6+
Hər şey yaxşıya doğru

Бесплатный фрагмент - Hər şey yaxşıya doğru

Şerlər və lirik lövhələr

Объем: 224 бумажных стр.

Формат: epub, fb2, pdfRead, mobi

Подробнее

Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm

Mənİm anam…

Qədriyyə Çiçəyin «Mən anayam» publisistik əsərini birnəfəsə oxudum. İlk baxışdan sadə görünən bu əsərdə nələr vardı? Əqli cəhətdən sağlam olmayan övladını cəmiyyətə layiqli fərd, savadlı, bilikli insan kimi yetişdirmək üçün illərlə hər məşəqqətə qatlanan, həkimlərə müraciət etməklə kifayətlənməyib özü də oxuyan, araşdıran bir ananın ağrılı-acılı, eyni zamanda şərəfli həyatı təsvir olunmuşdu. Heyrətdən donub qalmışdım. Bu nə idi, İlahi? Borc idimi? Vicdan çağrışı idimi? Allahın hökmünə boyun əyərək öz yükünü axıra qədər çəkmək vəzifəsi idimi? Bilmirəm. Bəzən çəkdiyi əzablardan bezib asi olan insanlar da görmüşəm. Bəzən səbrini cilovlaya bilməyib partlayan, yanan insanlar da görmüşəm. Amma övladı yolunda çəkdiyi zəhmətlərdən bezən ana görməmişəm. Çox qədim bir əfsanə var:
Ana bətnində son saniyələrini yaşayıb bu dünyada uzun yolçuluğa hazırlaşan bir körpə Allahdan soruşur:

— Allahım, dünyaya göz açacağam, amma orada nə edəcəyimi bilmirəm.


— Mən sənin üçün bir mələk yaratdım, O qayğına qalacaq, -deyir Allah.

— Allahım, mən insanların dilini bilmirəm axı?!. Onlara dərdimi, istəyimi necə başa salacam?

— Sənin üçün yaratdığım mələk sənə onların dilini öyrədəcək, -buyurur Allah.

— Allahım, eşitmişəm ki, dünya pisliklərlə doludur. Onlarla necə mübarizə aparacam?

— Sənin üçün yaratdığım mələk öz həyatı bahasına səni qoruyacaq. Narahat olma!

— Allahım, sənin hüzuruna necə qayıdacam?

— Sənin üçün yaratdığım mələk hüzuruma necə qayıtmağı sənə öyrədəcək, -buyurur Allah.

Bu zaman mələklər gəlib uşağın dünyaya getmə vaxtının çatdığını söyləyirlər. Uşaq sonuncu anda qışqırır:

— Adı, Allahım adı. O mələyin adı nədir?

— Adı əhəmiyyətli deyil. Sən ona sadəcə «ANA» deyəcəksən! — buyurur Allah.

