budaqları meyvələr əymir.

Əbədi qonaqdır bu yerdə xəzan,

Bir yaşıl yarpaq da ğözümə dəymir.

Daşlar, divarlar da qəribsəyibdi,

Böyük hənirinə, uşaq səsinə.

Bu həyət məni də qərib sayıbdı,

Doğma nəfəsimdən çətin isinə.

…Günəşin şəfəqi sönükləşəndə,

Qızmar yay günü də dönüb olar qış…

Övladlar soyuyub dönükləşəndə.

Dədə-baba yurdu yetim qalarmış.

Ağdam, Çəmənli,

1978-ci il.

P.S.

Əziz Şahmar Əkbərzadə ilə görüşə dostum Mahirlə getmişdik. Fikrimiz onu dəbdəbəli restoranların birinə dəvət edib gözəl vaxt keçirmək idi. Lakin, Şahmar müəllim bizə dedi ki, bir yeməkxana tanıyıram, orada bişən yeməklərdən Müseyib əminin bişirdiyi yeməklərin ətri gəlir. Biz Şahmar müəllimin dediyi yerə getdik. Yeməkdən sonra Şahmar müəllim mənim dəftərimdə olan şerlərlə tanış oldu. «Övladlar dönükləşəndə» şerini alıb oxudu, bir-iki düzəliş elədi, sonra gülə-gülə dedi:

«Hə, Qasımov, gördünmü söz necə partladı»?

Sözün partlaya bilməsini ilk dəfə sevimli müəllimimdən eşitdim

Şeyid Lazım Ağa

Tanrının sevdiyi bəndə

(El-obamızın and yeri Seyid Lazım Ağanın xatirəsinə həsr olunur)

Rəhman, Rəhim Allahın adı ilə…

Bu yazıya bir şerlə başlayıram. Elə-belə yazılmayıb bu şer… Bəlkə də neçə illərdən bəri axtardığım həyat həqiqətlərinin intizarı ilə mayalanıb. Bəlkə bu şerin odu içimə həyatımda ilk dəfə «Allah haqqı!» deyəndə düşüb? Allahın üstümdə olan haqqını anlamadan içdiyim andın ağırlığını sonralar anladım. Aşura gününə bir gün qalanda Qara müəllim mənə tapşırardı ki, Qasımov, sən dərsə gəlmə, aşura günü İmam Hüseyn məclislərinə gedən uşaqların siyahısını tut gətir. Hər dəfə də Qara müəllimə ağ vərəq verərdim. Bəlkə bu şerin toxumları o zamanlardan ürəyimdə cücərib, bitib, misra misra böyüyüb? Bilmirəm. Amma bir gün bu şer yazıldı. Dərhal facebook səhifələrində paylaşdım. Şerin ilk oxucularından biri dostum Hacı Elməddin oldu. Şer Hacının çox xoşuna gəldi. Dostumun xeyir-duasından ürəklənib, şeri bu kitaba bir müqəddəmə kimi təqdim etməyi qərara aldım:

Bir iman yeri var, min güman yeri,

İman olmayanda güman min olar.

İmanı qəlbinə çıraq eləsən,

Dünya qəmlərinə məlhəmin olar.

Halal qazancına haram qatmasan,

Kasıbı, fağırı heç unutmasan;

Özgənin haqqına əl uzatmasan,

Sənin HAQQ yanında aləmin olar.

Bəd dua eləmə bir kimə heç vaxt,

Kor şeytan önündə dayanıb sərvaxt;

Uğursuz yollara çıxma baxta-baxt,

Bu yolda çox dərdin, çox qəmin olar.

Yaxşıya yaxşı de, pisə pis demə,

Xeyir söyləyən ol, heç vaxt nəhs demə,

Bir kimə Xudadan ziyan istəmə,

Sənə də istəyən bir kimin olar.

Vahid, pozulmasın əhdin, ilqarın,

On dörd məsum olsun sevgili yarın;

Yapış ətəyindən Pərvərdigarın,

Məhşərdə əlində bir şəmin olar..

may 2011-ci il.

Nəhayət, indi sizə uzun zamanlardan bəri ürəyimdə bəslədiyim arzunu aça bilərəm. Məqsədim Tanrının sevimli bəndəsi Seyid Lazım Ağa haqqında bir yazı yazmaqdır. Uca Allahdan qarşıma qoyduğum məqsədə çatmaq üçün kömək diləyirəm. Hansı yükün altına girdiyimi çox gözəl anlayıram. Adı dillər əzbəri olan, dara düşəndə cəddindən imdad dilədiyimiz, xoş anlarda ruhuna dualar edib rəhmət oxuduğumuz, Azərbaycanımızın hər yerində adı məhəbbətlə çəkilən Seyid Lazım Ağa haqqında yazmaq oğul işidir.

Niyə mən Ağa haqqında yazı yazmaq fikrinə düşdüm? Səbəbini heç özüm də bilmirəm. 2011-ci ilin ilıq mart günlərindən birində, dostum Mahirlə Çəmənlidə, Seyid Lazım Ağanın məqbərəsini ziyarət elədik, məsciddə iki rükət ziyarət namazı qılıb, ruhuna dualar oxuduq. İşə bax, ağlım kəsəndən bəri adını müqəddəs and yerim kimi bildiyim, ehtiyac içində, sıxıntıda olduğum anlarda — uca Tanrım günahlarımı bağışlasın, — cəddinə pənah gətirərək vəsilə olmasını dilədiyim bir şəxsin məzarı önündə idim. Nə edim ki, Ulu Tanrı bu ziyarəti mənə indi qismət elədi. Nə edim ki, cənnət Qarabağımın paramparça olduğu bir zamanda, ürəyimdən axan qara qanların ağrı-acısını indi Ağa ilə bölüşə bildim.

Həyətdəki oturacaqların birində oturub, cibimdən çıxardığım kağız parçasına bir sətir yazdım:

Qiyamətdən betər gündür, ay Ağa…

Geri qayıdanda yol boyu çox dalğın idim. Dostum Mahir şirin-şirin söhbət edir, səfərimizlə bağlı aldığı təəssüratlarını bölüşürdü. Amma mənim danışmağa həvəsim yox idi. Bayaq kağız parçasına yazdığım sətir yavaş-yavaş ağlımı başımdan alırdı. Kağız-qələmi yenidən cibimdən çıxarıb, elə maşındaca sinəmin odunu onun üstünə tökməyə başladım:

Qarabağda qara günlər yaşanır,

Zaman bizi bir-bir çəkir sınağa.

Torpağımız torba-torba daşınır,

Qiyamətdən betər gündür, ay Ağa…

Vətən üçün kasıb, məzlum döyüşür,

Varlı çəkir yaxasını qırağa.

Kişilərin qiyafəsi dəyişir,

Qiyamətdən betər gündür, ay Ağa…

Baş istəyən meydanımız boş qalıb,

Nərə səsi daha gəlmir qulağa.

Əlimizdə güllə deyil, daş qalıb,

Qiyamətdən betər gündür, ay Ağa…

Bahar gedib, yay sovulub, qış qalıb,

Tənha dağlar qalıb qara, sazağa.

Yaylağımız, yurd yerimiz boş qalıb,

Qiyamətdən betər gündür, ay Ağa…

Vətənimdə yağı düşmən gəzirsə,

Dərdli Vahid necə dözsün bu dağa?

Haqqın özü haqsızlığa dözürsə, —

Qiyamətdən betər gündür, ay Ağa…

Ağdam, Çəmənli, 06 mart 2011-ci il.

Çəmənlidə Seyid Lazım Ağa ziyarətgahı

Axırıncı iki sətir məni əməlli-başlı xoflandırdı. Bu nədir, Uca Tanrıya asimi oluram? Küllikainatın hər yerində haqqı bərqərar edən Rəbbimi haqsızlığa dözməkdə ittihammı edirəm? Əllərim əsdi, dizlərim taqətdən düşdü, rəngim ağappaq ağardı, gözlərimə qaranlıq çökdü. Misraların üstündən xətt çəkdim, başqa misralarla əvəz etmək istədim, amma nə qədər fikirləşdimsə ağlıma bir şey gəlmədi. Şer yazılan vərəqi cırmaq istədim. Amma cırmadım. Büküb cibimə qoydum. Hər dəfə şeri açıb oxuyanda axırıncı misralar yenə ağlımı başımdan alırdı. Bu dəfə dostum Əli mənə yardım etdi. O dedi ki, Cənabi-Haqqın haqsızlığa dözməyində bir anlaşılmazlıq yoxdur. Allaha hər şey əyandır. O haqsızlığı bir anda məhv edə bilər. Lakin, ən böyük səbr sahibi özü bizi tərbiyələndirir, səbrli olmağı öyrədir, bəlkə də layiqincə qədrini bilmədiyimiz, dəyərincə qiymətləndirə bilmədiyimiz nemətlərlə bizi imtahan edir, yenidən o nemətlərə sahib olma istəyimizi gücləndirməklə, bizi mübarizəyə — cihada çağırır. Nə gözəl… Oturub, bizə qarşı törədilən soyqırımlara görə Cənabi-Haqqa üsyan eləməkdənsə, müqəddəs Kitabımızda onun bizə etdiyi tövsiyələrlə yaşamalıyıq. Biz bunu edə bilirikmi? Danmağın nə yeri var, axı, biz hamımız bir nəfər kimi əlimizə silah alaraq quduz düşmənlə ölüm-dirim savaşına qalxmadıq. Başımızı yağlı vədlərlə aldadan əcnəbi dövlətlərin bizə yardım edəcəyinə, sadəlövhlüklə bizim əvəzimizə bizim torpaqlarımızı azad edəcəyinə inandıq. Dədə-babalarımız gözəl demişdi: «Qonşuya ümid olan şamsız qalar». Amma biz şamsız yox, Qarabağsız; — Şuşasız, Xocalısız, Ağdamsız, Laçınsız, Kəlbəcərsiz, Cəbrayıllısız, Qubadlısız, Zəngilansız, Füzulisiz, Xankəndsiz, Agdərəsiz, Xocavəndsiz qaldıq. Zəngəzurda, Göyçədə olan minlərlə obalarımız, oylaqlarımız düşmənin əlinə keçdi. Borçalıda soydaşlarımız bir küncə qısnandı. Torba-torba daşıdılar torpağımızı, analarımız-bacılarımız ağlar qaldı, balalarımız əli-qolu bağlı düşmən torpaqlarına sürüldü, «yurd balaları yadlara qul oldu» (ifadə Şahmar Əkbərzadənindir).

Ağdam dərdinə bir şair fəryadı:

Ağdam mənzərələri

Ağdam

Ağdam,

Səni düşündükcə

Parçalanır içim, çölüm,

Ağdam,

Səni əsir edib,

Yaşatdılar mənə zülüm,

Sənsiz keçən illərimi,

Hansı qara yelə verim?

Ağdam, Ağdam…

İçimdəki ağrıları

Sənə necə başa salım?

Viran olan dağlarında,

İndi necə ölüm qalım?

Ğöylərindən qopüb düşür,

Son ümidim, son xəyalım,

Ağdam, Ağdam…

Xaçınından, Qarqarından

Axan sular durularmı?

Bu zülümün haqq-hesabı

Bir kimsədən sorularmı?

Ağdam, Ağdam,

Bu haraydan

Dil usanıb, yorularmı?..

Ağdam, Ağdam…

Ölümünə fərman verən

fərmanbazlar hardadı bəs?

Bir düşünən, soran varmı,

niyə yurdum dardadı bəs?

Neçələrim didərgindi,

neçələrim gordadı bəs?

Ağdam, Ağdam…

Kim bağlayar, görəsən kim,

Bu qan verən yaraları?

Qeyrət çəkən oğulların

Seyrəlirmi sıraları?

Doğradılar dilim-dilim,

Pərən-pərən oldu elim.

Yarı qaçqın, yarı köçkün,

Yarı şəhid balaların…

Ağdam, Ağdam…

21 iyul 2012-ci il.

Köhnə Ağdam

Gözlərimin önündə Ağdamın baş küçəsi canlanir;

O küçə ki, uzərində qoşa minarəsi buluddan nəm çəkən məcidimiz yerləşirdi. Sovet hökumətinin sərt qanunları bu minarələrdən ucalan azan səsini, «Allahu-Əkbər» sədalarını susdura bilməmişdi. Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868—1870-ci illərdə tikilib başa çatandan sonra həmişə bu məsciddə namaz qılınmışdı, dualar oxunmuşdu. Nə qədər fağır-füğəra bu məsciddə yığılan sədəqələrdən bəhrələnmişdi. Həyətində nə qədər qurbanlar kəsilərək kasıb-kusublara paylanmışdı. İndi o küçə yadıma düşəndə için-için yanıram.