Bu ibrətamiz rəvayəti göz yaşları içində oxudum. İçimdən bir fəryad qopdu. Körpə niyə soruşmadı ki, Allahım, bəs mən nə edim? Məni yedizdirib-içizdirən, qədəm-qədəm böyüdən, qayğımı çəkib dünyanın hər bir çətinliyindən qoruyan, əvəzində isə heç nə istəməyən o mələklə necə rəftar edim? Soruşsa, bəlkə də layiqli bir cavab alardı. Lakin Allah insanın dalınca müqəddəs kitablarını ğöndərdi. Bu kitablarda isə hər şey yazılmışdı. «Mən cənnəti ananın ayaqları altında yaratdım.»
Hamı deyir ki, ana müqəddəsdir. Amma, nə gizlədim, biz övladlar bəzən onu incidir, öyüdlərinə qulaq asmır, nəticədə özlərinə zülm edənlərdən oluruq. Uzağa getmək lazım deyil. Mən anamı itirəndə on iki yaşım vardı. Bu on iki ilin xatirələri içimi ğöynədir. Anama verdiyim əziyyətlər yadıma düşəndə məni xəcalət təri basır. Özümə yer tapa bilmirəm. Ana! Mən səni hardan alım? Sənə necə deyim ki, peşimanam? Səsim işimdə boğulur. Harayım kimə, hara çatar? İnsanlara səslənirəm: -Analarınızı sevin. Onun qədrini bilin. Elə yaşayın ki, sonra başınıza döyməyəsiniz. Neçə il qəlbimdə yaşatdığım bir xatirəni sizinlə bölüşürəm. 8 mart 1975-ci il idi. Foye Qadınlar günü münasibətilə al-əlvan bəzənmişdi. Təntənəli bir gecə keçirilirdi. Sevimli müəlliməm Fatmaxanım müəllimə başda olmaqla, hamı burada idi. Gecənin aparıcılarından biri də mən idim. Mahnılar, təbriklər bir-birini əvəz edir, hamı deyir, gülür şənlənirdi. Dostlarım analara həsr edilən şerləri, mahnıları oxuyub gurultulu alğışlar altında səhnəni tərk edirdilər. Heç kimin mənim o ğecəyə hazırladığım sürprizdən xəbəri yox idi. Neçə gün idi ki, onu cibimdə gəzdirirdim. Gecədə dostluğumuzun bünövrəsi elə o gündən qoyulan unudulmaz xanəndə-mənim adaşım Vahid Abdullayev də iştirak edirdi. Budur, dostum analara həsr olunmuş gözəl bir mahnı ilə çıxışını yekunlaşdırıb alqış payını qazanır. Səhnəyə çıxıram. Əlimi cibimə salıb neçə gündən bəri cibimi yandıran dördqat bükülmüş yazını çıxarıram. Bütün baxışlar üzümə tikilib. Hamı intizarla növbəti nömrəni elan etməyimi gözləyir. Mənsə həzin bir səslə deyirəm:- İndi də icazə verin, özümün yazdıgım «Ana» şerini sizə oxuyum. Tamaşaçıların üzündə təəccüb dolu bir maraq var. Fatmaxanım müəllimədən başqa… O mənim azdan-çoxdan nəsə yazdığımı bilirdi. Amma bu dəqiqə burada oxunacaq şerdən onun da xəbəri yox idi. Bu şer mənim neçə il sinəmdə gəzdirdiyim anasızlıq dərdinə, anasız qalan dünyama bir üsyan idi. Yad şəhərdə, ana nəvazişinə həsrət qala-qala yaşadığım, cibimdəki beş qəpiyi çörəyə verib uzun bir yolu piyada getməyə məcbur olduğum anlarımda yazmışdım. Şeri oxuduqca qəhər məni boğur, səsim titrəyirdi. Gözlərimdə gilələnən yaş vərəqdəki yazıları görməyə imkan vermirdi. Buna gərək də yox idi. Şeri yazdığım andan əzbərləmişdim. Buna şer də demək olmazdı. Bu neçə illər anasız yaşayan bir gəncin fəryadı idi. Mən bu sətirləri, bu anda mən dərdə olan insanlar üçün oxuyurdum. Bəlkə də, onların qəlblərindən keçirdikləri, lakin deyə bilmədikləri sözləri deyirdim. (Şer ilk dəfə nə cür yazılıbsa, o cür də çap edilir)

Mən səni səslədim, mənə can dedin

,Can deyən dilinə qurbanam, ana.

Odlu ürəyini sən qurban dedin,

Odlu ürəyinə qurbanam, ana.


Deyirdin, nə zaman yaşa dolarsan,

Boyuna baxaram mənsə doymadan.

 Gəlib baxacaqsan söylə bəs haçan?

Baxan gözlərinə qurbanam, ana.


Qədrin bilmədiyim o əllərindən,

 İstərəm, yüz dəfə öpüm indi mən.

Başımı sığalla, oxşa yenidən,

Zərif əllərinə qurbanam, ana.


 «Ağıllı ol» — dedin hər zaman mənə,

 Hər şeyi duymağı öyrətdin mənə,

Məni qərq elədin məhəbbətinə,

 Saf məhəbbətinə qurbanam, ana.


 Ey gözümün nuru, bir mənə bax sən,

Oğlun heç çıxmayıb öyüdlərindən,

 Onu amal edib yaşamışam mən.

 Gözəl sözlərinə qurbanam, ana.


 Sən qurban olardın mənə həmişə,

 İndi yox! Qocalam, saça dən düşə,

 Əllərim əlinə bir də yetişə,

 Mən sənin qurbanın olaram, ana!

Şeri bitirib, bayaqdan imkan tapıb baxa bilmədiyim zala baxdım. Müəllimələrim, qızlar, oğlanlar — hamının gözündə yaş gilələnmişdi. Hönkür-hönkür ağlayanlar da vardı. Mən də artıq gözlərimdən sel kimi axan göz yaşlarını saxlayacaq halda deyildim. Yavaşca səhnəni tərk etdim. Arxamca eşitdiyim gürültulu alqışların arasından Qalib müəllimin həyəcanlı səsini eşitdim:-Oğlum, sən nə etdin, biz camaatı bura yəğmışdıq ki, bayram münasibətilə təbrik edək, xoş sözlərlə ürəklərini açaq. Sən aləmi göz yaşlarına qərq elədin ki… Bu gecədən sonra adımın əvvəlinə bir şair sözü də əlavə edildi. Gecə-gündüz bu şeri köçürüb dostlarıma paylayırdım. Kimə rast gəlirdimsə məndən şeri ona yazıb verməyimi xahiş edirdi. Şerin bədii səviyyəsi barədə bir söz demək fikrim yoxdur. Amma bu sadə sözlər insanların ürəyinə ona görə yol tapa bilmişdi ki, onlar ürəkdən gələn səmimi bir etiraf idi. Neçə illər sonra mən anama daha bir şer həsr elədim:

 Bir an gecikəndə bənövşə kimi,

 Doqqazın ağzında bitirdin, ana.

 Bir ′′ana′′ deyəndə, əvəzində sən,

Yüz dəfə ′′can′′ deyə öpürdün, ana.


 Beşiyim başında qaldın yuxusuz,

 Qoymadın böyüyəm hissiz, duyğusuz,

 Böyüdə-böyüdə məni qayğısız,

 Özün gəncliyini itirdin, ana.


 Nə toyda şad oldun, nə də düyündə,

 Unutdun ətrini gül-çiçəyin də,

Bu qədər qayğını zərif çiyində,

 Bilmədim, nə təhər götürdün, ana?


Vahidəm, sinəmdə dağ neçə-neçə,

 Qarışdı gözümdə gündüzlə gecə,

Mən səni dünyadan aparım necə?
Sən məni dünyaya gətirdin, ana.

P.S. Bu şeri unudulmaz müəllimim Şahmar Əkbərzadəyə oxuyanda, o sonuncu iki misranın altından xətt çəkdi. Sonra mənə dedi ki, neçə ildir Məmməd İşmayılla (əgər səhv etmirəmsə) Bəxtiyar Vahabzadənin arasında bu fikrin ilk dəfə kimim ağlına gəlməsi barədə mübahisə gedir. Nə yaxşı ki, mənim bundan xəbərim yox idi. Şahmar müəllimə elə-belə də dedim. Qədriyyə Çiçəyə dərin minnətdarlıq hissi ilə
22 aprel 2012 ci il.