Bu küçə, həmən küçə…

Bu küçə həmən küçə,

Yarı gətirən küçə,

Qoynunda alma, heyva,

Üzüm bitirən küçə…

Bu küçə həmən küçə,

Məni ötürən küçə…

Kimlər üstündən keçir?

Bizi itirən küçə.

Bu küçə, həmən küçə,

Çiçək bitirən küçə.

Vüsalımı xərcləyib,

Həsrət yetirən küçə.

Bu küçə, həmən küçə,

Aydan nur əmən küçə.

Sən yenə həmənkisən,

Mən yenə həmən küçə.

Bu küçə, həmən küçə,

Çöl-küçə, çəmən-küçə.

Niyə qaldın bu günə?

Dərdində çimən küçə…

Bu küçə, həmən küçə,

Üzümüz dönən küçə.

Haçan açar üstündə,

Nərgiz, yasəmən küçə?..

Bu küçə, həmən küçə…

Zilim yox, bəməm küçə.

Əl dəymə, yaralıyam,

Kədərəm, qəməm-küçə…

Bu küçə, həmən küçə…

Bu küçə, həmən küçə…

27 Iyun 2012-ci il.

Ağaya həsr etdiyim şerin yazılmasından bir il keçdi. 2012-ci ilin aprel ayında Əfətliyə, bacım oğlunun toyuna getmişdim. Amma bütün günüm ziyəratgahda, seyid Yusif Aganın yanında oldum. Dostum Akif, Ağaya əvvəlcədən mənim gələcəyimdən xəbər vermişdi. Bu məni Ağa ilə ilk tanışlığın sıxıntılarından nisbətən azad etsə də, onun saysız-hesabsız suallarından xilas edə bilmədi. Ağanın verdiyi suallara cavab tapa bilmədikcə, çoxlu acı həqiqətləri anlamağa başladım.

Ağdam məscidi

Mən bir zamanlar «yaxşı oxuyan», hər gün məktəbin radiosunda çıxış edən, sinif yoldaşı Şahin Günəşli ilə sinifləri bir bir gəzərək, pis oxuyan şagirdləri «tilova» salan, «tərbiyəli» ad çıxaran Vahid Qasımov adının tamamilə unudulduğunun şahidi oldum. Zaman mənim el-obaya olan soyuqluğumu bağışlamamışdı. Heç həmkəndlilərim də bağışlamamışdı. Sevimli müəllimlərim Bayram müəllimin, Şəmsəddin müəllimin, Allahverən müəllimin, Eyvaz müəllimin, dostum, sinif yoldaşım Allahverənin yadında qalsam da, çoxları məni tanımadı. Mən, daşını-kəsəyini belə öpüb, gözümün üstünə qoymağa hazır olduğum Çəmənlidə yad olmuşdum. Nəinki mən, mənim atam aşıq Valeh də, anam Pərizad da unudulmuşdu. Ata nənəm seyid Aynadan (nənəm Başlıbel seyidlələrinin nəslindən idi. 1935—1936-cı illərdə köçüb Qarabağa, Çəmənli kəndinə gəlmişdilər), ana nənəm Aynadan, ata babam Abbas kişidən, ana babam Usub kişidən heç danışmağa dəyməzdi. Deyiləsi dərd deyildi.

Bir zamanlar mənim ağlıma gəlmişdi axı bunlar…

Çəmənli mənzərələri

Haşiyə:

Mən gedəndə Çəmənlidən…

Ağlım kəsəndən şer-sənət vurğunuyam. Hardan dolub ürəyimə, — bilmirəm. Amma, musiqi səsi məni bir anlığa da olsa yolumdan saxlayır, ürəyimə bir sərinlik, bir arxayınlıq gətirir. Uşaqlıqda ala-babat səsim də olub. Bunu mən demirəm, bunu qonşularım, sinif yoldaşlarım, müəllimlərim deyirdi. Bu da mənə qanad verirdi. Yay günləri tarlalarda işləyərdik. Günorta istirahət üçün evə gələrdik. Allahın verdiyindən yeyib-içib hərə bir yerdə dincələrdi… məndən başqa. Mən dırmanardım tut ağacına, başlayardım oxumağa… saatlarla oxuyardım. Yazıq qonşularım, nələr çəkiblər mənim oxumağımdan...Amma təəccüblüdür ki, bir dəfə də olsun, kimsə atama-anama şikayət eləmədi. Tut ağacının budağının ucuna qədər çıxardım. Ağac deyirəm ey sizə, gövdəsini üç adam qucaqlaya bilməzdi. Həyətimizdə iki tut ağacı vardı. Biri o üç adam qucaqlaya bilməyən gövdəsi olan, o biri də ondan bir az nazik...Nazik tut ağacı indi də durur. O biri isə hürriyətin ilk illərində, soyuqlu bir qış günü Əyyub kişinin baltasının qurbanı oldu. Əslində, bu ağac da o qədər nazlk deyil. Bu yaz getmişdim kəndə. Tut ağacımızı ziyarət elədim. Başımı qaldırıb ağaca baxdım. Dedim, Allah, Allah, mən bu ağaca necə çıxırdım? İndi onun ucuna nədi, heç boğazına da çıxa bilmərəm.

Hə, qonşuların məndən şikayət eləməməsi məni bir az da ürəkləndirirdi. Muğamatdan xalq mahnılarına qədər, xalq mahnılarından aşıq mahnılarına qədər nə gəldi, oxuyurdum. Söz sarıdan da kasadlığım yox idi. Bir qalın dəftərim vardı, eşitdiyim hər təzə mahnını dərhal ora yazırdım. Sonra başlayırdım məşq eləməyə. Bir-iki dəfə oxuyandan sonra olurdu halalca malım… İndi, mahnı kitabındakı bütün mahnıları əzbər bildiyimi görən oğlanlarım hərdən məndən soruşurlar ki, ay ata, bu qədər mahnının sözlərini necə yadında saxlayırsan? Nə bilim, heç özüm də bilmirəm, elə bil o sözlər mənimlə birgə doğulub.

Kəndimizin çox qəribə coğrafi mövqeyi var. Rəhmətlik Müseyib əminin evinin dalından ucsuz-bucaqsız düz başlayır. Nahaq yerə kəndə Çəmənli demirlər ki… Əgər Sovet hökuməti o düzləri əkib-şumlayıb yerində pambıq əkməsəydi, doğrudan da buralar möhtəşəm bir çəmənlik olardı. Köhnə kişilər özlərinə yurd yeri seçəndə, seçdikləri yerlərə düzgün ad verməyi də bacarırdılar. Əslində, Çəmənli bir neçə obanın ümumi adıdır. Kəndin irili-xırdalı obaları var. Burada «var idi» sözünü işlətmək daha düzgün olardı. Çünki, obalar arasında olan boş torpaqlar çoxdan yeni doğulan nəslin həyət yerlərinə çevrilib. Mənim uşaqlıq çağlarımda obalar bir-birindən aralı idi. İndi Sarısöyünlüdən Zilfilərə, oradan Bala Qışlaqla Orduqalı obasına, oradan da Böyük Qışlağa keçsən, hiss etməzsən ki, bir obadan o biri obaya keçdin. Sizin sadiq bəndəniz Sarısöyünlü obasında dünyaya göz açıb. Qeyd elədim ki, Müseyib əminin evinin dalından göz işlədikcə uzanıb gedən bir düzənlik başlayır. Bir az solda kiçik bir çəkil (tut) bağı vardı. Bu çəkil bağı Müseyib əmi ilə onun qardaşı — mənim babam Usubun ata mülkü olub. Sovet hökuməti o bağı da alıb qatmışdı kolxozun sahəsinə, amma haqq üçünə, o bağ elə bağ kimi də qalırdı. Bağ deyəndə orada turş nar kollarından, bir də çəkil ağaclarından başqa heç nə yox idi. Hə, bəzi çəkil ağaclarının yanına üzüm də əkmişdilər. Avqustun sonlarında tut sovulanda məskənimi dəyişir, ya həmın bağa ya da kəndimizin yanındakı meşəyə, gedirdim.

Haşiyə içində haşiyə:

Bir meşənin nağılı

Biri var idi, biri yox idi…

Bütün nağıllar belə başlanır. Əvvəlcə, qayğısız yaşayan bir şahzadə ilə şər qüvvələrin tilsimə saldığı sadə kəndli qızı olur, sonra elə həmin şər qüvvələr onları bir-birinə göstərərək, ürəklərinə eşq atəşi salır, onlar da gecə-gündüz bu atəşə yanaraq, bir-birlərinə qovuşmaq üçün sevda yollarına çıxırlar. Çox müsibətlərdən sonra iki aşiq bir-birinə qovuşur. Adətən, bütün nağıllar xoşbəxt sonluqla bitir. Sizə danışmaq istədiyim nağıl isə çox qəmlidir. Başqa nağıllardan fərqli olaraq, bu nağıl pisliklərlə vuruşan ağ atlı bir şahzadənin qələbəsi ilə bitməyəcək. Bu nağılda heç şahzadə də olmayacaq. Çünki bu nağıldakı hadisələr baş verəndə, şahları çoxdan taxtından salıb, yerində özünü dünyanın ən nadir nümunələrindən sayan yoldaşlar oturmuşdular.

Bu yoldaşların başı kommunizmin əsaslarını qurmağa qarışanda meşə öz keyfində idi. Yazda yarpaqlayıb çiçək açır, payızda saralıb solur, qış aylarında dərin yuxuya gedir, ilıq bahar şəfəqləri ilə yenidən oyanıb öz qeyri-adi həyatını yaşamağa başlayırdı. Əslində, bu meşə elə sən deyən böyük deyildi. On-on beş hektar ola, ya olmaya. Amma bu on-on beş hektarlıq meşə bir cənnətməkan idi. İlimiz on iki ay meşənin üstündə bir parça bulud olardı. Yayın qızmar günündə əlini işdən ayırıb beşcə dəqiqəlik meşəyə girəndə elə bilərdin ki, tamam başqa bir aləmə düşdün. Bir sərinlik, bir rahatlıq, bir xoş əhval-ruhiyə insanı ağuşuna alardı. Çox uçarın-qaçarın sığınacaq yeri idi meşəmiz. Adamın inanmağı gəlmirdi ki, traktorların gur-gur guruldadığı tarlaların cəmi beşcə addımlığında kirpilər, tısbağalar, ilanlar, qurbağalar, dovşanlar nə bilim, ta nələr, nələr bu qədər azad, rahat yaşaya bilər. Agacların üstü bülbüllərlə, torağaylarla dolu olardı. Baharda arıların vızıltısından, yayda cırcıramaların cırıltısından qulaq tutulardı. Meşəyə girəni hər canlı oz dilində salamlayardı. Düzdür, meşəmiz meyvə ağaclarından kasad idi, ancaq axtarsan alça, əncir, üzüm tapardın. Amma turş nar sarıdan bolluq idi. Yayın cırhacırında kal nar meyvələri ilə əməlli-başlı döyüş əməliyyatları keçirərdik. Meşədən heç kim nar yığmazdı. Bu turşməzə meyvələr qışın oğlan çağına qədər budaqlarda qalar, üstünə bircə dəfə qar düşdümü, — bal kimi olardı.

Uşaqlığımın ən şirin çağları bu meşə ilə bağlıdır. Hər gün, heç olmasa bircə dəfə də olsa bu meşəyə girərdim. Əlimi qulagıma verib başayardım oxumağa. Burada oxumaq mənə ləzzət verərdi. Bu meşə Sarısöyünlü obasının bəzəyi idi.

Zaman keçdikcə meşəyə sahib çıxmaq istəyən adamlar peyda olmağa başladı. Küncdə-bucaqda hasarlanmış yerlərə rast gəlirdin. Amma bu hasarlar biz cocuqlara mane ola bilməzdı. Onları istədiyimiz yerdən yarıb keçər, ürəyimiz istəyən kimi əylənərdik.

Meşənin kənarında bir palıd ağacı vardı. Adına «ehsan palıd» deyərdilər. Rəhmətlik Salman kişi əkmişdi o palıdı. (İndi Salman kişinin nəvə-nəticələri o palıd ağacı kimi qollu-budaqlıdırlar, maşallah!) Ağac o qədər böyümüşdü ki, o qədər yayılmışdı ki, iki-üç adam onu güc-bəla ilə qucaqlaya bilərdi. Meşəyə kim girsə, mütləq bu palıdın kölgəsində dincini alar, sonra elə oradan başlayaraq meşənin dərinliklərinə doğru aparan cığırlairəliləyər, könlünü-ruhunu təzələyərdi.