Atalarınızı sevİn

(Atam aşıq Valehin əziz xatirəsinə)
Həyatda bir atasız, xəyallarda bir atalı dünyam vardı, Ata. Hər addımımda, hər sözümdə, hər aldığım-verdiyim nəfəsimdə sən vardın. Adın dilimi göynədirdi. Atalı uşaqları görəndə dodağım həsrətdən paralanırdı. Amma özümü tox tuturdum. Qəribədi, mənə elə gəlirdi ki, bizim ayrılığımız müvəqqətidir. Haçansa qayıdacaqsan. Bu ayrılıq bitəcək.
Səni gözləyə-gözləyə sənsiz yaşamağı öyrəndim.
Səni gözləyə-gözləyə sənin kimi oturub-durmağı, danışmağı öyrəndim.
Səni gözləyə-gözləyə sənin kimi sevməyi öyrəndim.
Səni gözləyə-gözləyə dünyanı, insanları sənin kimi duymağı, onlara sənin kimi dəyər verməyi öyrəndim.
Səni gözləyə-gözləyə anladım ki, sən bir daha geri dönməyəcəksən, anladım ki, bu həsrət heç zaman bitməyəcək. Yazdığım şer də atasız cocuğun gəlimli-gedimli dünyaya sualları idi. Bu suallar uzun zaman cavabsız qaldı. Sonralar, çox-çox sonralar hər şeyi anladım. Bir şeyi də anladım. Bizi ayıran illər, zaman keçdikcə bizi bir-birimizə yaxınlaşdırır. Bir tövsiyyəm də var: Atalarınızı sevin.
Yenə qəlbimdə fərəh,

Sən yadıma düşürsən.

Saçımı oxşayır meh,

Sən yadıma düşürsən.

Çəmən, meşə göyərir,

Sən yadıma düşürsən.

Qış gedir, bahar gəlir,

Sən yadıma düşürsən.


Sarmaşıq gül sarılıb

Səhərlərin boynuna.

Yoxsa ulduzlar qopub,

Səpələnib eyvana,

Vaxt keçir, görünmürsən,

Qalıb qulağım səsdə.

Soyuyub buza dönür

Çayın masanın üstə,

Sən yadıma düşürsən.


Gecələrin nəğməsi

Mənə necə tanışdır.

Xan çinarın bu gecə

Təzə nağıl danışır.

Qızılgül qönçələnib

Budağında alışır.

Qonşuda toy çalınır,

İki aşıq yarışır,

Sən yadıma düşürsən.


Başımı sığallayıb

Qonşu bir noğul verdi,

Qonşu hardan biləydi,

Nədi körpənin dərdi?

Qonşu qonşu olsaydı,

Göz yaşımı silərdi.

Qonşu bir noğul verdi,

Atam bir cib verərdi —

Sən yadıma düşürsən.


Ay işığı tükənib,

Sanki süzgəcdən axır.

Sanki ay da utanır,

Mənə kənardan baxır.

Oynamağa səbrim yox,

Bu gün gözlərim gülmür.

Gəlib könül almaqda

Ay da bir məna görmür,

Sən yadıma düşürsən.


 Kim düzsün ümidləri

Yoluma düzüm-düzüm,

Sənsizliyə dözməyə

Qalmayıb məndə dözüm.

Bacıma nişan gəlir,

Ata oluram özüm,

Mən səni hardan tapım?

Mən səni harda gəzim?

Sən yadıma düşürsən,

 Sən yadıma düşürsən…

Əlvİda, dostum Yusİf Məmmədov

Yusif Məmmədov

Bu gün çox acı bir xəbər eşitdim. Əvvəlcə inanmadım. Sənə zəng elədim. Telefonun çağırdığını eşidəndə bir azca ürəkləndim. Bax, indi telefonu qaldıracaqsan, həmişəki kimi «Hə, Vahid» -deyəcəksən. Sənin təmkinli səsini eşidib, gülə-gülə, -sənin haqqında danışılan xəbərdən xəbərin varmı, -deyə soracağam. Sonra da deyəcəm ki, narahat olma, uzun yaşayacaqsan. Amma heç kim telefonu qaldırmadı. Bir neçə dəfə zəng elədim. Uzuz-uzadı cavabsız çağrılar məni nigaran etdi. Axı sən belə iş tutmazdın. Əllərim əsə-əsə mesaj yazdım: -Hacı, necəsiniz?


Yenə üzücü sükut. Sonra cavab mesajı: -Vahid dayı, mənəm, Zərifədi. Atam rəhmətə gedib. Desəydilər Kür çayı geri axar, inanardım. Desəydilər səmadakı bütün ulduzlar yerə tökülər, yer göylərə çıxar, inanardım. Desəydilər okeanların suyu quruyar, yenə inanardım. Bircə sənin ölümünə inanmazdım. Sən, -bütün həyatı boyu sağlam həyat tərzi sürən, heç vaxt səhhətindən zərrə qədər də olsa şikayətlənməyən Yusıf Məmmədov, -necə ölə bilərsən axı…
Sən demə Allahın öz qanunları varmış, sən demə yüz ildə bir dəfə ağac da atəş açarmış, sən demə milyon ildə bir dəfə Tanrı sap-sağlam, qocaman bir palıd ağacını da qurudarmış. Sən demə…

Sevimli nəvələrin ilə

Bu yazını sənin dəfn mərasimindən sonra yazıram. Səninlə həyatın yollarında birgə addımladığımız son 29 il bir sinema lenti kimi gözlərimin önündən keçib gedir. İlk tanışlığımız, sonra birgə işlədiyimiz, sonra ayrı-ayrı yerlərdə işləsək də, tez-tez görüşdüyümüz xoşbəxt çağlar, Kəbə-Məkkə yollarına birgə çıxdığımız günlər, gecə Mina dağında bir odeyala büründüyümüz gecələr, Həcəri-Əsvədi öpərkən bir ayaq üstündə qaldığım zaman son anda mənə doğru uzanan əllərin, qurban kəsib sonuncu tikəsini uşaq evlərinə göndərməyin, -hamısı, hamısı qəlbimdə həm şirin, həm da ağrılı bir xatirəyə çevridi. Sənə həmişə zarafatla 301-ci spartanlı deyirdim. Həyat tərzin əsil spartanlıların həyat tərzi kimi idi. Heç vaxt özünü əzizləməzdin, heç vaxt tənbəllik eləməzdin. İstər qar, istər yağış, istər tufan, -heç nə səni səhər saat 7-00-da səhər idmanından saxlaya bilməzdi. Bu idman ən azı iki saat çəkərdi. Bu iki saat ərzində bir dəfə də olsun şikayətlənməzdin, yoruldum deməzdin. Hətta 64 yaşında da daş kimi əzələlərini görənlərheyran qalardı. Sənə Tanrı çox yumşaq qəlb vermişdi. Hər hansı bir xoş xəbər eşidəndə gözlərin yaşarardı, üzünü yana çevirib, isti göz yaşlarını silərdın. Amma uşaq evlərində atasız uşaqlara yardım edəndə, sənə həsrətlə baxan uşaqlara tərəf çevrilməzdin. Bir dəfə səbəbini soruşanda dedin ki, çörək vermək ayrıdı, ümid vermək ayrı. Mən onlarıa çörək verə bilərəm, amma ümid verə bilmərəm. Onların onsuz da yaralı olan qəlblərinə daha bir yaramı vurum? İnanırsınız, bu məni qane etdi.
Sən çox gözəl təşkilatçı idin. Ülvi müəllimlə birgə rəhbərlik etdiyiniz Karate fedarasiyasının qazandığı uğurlardan gecə-gündüz danışsaq, qurtarmaz. Hələ gənc yaşlarından bu fedarasiyada söz sahibi idin. Sənin şərəfinə neçə dəfə Azərbaycan bayrağı qaldırıldı, neçə dəfə zəfər himnimiz səsləndi. 7-ci dan qara kəmər sahibi idin. Bu, yüz milyonlarla insanlardan yalnız birinə nəsib olur. Son zamanlar yarışılara hakimlik edirdin. Bu sahədə də uğurun ən yüksək pilləsinə qalxdın. Beynəlxalq dərəcəli hakim idin. Hamı səni ən oyektiv hakim kimi tanıyır, verdiyin qərarla razılaşırdılar. Sənin ədalətli hakimliyin də, idman zəfərlərin kimi Azərbaycan idmanına böyük şöhrət gətirirdi. Əllərindən tutub, idmanın sirrlərini öyrətdiyin gənclər öz əzmkarlığı ilə hamıdan seçilirdi. IV İslam Oyunlarında zəfər qazanan karateçi idmançılarımızın arasında sənin də layıqli payın var. Bu gün səninlə vidalaşdıq. Yaşadığın evdən Qurd qapısınacan uzanan qəm karvanına baxdıqca, kövrəlirdim. İnana bilmirdim… İnana bilmirdim ki, sən həyatda yoxsan. Məni ən çox ağrıdan amillərdən biri də canın qədər sevdiyin oğlun Emilin Bakıda olmaması idi. Bəli, bu məni ağrıdırdı. Ata oğul çiynində getməlidir. Təəssüf ki, Emil bu şərəfli yükə, bu qəm yükünə öz çiyinlərini verə bilmədi. Bu, məni hələ çox ağrıdacaq.