1973-cü ildə təhsil almaq üçün Bakıya gəldim. Qış tətillərinin birində kəndə gedəndə xəyalımda palıd ağacı ilə necə görüşəcəyimi, nar bağında necə dolaşacağımı düşünəndə ürəyim fərəhlə dolurdu. Lakin, sən saydığını say, gör fələk… əğstafurullah, kommunistlər nə sayır?

Kənd avtobusu axırıncı dayanacaqda dövrə vurub dayandı. Avtobusdan düşüb meşəyə sarı boylandım. Sarısöyünlünün, qonşu Zəngişalı kəndinin evlərinin damları ğörünürdü. Düşündüm ki, bəlkə qış olduğuna görə agaclar yarpaqlarını töküb, ona görə mənə belə görünür. Amma içimi bir narahatlıq aldı. Addımlarımı yeyinlədib bir az da irəliləyəndə dəhşətli bir mənzərənin şahidi oldum. Meşə yerində yox idi. Əvəzində yenicə şumlanmış ucsuz-bucaqsız bir əkin yeri var idi, bir də kənarda yetim kimi boynunu büküb dayanan tənha palıd ağacı…

Qəhərdən boğazım kilidlənmişdı. Göz yaşları mənə yeriməyə imkan vermirdi. Palıd ağacının yanına necə çatdım, bilmirəm. Başımı onun soyuq gövdəsinə söykəyib hönkür-hönkür ağladım. Dərdlərim bir-birinə qarışdı. Bir tərəfdən meşənin dərdi, o biri tərəfdən içimdə qısa müddət ərzində qəribçilikdə yaşadıgım günlərimin çətinlikləri, kimsəsiz qalan həyətimizin, uçub dagılmaqda olan ata evinin dərdi… Qarşıda məni hələ nələr gözləyirdi… İlahi, bu dərdlər çəkiləsi dərdlər deyildi. Başımı qaldırıb ətrafa baxdım. Ayaqyalın, başıaçıq dolandığım yerləri kədərlə seyr etdim. Anladım ki, nə o meşə var, nə də mənim hələ də ayrıla bilmədiyim qayğısız uşaqlıq çağlarım. Bir də anladım ki, bu kənddə yeni doğulan uşaqların meşəsi olmayacaq. Onların heç birinin bu meşədən, onun gözəlliklərindən xəbərləri olmayacaq. Heç kim onlara bu meşənin nağılını danışmayacaq. Çünki uşaqlarınin «Ata, bu meşəni niyə qırdınız?» sualına cavab verə bilməyəcəklər.

Dərindən köks ötürüb asta-asta evimizə sarı addımladım.

Meşənin nağılı burada bitdi. Amma göydən üç alma düşməyəcək. Heç palıd qozası da düşməyəcək. Çünki, bir neçə ildən sonra tənha qalan palıd ağacı da qurudu…

O zamanlar meşənin qırılması haqqında hörmətli yazıçımız Mustafa Çəmənli də gözəl bir yazı hazırlamışdı. Yazı, Çəmənlidə böyük əks-səda doğurmuşdu. Müstafa müəllim deyir ki, bu yazıya görə hətta onunla uzun zaman küsülü qalan insanlar da olub. 
P.S. Bu yaxınlarda bir dostum mənə irad tutdu ki, nə üçün bu yazımda o zaman meşənin qırılmasına əmr verən kolxoz sədrinin adınını çəkməmişəm. Doğru iraddır. Amma… mən onun adını yazsaydım, o zaman adını bu kitabın səhifələrində yaşatmış olardım. Layiq bilmədim o insanın bu kitabı səhifələrinə adının düşməyinə…
Qoy unudulsun! Özü də, əməlləri də.

Deyəsən, ürəyinizi kövrəltdim bir az…

Qayıdıram söhbətimə;

Ala-göy üzüm salxımlarını yığıb qoynuma doldurar, sonra bir çəkil ağacının başında düzəltdiyim «kabinetimə» dırmanardım. Başlayardım ala-turş üzümləri yeməyə. Ta burada oxumazdım. Çünki, yerimi bilib, oturduğum «kabineti» əlimdən alardılar.

Belə gözəl uşaqlığım olub…

Yavaş-yavaş böyüdüm, boy atdım. Arzularım da böyüdü mənimlə, bu kəndə, onun bağlarına sığmaz oldu. Bir səhər atamdan qalan köhnə çamadana yığdım bütün arzularımı, ümidlərimi, qardaşım Zülfüqarın verdiyi 40 manatı cibimə qoyub, Ağdam-Bakı avtobusunda çıxıb getdim. Xoşbəxt idim. Yeni arzulara doğru uçurdum. Yeni şəhərlər görəcəkdim, yeni insanlarla tanış olacaqdım, yeni üfüqlər açılacaqdı gözlərimin önündə… Gündüzlər Şahbulağın zirvəsində görünən Koroğlu Qalası, gecələr işığa qərq olan Qarabağ dağları gözlərimin önündən getsə də, əbədi olaraq xəyalıma köçdü. Bu gün o əmin-amanlı günləri andıqca, gözlərim dolur, kövrək xatirələrimin qəlbimdə buraxdığı izlərin ardınca gedirəm. Belə günlərin birində «Mən gedəndə Çəmənlidən» şeri yarandı.


Mən gedəndə Çəmənlidən

O gün məni səsləmədi görüşə,

 Şeh gülüşlü, zər çiçəkli talalar.

 Kimi görən qonaq etdi gülüşə,

Yaqut gözlü, ağ libaslı sonalar?

O gün mənsiz naxır döndü kəndimə,

Qoyun-quzu əvvəlki tək mələşdi.

 Bir şıltaq qız odun atdı təndirə,

 Qığılcımlar qurşaq tutub güləşdi.

Xan çinarım qaşlarını çatdı ki,

Bəlkə ola, getmək fikri dəyişə.

 Bir dolça su bacım elə atdı ki,

Kəmənd ola ayağıma ilişə.

 Kimlərə ki, məhəbbətlə baxmışdım,

Gizli-gizli, həsrət ilə baxdılar.

 Bu yerlərdə şimşək kimi çaxmışdım,

 Gildir-gildir yaş axıtdı buludlar.

 Bağca saldım, bar verəndə getdim mən,

Gilələri dəcəl quşlar böldülər.

 Sərt küləklər çəmənlərin köksündən,

 İzlərimi yad izi tək sildilər.

 Ürəyinə dərin vurdum düyünü,

Gözlərində qəm çağladı bu kəndin.

 Bir övladı pərvazlandı o günü,

 Bir yuvası tor bağladı bu kəndin…

Şəkildə Ağdam rayonu, Çəmənli kənd orta məktəbinin 1971/72-ci il buraxılışı.

Qəribədir, deyilmi? Elə bil ürəyimə dammışdı ki, zaman izlərimi yad izi kimi siləcək bu düzlərdən…

...Qayıdaq söhbətimizə…

Seyid Yusif Ağa, onun verdiyi suallardan sıxıldığımı hiss edib mənə ürək-dirək verdi. O öz elmi, dünyagörüşü ilə məni heyran etdi. Seyid Lazım Ağa ocağına «Nə ömürdü, yaşadım» adlı kitabımı təqdim etdim. Ağa kitabdakı «Dəli Çəmənli haqqında ballada”nı oxuduqca gülümsəyirdi. Ballada Qarabağda el arasında məşhur olan bir deyimin nəzmə çəkilmiş variantı ıdı. Qarabağa hücum edən «yadelli» şahın qarşısına qoşun çıxarmaq istəyən Xan, öz çaparına hər kənddən bir Dəli çağırmağı tapşırır. Xan, Qarabağ mahalının hər kəndindən tanıdığı Dəliləri orduya çağırır. Çapar, xanın tapşırığını yerinə yetirmək üçün ata süvar olarkən, yadına düşür ki, axı Xan Çəmənlidən çağırmaq istədiyi Dəlinin adını demədi. Ay Xan, bəs Çəmənlidən hansı Dəlini çağırım, — deyə soruşanda Xan cavab verir ki, Çəmənlidən kim qarşına çıxsa, bura göndər.

25 iyun 2018-ci il. Sinif yoldaşım, dostum Nizami Bayramov ilə «Seyid Lazım Ağa» məqbərəsi önündə

Dəli Çəmənli haqqında ballada…

Qarabağın qucağında,

Allı-güllü,

Ən laləli,

Ən sünbüllü,

Ən bülbüllü bucağında,

Bir kənd vardır.

Çəmənlidir onun adı.

Çəmənlimdir!

Şehə batmış çəmənimdir!

Ürəyimdir!

Dirəyimdir!

Çörəyimdir!

Əbədilik gərəyimdir!

Əbədilik verib mənə

Ulu Tanrı bu diyarı.

Neçə-neçə igidlərin yadigarı.

O sarsılmaz igidlərdən

İlham alıb bu gün mən də,

Böyük dastan yaratsaydım Çəmənlimdən…

Qarabağım, qəm otağım,

Qəza-qədər öz ortağım.

Tale yüklü arzulara

Həsrət qalan

bir yatağım.

Sakit-sakit keçib gedir

Bu zamanın gərdişində neçə insan.

Sənsə belə şax qalmısan,

Şux qalmısan.

Tarixlərdə adın qalıb «Dəli» kimi

Bir vüqarlı

Dəli ömrü yaşamısan.

Dəlidağ tək,

Dəli Kür tək ad almısan.

Sarsıdarmı səni fələk.

Dəli kimi tarixlərdə qalar aldın

Dəli Həsən,

Dəli Domrul,

Dəli Becan,

Tarixlərin neçə-neçə Dəlisi tək,

Bu gün məni bağışlasın

At oynadan babalarım,

Niyə mən də olmamışam

Bəs onların birisi tək?..

Deyirlər ki, bir zamanlar

Bir qəddar şah

diş qıcıyıb bu torpağa.

Ürəyindən Qarabağda

Talan qurmaq gəlib keçib.

Qoşun yığıb,

Hücum çəkib.

Od vuraraq neçə-neçə tarlasına,

Gəlib çıxıb

Qədim Şuşa qalasına

Cuşə gəlib hayqırıbdır:

«Eheey!

Hanı bu torpağın kişiləri?

Mən gəlmişəm bu dağları,

Dərələri oylaq edəm.

Aran məni yandıranda

Bu yerləri yaylaq edəm.

Mən gəlmişəm

Sizdən baci-xərac alam.

Qılıncımın qəbzəsinə

Rəvac alam.

Güc məndədir,

Qüvvət məndə.

Elm, helm, qüdrət məndə.

Atdan düşün,

Qılıncımın altdan keçin,

Sonra rahat əkin, biçin.»

Qəribədir!

Diş qıcıyır hamı bura.

Hamı salır vurhavura.

Anlamırlar,

Bura elə bir diyardır,

Quş uçarsa, qanad salar,

Qatır gəlsə, dırnaq salar.

Bir kimsənin torpağına

Dikməsək də göz heç zaman,

Bizlərə xor baxan gözün

Didəsinə od salarıq.

Biz özümüz

Torpağından bac alarıq!

Qala xanı məşvərətə adam yığdı:

— Balam bu şah at oynadır

Deyir baba,

Burda mənəm,

Bağdadda da kor xəlifə.

İstəyirəm,

Sahib çıxam hər tərəfə.

Anlatmışam neçə dəfə,

Bu fikirdən daşın, bala!

Yığsam əgər

Mən dövrəmə qoşun, bala!

Başsız qalar,

Bu qalada leşin, bala!

Nə yazıq ki, bunu qanmır,

«Dava!» deyir heç utanmır.

Bu gün gərək xəbər gedə

Hər obaya,

Hər yaylağa,

hər çadıra,

Dəliləri yığaq bura.

Əfətlidən Əkbər gəlsin,

Mahrızlıdan Qəmbər gəlsin.

Üçoğlana salın nəzər,

Dəli Həsən harda gəzər?

Hər kənddən bir Dəli gəlsin.

Kəngərlidən Vəli gəlsin,

Ovşarlardan görün kim var?

Lənbərandan Dəli Qafar,

Göytəpədən Dəli Cabbar.

Qiyaslıdan vuran-tutan

Dəli Aslan.

Unutma bax,

Qərvənd,

Xaçın,

Xındırıstan.

Dəli Əhməd,

Dəli Məmməd,

Dəli Qurban!

Quzanlıdan Dəli İmran.

Mərzilidən Dəli Soltan,

Dəli Yaqub Gülablıdan.

Xıdırlıda ayaq saxla!

Dəli Rzanı bura yolla…

Tez yəhərlə köhlən atı,

Hə, igidim durma, atlan,

Tez bura yığ camaatı.

— Ay xan, ay xan…

Heç demədin Çəmənlidən?

Çəmənlidən kimi bura

Çağırım mən?

— Çəmənlidən?..

Çəmənlidən hansı Dəli

qənşərinə çıxsa əgər

Bura göndər!

…O zamandan keçib illər.

İndi xan da

Qəddar şah da tarix olub.

Bu zamanın gərdişindən,

Sənin «Dəli» adın qalıb.

İndi hamı elə bilir,

Dəli olmaq asan işdir.

Dəlixana sarıdan da

Koroğlumuz yoxdu, «şükür»!

İndi çoxu

əsgərliyin orda çəkir.

Sonra ona daşdan keçən

Kağız verir dəlixana.

«Devit be”dir,

silah vermək olmaz ona.

Atasının pul kisəsi,

Cağbacağlı Mersedesi

dura-dura,

Dəli hara,

əsgər hara?

Ağrımasın təki başı,

Kim istəyir töhmət etsin.

O dəlidi-ağıllıdı,

qoy dəlilər xidmət etsin.

Ay papanın gül dəlisi,

Ay mamanın gül dəlisi,

Get özünə başqa ad qoy,

Dəliliyə dəymə, bala!

Dəli sənə tutar bir toy,

Çox özünü öymə, bala!

O dəlilik kağızını cırıb tulla.

Kəmər qurşa,

Qılınc bağla.

Xəbər göndər haykazlara.

Dəli, dəli görməyincə,

Dəyənəyin qısmaz dala.

Hünər göstər,

Ad-san qazan!

Onda deyim, sən Dəlisən!

Kağız-kuğuz Dəliliyə

Əsas vermir «dəli» bala!..

Bakı, Çəmənli, mart 2011-ci il.

Bu rəvayət elə bil mənimlə əkiz doğulub. Sonralar bəzi insanlar bu rəvayətin mənasını təhrif edərək «dəli», yəni ağlı çatmayan kimi camaatın qəlbinə yeritmək istəsələr də, mümkün olmadı. Hamı bilirdi ki, qədim zamanlarda azəri türkləri yaşayan məmləkətdə, «Dəli» adı igidlərə, qoçaq, vuran-tutan adamlara verilərdi…

Burada daha bir haşiyə çıxmaq istəyirəm. 2011-ci ildə Beynəlxalq Vikipediya səhifələrində Çəmənli kəndinin haqqında bir cümlə belə yazılmadığını görəndə çox təsirləndim. Dostum Akif Abışova zəng elədim. Akif müəllimÇəmənli kənd orta məktəbinin1972-ci il buraxılışının məzunudur. Xatırladım ki, Çəmənli məktəbinin bütün tarixi ərzində bu məktəbi bitirənlər içərisində 1972-ci il buraxılışının məzunları qədər bilikli, bacarıqlı, istedadlı şagirdlər yetişməmişdi. Bunların içərisində Akif müəllimi xüsusilə qeyd etmək istəyirəm. O, 1973-cü ildə ADU-nin tarix fakultəsının qiyabi şəbəsinə daxıl olub. 1974—1976-cı illərdə Sovet Ordusu sıralarında xidmət edib. 1981-ci uildə Universiteti bitirəndən sonra Azərbaycan Daxili İşlər Nazirliyində xidmətə başlayan Akif Abışov, sıravi milis serijantından Polis Polkovniki rütbəsinə qədər yüksəlib. Biz, ixtisasca tarixci olan Akif müəllimlə məsləhətləşib bu nəticəyə gəldik ki, dövri mətbuatda, internet saytlarında, Vikipediya səhifələrində müəyyən materialları yerləşdirmək lazımdır. Belə də etdik. Əvvəlcə, “cemenli.az” saytını yaratdıq. Vikipediya səhifəsində kəndin yaranma tarixi barədə məlumat verərkən, belə qərara gəldik ki, onun təxminən beş yüz il tarixə malik olduğunu qeyd edək. Bu fikir ağlımıza elə-belə gəlmədi. Gözlərimizin önündə Çəmənli qəbristanlığındakı yazısı silinib gedən, özü axıracan torpağa batan qəbir daşları gəlirdi. Hələ uşaq ikən, kəndin ağsaqqallarının yanında oğrun-oğrun Çəmənli qəbristanlığının qədim ərazısını dolaşırdım. Heç yadımdan çıxmaz, Cəmil əmi, Müseyib əmi, əski əlifba ilə çox yaxşı oxuyan Yapon əmi…

Yapon əmi köhnə qəbirlərin başdaşındakı yazıları oxuyurdu. Məni ən çox qəbirlərin tarixi maraqlandırırdı. Az-çox oxunan daşların üstündəki yazıların tarixi yüz əlli-iki yüz ili haqlayırdı. Amma orada artıq yarıyacan torpağa batan, yazıları oxunmaz hala düşən nə qədər qəbir daşları vardı. Onların tarixi kim bilir, neçənci illərə gedib çıxırdı?.. Düşündük ki, bu daşların ən azı 400—500 il tarixi var. Ona görə təxminən 500 il qeyd etdik.

Bir neçə gündən sonra Vikipediyada bizim daxil etdiyimiz materiallar azərbaycanlı vikipediyaçılar tərəfidən ləğv edilmişdi. Əvəzində isə Azərbaycan Toponimlərinin ensklopedik lüğətinə əsaslanaraq yazılmışdı ki, Çəmənli kəndi 1918-ci ildə yaradılıb. Yaxşı, onda bəs Çəmənli qəbristanlığındakı 300—500 il tarixi olan məzarlar kimindir? Molla Pənah Vaqifin Molla Vəli Vidadi ilə deyişməsində adını böyük hörmətlə çəkdiyi Hətəmxan ağa haralıdı? Ən azı MDTA da Çəmənli Hətəm xanın, Çəmənli Hacı Tahirin obaları kimi 1844-cü ilə aid əhalinin siyahiya alınma sənədlərində qeyd olunan 68 evdə yaşayan 237 nəfər harada yaşayırdı?

Əziz həmkəndlilərim, siz heç narahat olmayın. Biz bu barədə də öz sözümüzü deyəcəyik. Hazırda tarıxci Ənvər Çingizoğlu ilə Akif müəllim bu sahədə araşdırmalar apararaq müəyyən tariıxi həqiqətləri üzə çıxarırlar.

Amma mən hələlik onu qeyd edim ki,1844-cü ildə Rusiya İmperiyası tərəfindən keçirilən siyahıyaalmada Çəmənli Hətəm xanın obası 68 evdən ibarət olub 237 nəfər sakin göstərilmişdi. Çəmənli Hacı Tahirin obası isə 40 evdən ibarət olub, obanın sakinlərinin sayı isə 126 nəfər olmuşdur.

Mənim yazım Çəmənli kəndinin qədim tarixinə həsr edilmədiyi üçün burada öz qeydlərimi dayandırıram.

...Seyid Yusif Ağa ilə söhbət edərkən ona içimdə yaşatdığım bir arzumu bildirdim. Dedim ki, mən Seyid Lazım Ağa haqqında yazı yazmaq istəyirəm. Ağanın nurani çöhrəsinə güclə sezilən bir təəccüb qondu.

— Ağanı görmüsənmi? — deyə soruşdu.

— Görmüşəm, amma yaxşı yadımda deyil, -deyə cavab verdim.

— Görmədiyin, tanımadığın şəxs haqqında yazmaq çətindir axı, -dedi Ağa.

— Bilirəm, çətindir. Amma tarixdə belə şeylər çox olub. Böyük şəxsiyyətlərdən yüz illərcə sonralar da, onların haqqında layiqli əsərlər yazılıb…

Ağa bir anlıq sükuta qərq oldu. Hiss elədim ki, sözlərim onun ürəyinə narahatlıq gətirdi. Amma sükutu pozmaq istəmədim. Bir neçə andan sonra Ağa təmkinlə sözünə davam etdi:

— Seyid Lazım Ağa sadə bir insan olub. O camaatın içində yaşayıb, sadə həyat sürüb, insanlara əl tutmağı, yaxşılıq eləməyi həyat tərzi seçsə də, bu barədə danışmağı heç zaman sevməyib. Ağa insanlara ürək-dirək verib, qəlblərində ümid işığı yandırıb. Çətinə düşən Allah bəndələrinə Allahın kəlamlarınin qüdrətini öyrədib, cəddinin bütün gücünü bir xoş sözlə, bir sevgi dolu baxışla el-obanın camaatına çatdırıb. Bunu Vətənini, xalğını canı kimi sevən hər bir adam etməlidir, burada qeyri-adi nə var ki?

Bu dəfə susmaq növbəsi mənə çatdı. Dönüb «Seyid Lazım Ağa» məqbərəsinin həyətindəki ağaclara baxdım. Yarpaqlar günəşin şəfəqləri altında parıldayırdı. Həyət, cəh-cəh vuran quşlarla dolu idi. Qızılgül kollarının ətrafında arılar uçurdu. Hər yan gözəl idi. Cavanlar Ağanın məqbərəsini ziyarət etdikdən sonra bağçada dolaşır, sanki bu gözəllikləri gözlərinə köçürmək istəyirdilər. Bu insanları bura gətirən Ağaya olan sevgi idi. Tanrı tərəfindən onun cəddinə bəxş edilən qüdrətə inam hissi idi. Düşünürdüm ki, cəmi bir neçə saatdan sonra mən də, bu ziyarətə gələnlər də, hamımız çıxıb gedəcəyik. Amma hərəmiz öz içimizdə Seyid Lazım Ağa nurundan bir zərrə aparacağıq. İllər keçəcək, bu günlər də bir tarix olacaq. Amma bura üz tutan insanların sayı heç zaman azalmayacaq. Bəs, bu adamlar Ağa haqqında məlumatı haradan alacaqlar? Ağa ona üz tutub gələn insanlara nəyi bəxş edirdi? O necə yaşayırdı? Nələri təlqin edirdi? Öz həyat tərzini nümunə göstərməklə el-obasına nəyi başa salmaq istəyirdi? Özüm də öz suallarıma cavab verirdim:

— Ağa ona pənah gətirən insanların içində sarsılan Allah sevgisini onlara qaytarırdı. Ağa insanlara Allahın Əhli-beyt nəslinə bəxş etdiyi xeyir-dua vermək şərəfindən istifadə edərək, onlara xeyir-dua verirdi. Ağa insanlara Allahdan ruzi-bərəkət diləyirdi. Ağa, duası həmişə hasilə yetən bir mömin idi. Ağa Allah adamı idi. Ağa Allahı sevirdi, Allah da öz mömin bəndəsini sevirdi. Allah sevdiyi insanları belə urvatlı edir. Ağa Allahın urvatlı bəndəsi idi. Allahın sevdiyi bəndədən yazmaq Allaha xoş gedən bir iş deyildimi?

Mən bunları Seyid Yusif Ağaya demədim. Amma Ağa haqqında yazmaq fikrimi də dəyişmədim. Doğrudur, hələlik bu bir arzu olaraq içimdə qalır. Amma bir gün bu arzumun Ulu Tanrının köməkliyi ilə həqiqətə çevriləcəyinə inanıram. Yəqin Seyid Yusif Ağa bu sətirləri oxuyanda gülümsəyib deyəcək:

— Ay Dəli Çəmənli balası…

Bəli, əvvəla, mən Seyid Lazım Ağanın nurani çöhrəsini güc-bəla ilə xatırlayıram. Agdamın Çəmənli kəndində orta məktəbi bitirəndən sonra təhsil almaq üçün Bakiya gəldim. Hələ 16 yaşım tamam olmadığı üçün pasport da almamışdım. Ürəyim istəyən sənəti seçmək mənə qismət olmadı. Ömrümün yolları başqa istiqamətə yönləndi. Atam-anam çox erkən vəfat etmişdilər. Maddi sıxıntılarım vardı. Tez-tez kəndə, Ağdama gedib-gələ bilmirdim. Gedəndə də yolum Ağdamdan düşmürdü. Sonra da hərbi xidmətə çağırdılar. Hərbi xidmətdən sonra, yarımçıq təhsilimi başa vurub Mərkəzi Statistika İdarəsində işə girdim. Bir müddətdən sonra ailə qurdum. Qayğılar bir az da artdı. Bəlkə də ağlım kəsəndən sonra tez-tez Ağdama gedib-gəlsəydim, bu gün Ağa haqqında deməyə sözüm daha çox olardı. Nə edim? Amma ürəyimdə olanları demək borcumdur.

Ustadımız Şəhriyarın «Heydərbabaya salam» poemasındakı bir bənd içimi yandırır.

Elə bil bu bənd mənim üçün yazılıb:

Şəhriyarın məzarı önündə

Təbriz. 18 iyun 2014-cü il. Üstad Şəhriyarın məzarı önündə

Heydərbaba, yolum səndən kəc oldu,

Ömür keçdi, gələmmədim, gec oldu.