İnanmaq olmur ki, bu sənin üzündəki son təbəssümdür!

Son zamanlar özünə ev tikirdin. Amma taleyin qismətii başqa imiş. O, sənə soyuq, dar məzar hazırlayırmış. Eybi yox, canın qədər sevdiyin vətən torpağıdır.

Əlvida, əziz dostum Yusif Məmmədov! Rahat uyu, Cənabi-Haqq son mənzilini nurla doldursun.

P.S. Deməyə bilmərəm. Sənin ölüm xəbərini yayan KİV-nin qərəzli yazılarını həzm edə bilmirəm. Doğrudur, sən IV İslam oyunlarındaki qələbəni restoranda qeyd edərkən dünyanı dəyişmisən. Amma, məlumatı yayanlar, onu oxuyan insanlarda belə bir fikir formalaşırdılar ki, guya sən kef məclisində yeyib-içəndən sonra bu hadisə baş verib. Bu cür söz dəllalarına demək istəyirəm ki, sən yüksək intizama malik bir idmançı idin. Heç vaxt siqaret çəkməzdin, spirtli içkilər qəbul eləməzdin. Belə məlumat yaymaq istəyənləri də öz vicdanı ilə baş-başa qoyuram
Bakı
25 may 2017-ci il

Dəlİ Çəmənlİ haqqında ballada

Qarabağın qucağında,

 Allı — güllü, Ən laləli,

 Ən sünbüllü, Ən bülbüllü bucağında.

Bir kənd vardır,

Çəmənlidir onun adı.

Çəmənlimdir!

Şehə batmış çəmənimdir!

Ürəyimdir!

Dirəyimdir!

Çörəyimdir!

Əbədilik gərəyimdir!

Əbədilik verib mənə

Ulu Tanrı bu diyarı.

Neçə — neçə igidlərin yadigarı…

 O sarsılmaz igidlərdən

İlham alıb bu gün mən də,

Böyük dastan yaratsaydım Çəmənlimdən…

Qarabağım, qəm otağım,

 Qəza — qədər öz ortağım.

 Tale yüklü arzulara

Həsrət qalan

bir yatağım.

 Sakit — sakit keçib gedir

Bu zamanın gərdişində neçə insan.

 Sənsə belə şax qalmısan,

 Şux qalmısan.

Tarixlərdə adın qalıb «Dəli» kimi

Bir vüqarlı

Dəli ömrü yaşamısan.

 Dəlidağ tək,

 Dəli Kür tək ad almısan.

 Sarsıdarmı səni fələk.

 Dəli kimi tarixlərdə qalar aldın

Dəli Həsən,

Dəli Domrul,

 Dəli Becan,

Tarixlərin neçə — neçə Dəlisi tək,

Bu gün məni bağışlasın

At oynadan babalarım,

Niyə mən də olmamışam

Bəs onların birisi tək…

Deyirlər ki, bir zamanlar

Bir qəddar şah

diş qıcıyıb bu torpağa.

Ürəyindən Qarabağda

Talan qurmaq gəlib keçib.

Qoşun yığıb,

 Hücum çəkib.

 Od vuraraq

 neçə — neçə tarlasına

Gəlib çıxıb

Qədib Şuşa qalasına

Cuşə gəlib hayqırıbdır:

«Eheey!
Hanı bu torpağın kişiləri?
Mən gəlmişəm bu dağları,

Dərələri oylaq edəm.

 Aran məni yandıranda
Bu yerləri yaylaq edəm.

 Mən gəlmişəm
Sizdən baci — xərac alam.

Qılıncımın qəbzəsinə
Rəvac alam.

Güc məndədir,

Qüvvət məndə.

Elm, helm, qüdrət məndə.

 Atdan düşün,

Qılıncımın altdan keçin,

 Sonra rahat əkin, biçin.»
Qəribədir!
Diş qıcıyır hamı bura.

Hamı salır vurhavura.

 Anlamırlar,

Bura elə bir diyardır,

Quş uçarsa qanad salar,

Qatır gəlsə dırnaq salar.

 Bir kimsənin torpağına
Dikməsək də göz heç zaman,

Bizlərə xor baxan gözün
Didəsinə od salarıq. Biz özümüz
Torpağından bac alarıq!
Qala xanı məşvərətə adam yığdı:

— Balam bu şah at oynadır
Deyir baba,

Burda mənəm

 Bağdadda da kor xəlifə.

İstəyirəm

Sahib çıxam hər tərəfə.

Anlatmışam neçə dəfə

— Bu fikirdən daşın bala!
Yığsam əgər
mən dövrəmə qoşun, bala
Başsız qalar
Bu qalada başın, bala.

 Nə yazıq ki, bunu qanmır.

«Dava» deyir heç utanmır.

 Bu gün gərək xəbər gedə
Hər obaya,

Hər yaylağa,

hər çadıra
Dəliləri yığaq bura.

Əfətlidən Əkbər gəlsin.

Mahrızlıdan Qəmbər gəlsin.

Üçoğlana salın nəzər,

Dəli Həsən harda gəzər?
Hər kənddən bir Dəli gəlsin.

 Kəngərlidən Vəli gəlsin.

 Ovşarlardan görün kim var?
Lənbərandan Dəli Qafar.

Göytəpədən Dəli Cabbar.

Qiyaslıdan vuran — tutan Dəli Aslan.

Unutma bax,

Qərvənd,

Xaçın,

Xındırıstan.

 Dəli Əhməd,

Dəli Məmməd,

 Dəli Qurban!
Quzanlıdan Dəli İmran.

 Mərzilidən Dəli Yaqub,

 Dəli Soltan Gülablıdan.

Xıdırlıda ayaq saxla
Dəli Rzanı bura yolla…
Tez yəhərlə köhlən atı,

 Hə, igidim duma, atlan,

 Tez bura yığ camaatı.

— Ay xan, ay xan…
Heç demədin Çəmənlidən?
Çəmənlidən kimi bura
Çağırım mən.

— Çəmənlidən?..

Çəmənlidən hansı Dəli
qənşərinə çıxsa əgər
Bura göndər!
…O zamandan keçib illər.

 İndi xan da 
qəddar şah da tarix olub.

 Bu zamanın gərdişindən,

 Sənin «Dəli» adın qalıb.

İndi hamı elə bilir,

Dəli olmaq asan işdir.