Heç bilmədim, gözəllərim necə oldu.

Bilməz idim döngəlik var, dönüm var

Ayrılıq var, itginlik var, ölüm var.

Yollarım Qarabağımdın, Ağdamımdan, Çəmənlimdən kəc oldu. Ailə qurduğum xanım da öz kəndimdən-kəsəyimdən, Ağdamımdan, heç olmasa Qarabağimdan deyildi. Dədə-babalarımız demişdi: — «elini ürküt, axsağından yapış». Necə gözəl bir deyimdir… Mənasını gec anladım. Yollarımı tez-tez Qarabağdan deyil, Şirvandan salırdım. Şirvana da canım qurban, Muğana da, Milə də… Amma Qarabağ Qarabağdı axı!. Onu nə ilə əvəz etmək olar? Dədə-babalarımızın bir zərbi-məsəli də mənə aydın oldu: Soruşurlar, haralısan? Deyir: «hələ evlənməmişəm».

İkinci, Ağanın şirin söhbətlərinin şahidi olmamışam. Ona görə də ustümə götürdüyüm bu çətin vəzifədə Uca Allaha sığınır, onun mənə yardımçı olacağına inanıram. Haqqın dərgahına aparan bu yolda Ağanın müqəddəs ruhunun mənimlə olacağına, mənim əlimdən tutub doğuldugu, yaşadığı yerləri qarış-qarış dolandıracağına inanıram.

Bu yazını yazan anlarımda canım qədər sevdiyim Qarabağ torpağı, qəlbimin həsrətli nisgil dağı Ağdamım ağır günlərini yaşayır. Minlərlə insan öz yurd-yuvasından didərgin düşüb. Neşə-neçə şəhid igidlərimizin məzarı düşmən tapdağı altında qalıb. Sovet hökumətinin bir saat da olsun belə bağlamağa qadir olmadığı məscidimizdən azan səsləri eşidilmir. Məscidin özü yavaş-yavaş uçub dağılır. Müasir dövrdə dünya siyasətçiləri artıq bəşəriyyətin qatı cinayətlərindən birini — Qarabağda azərbaycanlılara qarşı soyqırım törədilməsini ört-basdır edə bilmir. Dünya mətbuatı törətdilən vəhşiliklərdən, neçə-neçə şəhərlərin, kəndlərin talan edilərək məhv edilməsindən danışır. Bir zamanlar yüz minlərlə insan yaşayan Ağdamın, Xirosimadan betər dağıdıldığını bildirir. Erməni xisləti sivilizasiyaya agah olur. Bəşəriyyət kütləvi gipnozdan ayılaraq gözlərini döyür. Heç kim erməni təbliğatının necə qurbanı olduğunu anlaya bilmir. Amma bu, bizim dərdlərimizi bir zərrə də olsun azaltmır.Torpağından ayrı düşən nəslimiz, ev-eşiyindən uzaq, onun-bunun püşkəyində cansıxıcı həyat sürür. Ağsaqqallarımız, ağbirçəklərimiz «Ağdam!» deyə-deyə dünyanı tərk edir. Yeni doğulan körpələrimiz artıq Qarabağlı deyil. Lakin, düşmənlərimiz rahat olmasın. Tam əmin olsunlar ki, bu qisas qurdla qiyamətə qalmayacaq. Biz mütləq öz torpaqlarımıza sahib çıxacağıq. «Arxalı köpək qurd basar», — deyiblər. Lakin, intiqam saatında heç bir arxa onlara kömək edə bilməyəcək. Hazırda, Azərbaycan iqtisadiyyatı inkişafının ən yüksək mərhələsinə qədəm qoyur. Ordumuz gündən-günə güclənir. Gənclərimizin qəlbində vətənpərvərlik ruhu yüksəlir. Biz hamımız Ali Baş Komandan-cənab İlham Əliyevin əmrinə müntəzirik!. Biz öz gücümüzə əminik!. Qoy, bizim qətiyyətimizə kimsə şübhə etməsin!.. Ulu Tanrı bizim üzərimizə çox yüksək bir vəzifə qoyub: — Qarabağı azad etmək!. Bunun üçün birləşməli, əlbir olmalıyıq. Yoxsa, qiyamət günü Ağamızın üzünə baxmağa üzümüz olmayacaq. Bizi, məzarları düşmən tapdağı altında qalanşəhidlərimizin, ata-babalarımızın ruhları da bağışlamayacaq.

…Bu gün Ağanın cismi Ağdamın dilbər guşələrindən biri olan, axarlı-baxarlı Çəmənli kəndində bir məqbərənin altında uyusa da, onun ruhu Qarabağın dağlarında, düzlərində dolaşır, «Allahu-Əkbər!«ə, azan sədalarına həsrət qalan məscidi-minarəni, yetim qalan ağacları, gülləri, çiçəkləri xeyirxah əlləri ilə tumarlayır, onlara ürək-dirək verir. Aganın ruhu rahat deyil. Ağanın ruhu intizar içindədir. Ağa yol gözləyir. Ağa igidlərin, ərənlərin yolunu gözləyir. Ağanın ruhu göz işlədikcə uzanıb gedən Qarabağ düzlərinə tərəf boylanır, sevdiyi insanların vüsalı həsrətilə çırpınır. Narahat olma, Aga! Biz qalib gələcəyik!. Biz mütləq qalıb gələcəyik!. Əgər ürəyimiz qələbə eşqi ilə çırpınmırsa, onda o ürəkdən nə fayda…

Bakı, 2012-ci il.

P.S.

Bu kitab çapa hazırlanarkən Çəmənli kəndində faciəli hadisələr baş verdi. İşğalçı Ermənistan ordusunun terrorçularının kəndlərimizi top atəşinə tutması nəticəsində dinc sakinlər — Hüseynov Əli Müseyib oğlu və Mustafayev Famil Əli oğlu həlak oldular. Hər iki həmkəndlimə Ulu Tanrıdan rəhmət diləyirəm. Qoy, dinc kənd sakinlərini hədəfə alan hərbi geyimli terrorçular əmin olsun: Biz onların murdar ayaqlarını torpağlarımızdan kəsəcəyik.

Dəlidən doğru xəbərlər

«Ruhlar şəhəri» nə sağlam nəzər

Zaur Qarabağiyə həsr olunur

Gözlərimin önündə Ağdamın xarabalıqları… Şəkillər, şəkillər, şəkillər…

Elə bil xarabalıqların şəkillərini yaymaq üçün yarışa girmişik. Kim daha «gözəl» şəkil yaya bilər. Ah, səndə dağılmış məscidin şəkli varmı? Ah! Bu çay evidi… Gör nə günə düşüb? Onu blituzla mənə göndər. Evdə nənəmə göstərəcəm. Ay Allah, bu nədi, mədəniyyət evidi? Gör nə cür dağıdıblar? Əla! Onu da göndər…

Söhbətə qarışıram… Tezliklə Ağdam şəhəri işğaldan azad olacaq!

— Nəə? Ola bilməz! Tarixində inanmaram. Bu gün Ağdam azad olsa, ayaqyalın-başıaşıq Ağdamacan gedərəm, amma inanmaram, öldürəsən, inanmaram.

Susuram. Allah sənə kömək olsun!. Allah sənə bircə zərrə də olsa, ümid versin, deyə

ürəyimdə dua edirəm.

Zaur Qarabaği

Gəncliyimdə Əfətlidə Mikayıl adlı (Allah rəhmət eləsin!) bir tanışımın kitablarının içində bir kitab gördüm. Adı da qəribə idi: «Fikir dalınca». Kitabı oxumaq üçün istəyəndə tanışım az qaldı məni qucaqlayıb öpə. Sən bu kitabı niyə seçdin? Bu kitab insanın fikirlərinin ən canlı, ən kamil bir yaradıcı qüvvə olduğunu deyir. Sözlərindən heç nə anlamadım. O vaxtlar o kitabı da anlaya bilmədim. Demək olar ki, oxumadan sahibinə qaytardım. İlk oxuduğum dini kitabda deyilirdi: " Allah insanı öz timsalında yaratdı, özünə oxşar yaratdı». Qəbul etdim. Doğrudan da insan yaradıcıdır. Amma insan Allahdan fərqli olaraq, cansız aləmi yaradır. İnsan hər şey yaradır, amma onun yaratdığları zamana qalib gələ bilmir. Bir zamanlar mən də belə fikirləşirdim. Arqonavt Yasonun gəmisi yadınızdamı?..Uzaq bir adada başı keyfə qarışan yunanların gəmisi tez bir zamanda yarıyacan quma batmışdı. Doğrudan da, İnsan zamana qalib gələ bilmir…

Nə? Mən nə danışıram? İnsan zamana qalib gələ bilmir? Onu kim dedi? Zamana qalib gələn insan yoxmu? Bəs, Məhəmməd peyğəmbər (S.A.Ə.S) Bəs, Sokrat? Bəs, Nizami? Bəs, Motsart? Bəs, Bethoven? Bəs, İsaak Nyuton? Bəs Eynşteyn? Bəs, Mustafa Kamal Atatürk? Bəs, Heydər Əliyev? Onların yaratdığına cansız demək olarmı? Axı, onlar nə yaratmışdı? Onların yaratdığı ilk öncə sadə bir fikirlə başlamırdımı? Hər bir işin başlanğıcında sadə bir fikir, sadə bir ideya durmurmu? Sonra nələr baş verir? Daha güclü bir qüvvə olan inam yaranmırmı? Hər şeyin inamdan başladığı aydın deyilmi? Məgər onlar özləri yaratdıqları ilə bərabər yaşamırmı? Yox? And içə bilərsiniz? Həə? Bilirəm, bilirsiniz ki, onlar yaşamır. Qəbirləri hardadı, onu da bilirsiniz. Görürəm, çox məlumatlısınız. Siz uça bilirsinizmi? Nəə? İnsan uça bilməz? Ah, siz realistsiniz! Aydındı!

Heç nə aydın deyil! Mən bu gün Ağdamı sizdən fərqli görürəm:

Ağdam böyük bir tikinti meydanıdır. Minlərlə ekskovatorlar, buldozerlər şəhərin ərazisini müharibənin törətdiyi zibilliklərdən təmizləyir. Mühəndislər layihələr tərtib edir, planlaşdırırlar. Minlərlə maşınlar daş, çınqıl, qum daşıyır. Əyinlərində tikinti forması on minlərlə insan Yeni Ağdamı tikir. Parklar, salınır, yollar çəkilir, məscid təmir olunur. Yeni Aeroport binası inşa olunur, Yeni dəmir yol vağzalı, avtovağzallar tikilir.. Yollar boyu ağaclar əkilir, üzümlüklər salınır (mən üzümü çox sevirəm). Hələ çox şeylər yaza bilərdim. Qorxuram oxumayasınız! Bəlkə də oxumayacaqsınız. Amma oxuyan tapılacaq. Mənim təsvir etdiyim Ağdama öz varlığı qədər inanan insanlar var. Bizimlə,...siz inanmayanlar görəcəksiniz bu işi…

Yeri gəlmişkən...Allah işinizi avand eləsin!

P.S.

Məni xəyalpərəst adlandırmaq istəyənlər G. Uelslə V. Leninin söhbətini yadınıza salın. Dogrudur, mən V. Lenin deyiləm, amma...siz də G. Uels deyilsiniz!

Nə əkərsən, onu biçərsən…

Bir atalar sözünü yadınıza salmaq istəyirəm:-«Nə əkərsən, onu biçərsən»…

Çox sadə bir atalar sözüdür. Bu atalar sözü o qədər sadədir ki, uşaqdan-böyüyə kimin yolunu kəib soruşsan ki, bir atalar sözü bilirsənmi, deyəcək hə: «Nə əkərsən-onu biçərsən». Sadəlikdə bu atalar sözündən sadə atalar sözü fikirləşib tapmaq çətindir. Mən dünya xalqlarının mədəni irsi ilə tanış olanda gördüm ki, elə bir xalq yoxdur ki, onun folklorunda bu hikmətli söz olmasın. Əcəb işdir, niyə bu atalar sözünü bütün xalqlar işlədir? Dərin fikrə getdim. Yəqin bu hikməti aləmi quran zaman cənabi-Haqq Adəm atamıza öyrədib. Dünyada olan bitkilərin adlarını öyrədib sonra da başa salıb ki, hansı bitkinin toxumunu əksən, onun da məhsulunu yığacaqsan. Doğrudan da, taxıl əkən taxıl biçəcək, arpa əkən arpa biçəcək və c.

Hamıya məlum olan, hamının əzbər bildiyi bu atalar sözündən təzə nə icad eləmək olar? Bu sadə, lakin mənalı sözün içində başqa bir həyat həqiqəti şifrələnə bilərdimi?

Axı, hər şey aydındır!.. Dayan!…

Dünyanın ən böyük dahilikləri sadəliyin içindədir. Hər bir sadəlik zamanın sınaqlarından çıxdığı üçün sadədəir. Çünki o sadə olmasaydı, əsrlər boyu xalqlar onu qoruyub saxlaya bilməzdi.

Bu atalar sözünün dahiyanə olduğunu isbat etmək üçün bir misal çəkmək istəyirəm. Təsəvvürünüzə bütün həyatını əkin-biçin işlərinə sərf edən bir insanı gətirin. O nəyi əkəndə nəyin bitdiyini yer üzərində yaşayan, lakin əkin-biçindən başqa, hər bir işlə məşğul olmağı bacaran insanlardan çox-çox yaxşı bilir. Tutaq ki, bu insan gəldi şəhərin ən hörmətli, aqil müdriklərindən birinin yanına, dedi ki, ay ağsaqqal, mənə bir müdrik söz öyrət. Ağsaqqal da, asta-asta saqqalını tumarlaya-tumarlaya dedi ki, bax oğlum, yadında saxla, nə əkərsən, onu da biçərsən. Sizcə, o əkinçi insanın o müdrik qoca haqqında fikirləri necə olar? O əkinçi, o müdrik qocanın sözlərindən bir şey anlayar, ya yox? Vallah, o əkinçi o müdrik qocanı məsxərəyə qoyar, kəlamına qaqqanaq çəkib gülər, -Müdrik gəlib kəndə, guya mən bilmirəm, kartof əkən kartof yığar, arpa əkən arpa biçər, buğda əkən buğda biçər. Ta mən turp əkib kələm yığmayacam ki…

Boynunuza alın, sizin də dodağınız qaçdı. Amma tələsməyin. Məni o əkinçi kimi düşünənlərdən hesab etməyin. Sözümün içində bir hikmət olmasaydı, sizin qızıl kimi vaxtınızı bu qədər alardımmı?

Bu atalar sözünün iki mənası var. Biri görünən tərəfidir, biri görünməyən tərəfidir. Görünən tərəfindən danışdıq. Keçirəm görünməyən tərəfinə…

İnsanın təkcə əli ilə əkib-becərdiyi toxumlar cücərib boy atmır. Onun fikirləri, arzuları, xoş niyyətləri də torpağa əkilən toxumlar kimidir. Toxumları əkib onu günəşin isidəcəyinə, yağışın sulayacağına ümid edərək məhsul aldığımız kimi, əkdiyimiz fikirlər və arzuları da ümidlərimiz və inamlarımız isidir, suvarır və tez bir zamanda bol bəhrə yetirir. İnanın ki, arzu və ümidlərimizi əkdiyimiz mühit, öz münbitliyi ilə qara torpaqdan heç də geri qalmır. Hər bir insanın həyatı onun inamla arzuladığı nemətlərlə zəngin olur. Sanki, kainatda hansısa qüvvə insanları arzularına doğru aparır. O qüvvə bizim İNAMIMIZDIR. Biz inansaq ki, dağı dağ üstünə qoya bilərik, deməli qoya bilərik. Biz inansaq ki, tez bir zamanda Azərbaycanımızı çiçəklənən bir diyara çevirə bilərik, deməli bilərik. İnamlarımız bizi ən böyük qələbələrə gətirər. Gətirir də…

Düz deyir atalarımız: Nə əkərsən, onu da biçərsən. Xeyir əkərsən, xeyir biçərsən; yaxşılıq edərsən, yaxşılıq görərsən, köməklik edərsən, köməklik edərlər…

Düzdə qalan düzlük…

Qəribə ifadə idi… göydən yerə bulud-bulud yuxu yağır. Bu sətirləri «Facebook» səhifələrində bir dostum yazmışdı. Əvvəlcə sadəcə «xoşum gəldi» kimi qeyd edib keçmək istədim. Hətta kursoru düymənin üstünə də gətirdim. Amma sonra kəlama şərh yazmaq istədim. Bir anlığa fikrə getdim. Bəlkə, şən əhval-ruhiyə yaradan bir cümlə yazım? Məsələn: Yatağanların ən böyük arzusu, yuxudan əziz heç nəyim yoxdur və c. Sonra fikirləşdim ki, əgər göydən kiminsə istəyi ilə bulud-bulud yuxu yağa bilirsə, deməli, onda başqa istəklərimiz də yağa bilər. Bəs nə yağa bilər? Bəlkə də həyatımda ilk dəfə bu sualı öz-özümə verirdim. Necə yəni nə yağa bilər? Hər şey yağa bilər. Amma istəsək...Beləliklə, çox maraqlı bir misra yarandı:-Göydən yerə hər şey yağar...istəsək! İndi mən bu bircə misra ilə nə edim? Bəlkə elə şərhə bunu yazım çıxıb gedim işimin, gücümün dalınca? Belə də etdim. Bu sözləri kəmali-ədəblə şərh yerinə yazdım. Amma məni qane etmədi. Yazını sildim. Ağ vərəq çıxarıb qarşıma qoydum. Həmin sətri vərəqin tən ortasına yazıb fikrə getdim. Dostum Kərimin nə zamansa mənə dediyi bir sözü xatırladım. İnsan Allahdan bir şey istəyəndə gərək bir pis adətindən əl çəkə. Nəyə görə? Yəni deyə bilə ki, mən bu pis adətimi tərk edirəm ki, Tanrıdan nəsə istəməyə üzüm olsun.

Dayan!..

Göydən yerə hər şey yağar… istəsək,

Amma gərək istəməyə üz ola…

Sətirlər mənə ləzzət verdi. Amma… içimdə yatmış bir vulkanı oyatdı. Bir neçə saniyədən sonra bir bənd şer hazır idi:

Göy dayanıb Yer üzünün üstə tək,

Rəbbim onu ölçüb-biçib usta tək,

Göydən yerə hər şey yağar...istəsək,

Amma gərək istəməyə üz ola.

Hər şey yaxşıdır. Amma bir bəndlə şer olmaz axı… Oyanmış vulkan üçün çox azdır. Ən azı gərək üç bənd ola. Amma mən əsas demək istədiyimi demişdim. Bundan artıq nə fikirləşmək olardı? Başımda çoxlu sözlər fırlanmağa başladı: göz ola, üz ola, duz ola, düz ola, söz ola və s. Bunlar hamısı çox işlənib. Məni çox cəlb edən duz ola sözü oldu. Xəyalımda bir neçə dəfə bu sözü «ola» rədifi ilə nə qədər əlaqələndirdimsə, bir şey çıxmadı. Bəlkə də çıxardı, amma o gün nəsə qeyri-adi bir şer yaranmalı imiş. Kağıza baxdım. Bayaq qarşıma qoyduğum ağ vərəqdən əsər-əlamət qalmamışdı. Artıq bir neçə sətir yazıb qaralamışdım. Amma ikinci bənd yaranmırdı ki, yaranmırdı. Deməli, mən öz yazılarımı düzəldə-düzəldə şer yazmaq istəyirəm. Nə? Düzəldə-düzəldə? Nə gözəl sözdür. Görəsən kimsə bunu işlədibmi? Görəsən hər kəs öz səhvini düzəldə bilirmi? Bəs Tanrı yazan bəxti kimsə düzəldə bilərmi? Ogul varmı haqq yazanı düzəldə? Bəh, bəh, bəh, şahanə! Oğul varmı Haqq yazanı düzəldə. Necə düzəldə? Kiməsə yazılan bəxti-taleyi düzəldə bilə, qismətinə yazılanı ya artıra, ya azalda! Bu da ikinci bəndin daha iki sətri:

Ogul varmı, haqq yazanı düzəldə?

Ya az arta, ya çox dönüb az ola…

Bir neçə dəqiqədən sonra ikinci bənd də hazır idi:

Verən əl ol, demə ola duz əldə,

Ürəyimin açarları düz əldə…

Oğul varmı, Haqq yazanı düzəldə?

Ya az arta, ya çox dönüb az ola!

Sonuncu bənddə nə yazacağımı bilirdim. Burada axırıncı misra belə olmalı idi:

Düzdə qalmaz, kimsə əgər düz ola.

İndi qalırdı bu sətri daha bir bəndə daxil edib şeri tamamlamaq. Burada sırf sözü fırlatma məharətimə arxayın idim. Bir neçə dəqiqədən sonra şerin üçüncü bəndini də tamamladım:

Mən alovam, sən olsan da buz ada,

Qəsdə dursam gücüm çatar buza da…

Vahid qurban düz ilqara, düz ada,

Düzdə qalmaz, kimsə əgər düz ola.

Əslində şerdəki əsas fikir ifadə olunan «düzdə qalmaz kimsə əgər düz ola» ifadəsi mənim camaat arasında işlənən bir fikrə qarşı üsyanım idi. Çox adam elədiyi yaxşılıqların müqabilində pislik görməsindən gileylənərək bu ifadəni işlədir: “ — düz düzdə qalar». Həmişə (həmişəmi?) məni fikir aparıb: Doğrudanmı, bizim ata-babalarımız heç kimə yaxşılıq etməməyi, düzgün olmamağı tövsiyə ediblər. Düzü, bu ifadəni çox eşitmişdim. Həmişə də bu mənada ki, düzgün olan pis vəziyyətdə qalar! Bu nəinki ata-babalarımızın mənəviyyatına, hətta Ulu Tanrının bizə tövsiyyə etdiyi islam dininə də zidd idi. Mən də bir üsyan kimi yazmışdım ki, düz heç vaxt düzdə qalmaz! Əsas məsələ də buradan başladı. Telefonu götürüb dostum Mahirə zəng vurdum. Şeri oxudum. Bəyəndi. Axırıncı bənddə ata-babalarımızın kəlamında nöqsan tapdığımdan, bu nöqsanı düzəltdiyimdən fərəhlə danışıb dəstəyi asdım. Sonra şeri bir neçə dəfə bərkdən oxudum. Aman Allah, sonuncu iki sətri bir neçə dəfə oxuyandan sonra gördüm ki, ifadə etdiyim fikir çox qeyri-adi səslənir. «Düzdə» sözü bəzən hecaya bölünür, nəticədə «düz də qalmaz kimsə əgər düz ola» kimi səslənir. Başdan-ayağa ziddiyyətlidir. Ay dadi-bidad! Bunu atalarımız başqa cür deyibmiş: Düz də qalar kimsə əgər düz ola! DÜZ İNSAN DÜZDƏ YOX, DÜZ DƏ QALARMIŞ! Sən demə, bu ifadəni təmənna ilə yaxşılıq edən insanlar təhrif edərək bu şəkildə başa düşür və işlədirmiş. Anladım ki, onlar yaxşılıq etmirmiş, sadəcə oz məqsədlərinə nail olmaq üçün cilidə girirmişlər.Belə hallarda adam orta barmağı ilə alnına deşik açılanacan döyəcləmək istəyir.

İnanın, bunu dərk edəndə, içimdə torpağacan əyilib ulu xalqımın ayağının altını öpmək istəyi baş qaldırdı. Bu arada dostum Mahirdən gələn telefon zəngi məni heç təəccübləndirmədi. Dostum da mənə yanlış fikirdə olduğumu deməyə tələsirdi. Çox sağ ol, dostum! Mən səni çox gözəl başa düşürəm. Biz öz xalqımızın hər bir kəlamının içində əsrlərdən gələn möhtəşəm bir həyat təcrübəsinin, böyük bir müdrikliyin olduğuna həmişə inanmışıq. Bu da daha bir sübut! Bu cür müdrik kəlam sahibi olan XALQIMA EŞQ OLSUN!!!

Bir neçə dəqiqədən sonra şer bitkin bir halda yeni bir vərəqdə təzədən yazıldı:

Düz ola

Göy dayanıb Yer üzünün üstə tək,

Rəbbim onu ölçüb-biçib usta tək,

Göydən yerə hər şey yağar...istəsək,

Amma gərək istəməyə üz ola.

Verən əl ol, demə ola duz əldə,

Ürəyimin açarları düz əldə,

Oğul varmı, Haqq yazanı düzəldə?

Ya az arta, ya çox dönüb az ola!

Mən alovam, sən olsan da buz ada,

Qəsdə dursam gücüm çatar buza da.

Vahid qurban düz ilqara, düz ada,

Düz də qalar, kimsə əgər düz ola.

Bakı, 22 iyun 2012-ci il.

Mən niyə kommunist olmadım?

Akif İldırım Nəcəfli dostumun axşam mənə tutduğu irad məni düşüncələrə qərq etdi. Bu sərt-kövrək dostum niyə məni ittiham etdi? Yəni doğrudanmı, mən səhv yoldayam? Doğrudanmı, həyatda özüm olaraq qalmağım üçün kiməsə qoşulmalı, kiminsə ideologiyasına baş əyməliyəm? Doğrudanmı, mən gözlərimi hansısa bir iddialı cənabın ağzına tikib, «hurrey» deməyə hazır olmalıyam? Kütləyə qoşulub öz sözü-siması olmayan bir robota çevrilməliyəm? Bu suallar məni narahat etdi. Narahat edən başqa suallar da vardı, onları yazmadım. Bir an duruxdum. Əcəba, mən düzmü edirəm? Yadıma 1972-ci ildə məni partiya sıralarına qəbul etməyə çalışan partkomumuz Usub müəllim düşdü. (Allah ona rəhmət eləsin) «Sən bizim ən ümidverici gənclərimizdən birisən. Səni tanıyırıq. Məktəbi əla bitirmisən. Nə olsun ki, bu il Ali məktəbə qəbul ola bilmədin. Gələn il mütləq qəbul olarsan. Orada partiyanın üzvünə yaxşı baxırlar. Qabağa gedərsən.»

Sükutla dinlədim partkomu. Susmağımı razılıq qəbul etdi. Sənədlərim hazırlandı. Məni, məndən asılı olmadan raykoma apardılar. Mən indi durub yalandan desəm ki, yox mən qaniçən bir partiyanın üzvü olmaq istəmirdim, heç kim mənə inanmaz. Bu heç belə də deyildi. Qarşımda belə bir üfüq açılırdı. Bundan imtina etmək ağılsızlıq idi. AMMA, ALLAH MƏNİ O PARTİYANIN ÜZVÜ OLMAĞA BURAXMADI. Komsomol biletim harasa yoxa çıxdı. Məni o ki, var danladılar. Yenidən komsomola keçirməyə heç kim cürət eləmədi. Həm də vaxt olmadı. Mən çıxıb şəhərə gəldim. Bakıda təhsil alarkən, mənim nə əcəb komsomılun üzvü olmadığımı soruşdular. Nə deyim? Cavab verdim ki, komsomol biletimi itirmişəm. İkicə günün içində komsomola qəbil etdilər.

Ara sıra şerlər yazırdım. Dostlarım mənə yalvarırdı ki, heç olmasa partiyadan, Lenindən bircə şer yaz, təqdim elə qəzetə, sonra ardı gələcək. Gözə sox özünü! Axşam kağız-qələmi götürüb dərin fikrə getdim. Leninə bir şer həsr eləmək istədim. Səhərəcən heç nə yaza bilmədim. Tanrı məni Leninə şer həsr etməyə qoymadı.

Hərbi xidmətdə olarkən rus dilində sərbəst danışmağımı, siyasi dərslərdə aktiv iştirak edərək, yoxlamaların qarşısında Komandirin siyasi işlər üzrə müavininin (zampolitin) üzünü ağ etməyimi nəzərə alan polkovnik, bütün sənədlərimi hazırlayıb alayın partiya yığıncağına təqdim etdi. Yığıncaq gününə bir gün qalmış hərbi xəstəxanada əməliyyat olundum. Tanrı məni ikinci dəfə Kommunist Partiyasının sıralarına buraxmadı.

Son dövrlərdə saysız-hesabsız partiyalar yarandı. Bu partiyaların əksəriyyətinin məqsədi-qayəsi hakimiyyətə gəlmək, yağlı tikələrə sahib olmaq idi. Laçının işğalı günü Bakıda inqilab edənlər yadıma düşəndə ürpənirəm. Mən o günü qəlbən Bakı küçələrində tanklarının üstündə bayraq yellədənlərlə deyil, Azərbaycana səpələnən bədbəxt insanlarla idim. Səngərdə sonuncu gülləsinəcən düşmənə müqavimət göstərənlərlə idim. Canım qədər sevdiyim Vətənimin kürəyinə xəncər soxmaq istəyən hansı partiyanın üzvü olaydım, əziz dostum?

Həmişə haqqın tərəfində olmağa çalışmışam. Bacardığım qədər haqqı müdafiə eləmişəm. Həmişə öz sözümlə, öz səsimlə danışmağa çalışmışam. İçində xəbislik olan bir nəfər dostum olmayıb. Səmimiyyəti sevirəm, özüm də səmimi olmağa çalışıram. Bir dəfə tələbə dostlarımdan biri mənə «özündən çox razısan» dedi. Təsəvvür edirsinizmi, on iki-on üç yaşından ata-anadan yetim qalan, qışın soyuğunda geyinməyə gödəkcəsi belə olmayan, olan-qalan 5 qəpiyini çörəyə verib, 3—4 km yolu yataqxanayacan piyada gedən insana lovğa deyəsən. Dostum deyəsən nəyisə səhv salmışdı. Bu lovğalıq deyildi. Bu içimdə olan Allah sevgısının mənə verdiyi QÜRUR idi. Mən onu heç vaxt itirmədim.

2003-cü ildə qanadlarına alıb məni Kəbəyə yetirən Cənabi-Haqqın dərğahında anladım ki, Dünyada ən düzgün yol Tanrının buyurduğu yoldur!

Budur mənim məramım. Budur mənim Partiyam.

Şəm’i-şami-firqətəm, sübhi-vüsali neylərəm?

Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm?

Qeyrə ərz et hər nə əsbabın ki, var, ey dəhri-dun!

Mən bir əhli-zövqəm, əsbabi, məlali neylərəm.

Yox əcəb, gər malə rəğıbət, mülkə qılman iltifat,

Mən gədayi-kuyi-eşqəm, mülkü mali neylərəm?

Əhli-haləm, demə büt vəsfin mənə, ey bütpərəst,

Hal bilməz dilbəri-sahibcəmali neylərəm?

Ehtimali-hicr təşvişinə dəgməz zövqi-vəsl,

Vəsl kim, var onda hicran ehtimali neylərəm?

Nəxli-qəddin istərəm, kandan bir bəladır hasilim,

Baxmazam şümşadə, bər verməz nihali neylərəm?

Ey Füzuli, qıl kəmali-fəzl kəsbin, yoxsa mən

Kamili-eşqəm, dəxi özgə kəmali neylərəm.

(Məhəmmıd Füzuli).

Məhəmməd Füzuli

Həsrət qoxulu güllər

Həsrət çəkə-çəkə yaşayırıq

Bir həsrət yükü doğulur bizimə. Bu yükü çəkə-çəkə yaşayırıq…

Cocuqluq dostlarımızın həsrətini çəkirik…

Əlimizdən tutub bizi məktəbin döngəsinə qədər aparan, arxadan gizli-gizli boyumuza baxıb fəxr edən atalarımızın həsrətini çəkirik…

Gizli-gizli sevdiyimiz tay-tuşlarımuz olan qızların həsrətini çəkirik…

Üst-başına cəhrənin, nehrənin ətri hopmuş nənələrimizin həsrətini çəkirik…

Quş dili bilən, gözləri nağıllar dolu babalarımızın həsrətini çəkiirik…

Bizə əlif-bey öyrədən müəllimlərimizin həsrətini çəkirik…

İsti qucağından perik düşdüyümüz analarımızın həsrətini çəkirik…

Doğulub boya-başa çatdığımız kəndin-kəssəyin, mehriban insanların həsrətini çəkirik.

Sağa-sola qara pul kimi xərclədiyimiz cavanlığımızın, sağlamlığımızın həsrətini çəkirik…

Yaşlanırıq, qocalırıq, sonra bu həsrətlərdən bezib ölümün həsrətini çəkirik…

Allah, Allah, bu ömür elə bir həsrət karvanı imiş ki…

Biz anadan elə həsrət çəkmək üçün doğuluruq deyəsən…

Atalarınızı sevin

(Atam Valehin əziz xatirəsinə)

Həyatımda bir atasız, xəyallarımda bir atalı dünyam vardı, ata…

Əslən Azərbaycanımızın cənnətməkanı olan Kəlbəcərin Başlıbel kəndindən idin.

Çəmənliyə cocuq vaxtlarında gəlmişdin. Babam Abbas (el arasında ona Avas kişi deyirdilər. 1961-ci ildə vəfat edib, Çəmənli qəbristanlığında dəfn olunub), nənəm seyid Ayna (təxminən 1939-cu ildə vəfat edib, Çəmənli kəndi ilə Zəngişalı kəndinin arasındakı sarıtəpənin qərbində, qoşa baş daşından 10—12 metr şimalda, yolun kənarında dəfn olunub), bibim Narbəsti (1983-cü ildə Naxçıvan MR, Şərur rayonunun Xanlıqlar kəndində dəfn olunub),

bir də sən…

Babamın yaxşı saz çalıb-oxumağı varmış. Səsini eşitmək mənə qismət olmadı. Mən onda balaca idim. Sənin haqqında babamın danışdıqlarından bilirdim ki, sənin hələ çox kiçik yaşlarından saza, sözə həvəsin olub. Babam deyirdi ki, hər səhər sazı simləyib, kökləyib, qoyub işə gedirdim, axşam gələndə baxırdım ki, sazda sazlıq qalmayıb; saz kökdən düşüb, simlər qırılıb...Bir gün babam səni çağırıb soruşur ki, a baia, sən bu sazda sazlıq qoymadın, götür çal görüm, barı bir şey çalmağı öyrənmisənmi? Babamın dediyinə görə, sən sazı elə məharətlə çalmısan ki, babam deyib, bala, ta mən saz çalası olmadım, sazı da bağışladım sənə. Kəndimizdə neçə-neçə köhnə kişilər deyirdi ki, onların toyunu aşıq Valeh edib. İlk dəfə əlinə saz alıb meydana girəndə cəmi 11 yaşın olub. Neçə il Qarabağın müxtəlif kəndlərində toy məclisi keçirmisən.

Tanrı sənə gözəl səs, gözəl camal, gözəl qədd-qamət vermişdi. Amma sənin da saz çalıb-oxumağını görmək bizə çox az nəsib oldu. Hərbi xidmətdə ürək xəstəliyi tapdın. Əlbətdə, sərbəst həyata öyrəşən bir insan üçün üç il altı ay qürbətdə yaşamaq çətin idi axı…

Bir dəfə sənin «Abbas və Gülgəz» dastanını danışmağının şahidi oldum. Bərdənin Böyük Qəcər kəndindən Səriyyə xalamın həyat yoldaşı İdris dayı ilə o kəndin sakini Mahmud dayı bizə qonaq gəlmişdi. Şam yeməyindən sonra İdris dayı səndən «Abbasla Gülgəz» dastanını danışmağı xahiş elədi. O zaman mənim cəmi 8 yaşım vardı. Amma gecə yarısına qədər oturub səni dinlədim. Haqq aşığı Abbasın, butası Gülgəzə qovuşmaq üçün keçdiyi sınaqlar yaddaşımda əbədi qaldı.

Bir gün…1970-ci ilin iyul ayının 11 də ürəyin əbədi dayandı. Mənim yaddaşımda o günün çox qəmli bir xatirəsi qalıb;

Xəstə idin. Hər gün səhər tezdən yerimdən duran kimi, gəlib sənə salam verirdim. O gün yuxudan gec oyanmışdım. Bilmirəm, necə oldu, sənə salam vermək yadımdan çıxdı. Məndən incimişdin. Üzünü divara çevirdin. Mən də çölə çıxdım, fikirləşdim, bir azdan gəlib könlünü alaram. Qismət olmadı.

Sən evimizi tərk edib əbədi qəlbimə köçdün. O gündən qəlbimdə yeni bir həyatın başladı, ata. Hər addımımda, hər sözümdə, hər aldığım-verdiyim nəfəsimdə sən vardın. Adın dilimin əzbəri idi. Ən böyük andım «atamın canı üçün» idi. Atalı uşaqları görəndə dodağım həsrətdən paralanırdı. Amma özümü tox tuturdum. Qəribədi, uşaq olanda mənə elə gəlirdi ki, bizim ayrılığımız müvəqqətidi. Çünki, sən heç zaman bizi tərk edib harasa getməmişdin. Ona görə də, bu ayrılığın bitəcəyinə, bir gün evimizə dönəcəyinə içimdə nisgilli bir inam vardı. Nəsə, mənə elə gəlirdi ki, bir gün bu ayrılıq bitəcək.

Səni gözləyə-gözləyə sənsiz yaşamağı öyrəndim.

Səni gözləyə-gözləyə sənin kimi ədəb-ərkanla oturub-durmağı, danışmağı öyrəndim.

Səni gözləyə-gözləyə sənin kimi sevməyi öyrəndim.

Səni gözləyə-gözləyə dünyanı, insanları sənin kimi duymağı, onlara sənin kimi dəyər verməyi öyrəndim.

Səni gözləyə-gözləyə anladım ki, sən bir daha geri dönməyəcəksən, anladım ki, bu həsrət heç zaman bitməyəcək. Yazdığım şer də atasız cocuğun gəlimli-gedimli dünyaya sualları idi. Bu suallar uzun zaman cavabsız qaldı. Sonralar, çox-çox sonralar hər şeyi anladım… Bir şeyi də anladım. Bizi ayıran illər, zaman keçdikcə bizi bir-birimizə yaxınlaşdırır.

İndi mənimlə ünsiyyətdə olan gənclərə həmişə deyirəm:

Atalarınızı sevin, onların qədrini sağlığında bilin.

Sən yadıma düşürsən

Yenə qəlbimdə fərəh,

Sən yadıma düşürsən.

Saçımı oxşayır meh,

Sən yadıma düşürsən.

Çəmən, meşə göyərir,

Sən yadıma düşürsən.

Qış gedir, bahar gəlir,

Sən yadıma düşürsən.

Sarmaşıq gül sarılıb

Səhərlərin boynuna.

Yoxsa ulduzlar qopub,

Səpələnib eyvana.

Vaxt keçir, görünmürsən,

Qalıb qulağım səsdə.

Soyuyub buza dönür

Çayın masanın üstə,

Sən yadıma düşürsən.

Gecələrin nəğməsi

Mənə necə tanışdır.

Xan çinarın bu gecə

Təzə nağıl danışır.

Qızılgül qönçələnib

Budağında alışır.

Hardasa toy çalınır,

İki aşıq yarışır,

Sən yadıma düşürsən.

Başımı sığallayıb

Qonşu bir noğul verdi,

Qonşu hardan biləydi,

Nədi körpənin dərdi?

Qonşu qonşu olsaydı,

Göz yaşımı silərdi.

Qonşu bir noğul verdi,

Atam bir cib verərdi,

Sən yadıma düşürsən.

Ay işığı tükənib,

Sanki süzgəcdən axır.

Sanki ay da utanır,

Mənə kənardan baxır.

Oynamağa səbrim yox,

Bu gün gözlərim gülmür.

Gəlib könül almaqda

Ay da bir məna görmür,

Sən yadıma düşürsən.

Kim düzsün ümidləri

Yoluma düzüm-düzüm?

Sənsizliyə dözməyə

Qalmayıb məndə dözüm.

Bacıma nişan gəlir,

Ata oluram özüm,

Mən səni hardan tapım?

Mən səni harda gəzim?

Sən yadıma düşürsən,

Sən yadıma düşürsən…

1977-ci ildə sənə daha bir şer həsr elədim:

Ata həsrəti

Qonşular arabir söz salır səndən,

Mehriban qəlbini xatırlayırlar.

Cəndən söz düşəndə-bilmirəm nədən,

Elə bil qəlbimdə od qalayırlar.

Demə, oğlun səni salmayır yada,

Torpaq soyuqüzdür, mən soyuyuram.

Sanıram, nəyimsə çatmır dünyada,

Sənin yoxluğunu indi duyuram.

Sazının telindən qopan nəğmələr,

Coşqun xəyalınmış, arzularınmış.

O dağ çayı kimi coşan nəğmələr,

Çəkdiyin qayğınmış, intizarınmış.

Demə, bağcamızda açılan güllər,

Ömrünün gecikən bahаrı imiş.

Məni səxavətlə böyüdən illər,

Heç demə, günləri səndən kəsirmiş.

İndi anlayıram, niyə adamlar,

Hər məni görəndə gülümsəyirmiş.

Sənə inamlarmış, mənə inamlar,

Bütün ehtiramlar sənə görəymiş.

İnana bilmirəm bu yoxluğundan,

Belə soyuqlaya ilıq baxışlar.

Ömür yollarında dolaşdım yaman,

Bir dost köməyinə ehtiyacım var…

Demə, oğlun səni salmayır yada,

Torpaq soyuqüzdür, mən soyuyuram.

Sanıram, nəyimsə çatmır dünyada,

Sənin yoxluğunu indi duyuram.

Çəmənlimin Şahmar tacı…

(Unudulmaz müəllimim Şahmar Əkbərzadəyə həsr olunur.)

İçimdə bir sevgi yaşayır. Haçan dolub ürəyimə, bilmirəm. Həmişə mənimlə olub. Orta məktəbdə oxuyanda da, bütün ümidlərimi kiçicik yol çamadanına yıgıb təhsil almaq üçün o zaman mənə nağıl kimi gələn Bakı yoluna çıxanda da, tələbəçiliyin min əzab-əziyyətinə dözə-dözə, qohumların küncündə, püşkəyində daldalananda da. Qapıdan girib, Ay bala, sənin bu yataqxanan düzəlmədimi? — sualı ilə üzləşməmək üçün baş ağrısı bəhanəsilə ac-susuz yatağa uzananda da… həmişə mənimlə olub bu sevgı...Bilirdim ki, haralardasa yaxındadır, bilirdim ki, axtarıb tapsam, çox sevinəcək.

Cəmi iki il mənə dərs deməsinə baxmayaraq, aramızda səmimi bir dostluq vardı. Şahmar müəllimi görəndə elə bil ən əziz adamımı görürdüm. Hələ beşinci sinifdə oxuyanda onun «Lenin yolu» qəzetində çap olunan «Qara kağızlar» şerindən ilhamlanaraq «Dünya» adlı bir yazı cızma-qara eləmişdim. Səhəri gün utana-utana şeri ona uzatdım. Təəccübləndi. Cansız-çəlimsiz uşağı heyrətlə süzdü. Sonra elə ayaq üstündəcə birnəfəsə oxudu. Üzündə qeyri-adi bir təbəssüm vardı. Bu təbəssüm qəlbində bitib tükənməyən Allah nuru olan gənc, gözəl qədd-qamətli bir şair təbəssümü idi. Şerdə adını çəkdiyim adamlardan sual verdi. Cavablandırdım. Qasımov, sən lap əməlli-başlı bilicisən ki… Sevincimdən uçmağa qanadım yox idi. Mənə qaytardığı dəftər vərəqini səliqə ilə dördqat büküb cibimə qoydum. Neçə il o vərəq dəftər-kitablarımın arasında qaldı. Həmişə o vərəqə baxanda məni bir ümid sarırdı. Fikirləşirdim ki, görəsən mən də onun kimi şer yaza biləcəyəmmi? Sonra o köçüb Bakıya getdi. Uzun zaman onu görmədim. Lakin onu bir də görmək ümidimi itirmirdim. Artıq mən də Bakıda idim. Poeziya klublarının birində dostu Vilayət Rüstəmzadə ilə rastlaşdım. Qarabağlı, illah da Çəmənlidən olduğumu biləndə çox sevindi. Dostum Şahmarın həmkəndlisi imişsən, — dedi. Yerini soruşdum. İş yeri cəmi beş addımlıqda imiş. Elə həmin gün «Bakı Soveti» metrosu ilə üzbə-üz binanın dördüncü mərtəbəsində yerləşən «Azərbaycan Gəncləri» qəzetinin redaksiyasına ayaq açdım. Doğrudur, şairlikdə parlaya bilmədim, amma bu qeyri-adi insanla elə-belə ünsiyyətdə olmaq da böyük xoşbəxtlik idi. Onun şerlərini dinlədikdən sonra şer yazmağa kimin hünəri çatardı?

Bir dəfə yenə yolum redaksiyadan düşmüşdü. Hal-əhval tutandan sonra dedi ki, ay Qasımov (Sinifimizdə iki Vahid olduğuna görə bizi həmişə adımızla yox, familyamızla çağırardılar) xaricdən gəlmişəm. Orada bir şer yazmışam. Sən inanmazsan, camaat gedib xarici ölkələri gəzir, görməli yerlərə şerlər həsr edir, mən isə Çexoslavakiyadan Çəmənliyə yazdığım şerlə gəlmişəm. Xahiş elədim ki, şeri versin, oxuyum. O, makinada təzəcə çap olunmuş şeri mənə uzatdı. Oxudum. Mən kənd uşağı idim. İndi tale məni doğulub boya-başa çatdığım el-obadan ayrı salmışdı. Qarış-qarış dolaşdığım yerlərdən ötru burnumun ucu göynəyirdi. Ona görə də orada yazılan hər bir söz, hər bir kəlam ürəyimin tellərini titrədir, gözlərimi yaşla doldururdu.

Bu hadisədən neşə illər keçsə də, indiyəcən mənim könlümü qürur hissi ilə dolduran

o möhtəşəm şeri sizə təqdim etmək istəyirəm.

Çəmənlim

Ümidim söykənib zümrüd düzünə,

O mənim arxamda duran dağımdır.

Sənin torpağını sıxıb gözümə,

Diz çöküb öpməyim ucalmağımdır.

Bu gecə qürbətdə girdin yuxuma,

Elə bil əmdiyim südə bələndim.

Neçə zirvələrdən boylandım, amma,

Vüqarım sən oldun, sənə güvəndim.

Yüz il qucağından uzaqda gəzsəm,

Xəyalım yenə də səmanda üzər.

Sənə ürəyimin paytaxtı desəm,

Nə Təbriz inciyər, nə Bakım küsər.

Tutyadan əzizmiş bir dadım duzun,

Acı yovşanın da şirin-şəkərmiş.

Əlimi qanadıb didən kol-kosun,

Adi çör-çöpün də qançəkərimmiş.

Umursan adına ad gətirərəm,

Gözətçi balanam qapından ötrü.

Hərdən şəhərlərdə bezib titrərəm,

Kövrək qocaların ğapından ötrü.

Həm uman yerimsən, həm güman yerim,

Qadanı, bəlanı alasıyam mən.

Haçansa ömürlük qoynuna girib,

Çəmənin, çıçəyin olasıyam mən.

Laylamın binəsi səndən başlanır,

Çəmənlim, ay mənim könül çəmənim.

Hər səni ananda gözüm yaşarır,

Gözü yolda qalan anamsan mənim.

Şahmar Əkbərzadə, Çexoslovakiya. 1979-cu il.

(Şer, övladlarının icazəsi ilə kitaba daxil edilmişdir. Vahid Çəmənli)

Bu şer Şahmar müəllimin doğma kəndinə olan dərin sevgisindən doğan bir nəğmə idi.

O gündən saysız-hesabsız illər keçdi. Görüşürdük… Nədən danışsaq da, axırda yenə Çəmənli ilə bağlı xatirələrə dönürdük. Yaşadığımız şip-şirin anları sanki yenidən yaşayırdıq. Gah gülürdük, gah kövrəlirdik, amma həmişə sevincimiz üstün gəlirdi, şad-xürrəm öpüşüb ayrılırdıq. Bu görüşlərdən sonra qanadlanıb üçmağım gəlirdi. Hardan biləydim, nə zamansa bü görüşlərin biri bizim sonuncu görüşümüz olacaq. Axırıncı dəfə isti yay günlərindən birində görüşdük.. Qasımov, saçları yaman ağartmısan, dedi. Bir xeyli ayaqüstü söhbət edəndən sonra öpüşüb ayrıldıq. O «Nizami» metro stansiyasına yönəldi, mən Füzuli meydanına tərəf. Bir xeyli gedəndən sonra dönüb geri boylandım. O, ağır-ağır metroya tərəf gedirdi. Dayanıb xeyli baxdım. İnsan selinin işində əriyib yox olanacan baxdım. Hardan biləydim ki, bu sonuncu görüşümüzdür? Hardan biləydim ki, bir gün Şahmar müəllimin «Səni hardan alım indi» şerinin yanğısını ciyərlərimə çəkə-çəkə, onun xatirəsinə elə həmin adla bir həsr edəcəm:

«Səni hardan alım indi?»

(Misra Şahmar Əkbərzadənindi)

Ay qapımın açar yeri,

Ay dilimin naçar yeri,

Ay bəlamın düçar yeri,

«Səni hardan alım indi?»

Ay ömrümün qışı, yazı,

Ay könlümün duzu, nazı,

Ay atamın telli sazı,

«Səni hardan alım indi?»

Gözlərinə gözüm düşən

Özü kövrək, qəlbi şüşəm,

Bir qom yaralı bənövşəm,

«Səni hardan alım indi?»

Qarabağım, qəm otağım,

Qəza-qədər öz ortağım,

Ay sinəsi dağlı dağım,

«Səni hardan alım indi?»

Ay qəlbimin qubar tacı,

Çəmənimin bahar taçı,

Çəmənlimin Şahmar tacı,

«Səni hardan alım indi»?..

Bakı, 09 oktyabr 2001-ci il.

Yana-yana yaşayan, yaşaya-yaşaya yanan şair

Бесплатный фрагмент закончился.

Купите книгу, чтобы продолжить чтение.