 Dəlixana sarıdan da
Koroğlumuz yoxdu, «şükür»!
İndi çoxu
əsgərliyin orda çəkir.

 Sonra ona daşdan keçən
Kağız verir dəlixana.

«Devit be”dir
Silah vermək olmaz ona.

Atasının pul kisəsi,

 Cağbacağlı Mersedesi dura — dura,

 Dəli hara, əsgər hara?
Ağrımasın təki başı,

 Kim istəyir töhmət etsin.

O dəlidi — ağıllıdı,

Qoy dəlilər xidmət etsin.

Ay papanın gül dəlisi,

 Ay mamanın gül dəlisi,

Get özünə başqa ad qoy
Dəliliyə dəymə, bala.

Dəli sənə tutar bir toy,

Çox özünü öymə, bala.

 O dəlilik kağızını cırıb tulla.

Kəmər bağla,

Qılınc qurşa.

Xəbər göndər haykazlara.

 Dəli, dəli görməyincə
Dəyənəyin qısmaz dala.

 Hünər göstər.

Ad — san qazan
Onda deyim sən Dəlisən.

Kağız — kuğuz Dəliliyə
Əsas vermir «dəli» bala…

Bakı, Çəmənli mart 2011


Nurular obasına gedən yol

Hə şey yaxşıya doğru

Şah ilə onun Vəziri haqqında saysız — hesabsız rəvayətlər var. Bir rəvayət də mən danışmaq istəyirəm. Bəri başdan deyim ki, bu rəvayətimin nə bu günkü şahlarla, nə də bu günkü vəzirlərlə heç bir əlaqəsi yoxdur. Bütün hadisələr mənim təxəyyülümün (bəlkə də heç mənim yox) məhsuludur, əgər həyatda hansı şahın, və yaxud («və» bağlayıcısını icad edən türk deyil. Amma nə təhər qanımıza yeriyibsə, onsuz bir kəlmə yazmaq olmur. Amma mənim bu yazımda bir daha «və» sözünə rast gəlməyəcəksiniz) başına gələn bir əhvalatla üst — üstə düşərsə, bu yalnız təsadüfdür. Mənim sizə təqdim etmək istədiyim əhvalat ibrətamiz bir əhvalatdır, bu əhvalatın içində olan nəticə də ondan ibarətdir ki…

Deyəsən mən məntiqsizliyə yol verirəm axı? Kim əhvalatı danışmamış nəticəni təqdim edər? Nəticəni oxuyandan sonra kim bu boyda yazını oxuyar? Doğrudu, nəticəsini dərhal oxumaq istəyənlər də olur. Sənin əziyyətlə yazdığın yazını atır bir yana, axırdan bir cümləni oxuyur, nəticəsini çıxarıb, çıxır gedir işinin — gücünün dalınca…

Bir də var oxuma prosesinin özü… Bu zaman insan hadisələrin içində olur, özü fikirləşir, özü də nəticə çıxarır, nə yazıçıya, nə də yazıçının qələmə aldığı hadisədən çıxardığı nəticəyə ehtiyacı olmur.

Mən deyəsən sizi çox intizarda saxladım axı? Oxucuların əsəbi ilə də oynamaq olmaz. Deməli, birbaşa mətləbə keçirəm…

Bir şahla bir vəzir vardı. Bunların çoxlu əyanları, nokərləri, rəiyyətləri də vardı. Əyansız, nökərsiz, rəiyyətsiz şah olmaz ki...Amma beş — altı əyandan savayı qalanlarını qoyaq bir kənara, onların bizim əhvalatımızla heç bir əlaqəsi yoxdur. Şahla vəzir çox mehriban idilər. Bir yerdə yeyib, bir yerdə içərdilər. Vəzir fərmanları icad edərdi, şah da vəziri çox sevdiyi üçün, o fərmanları gözüyumulu imzalayardı. Camaat da (axırıncı dəfə camaatın adını çəkirəm, bundan sonra onlarla da işim olmayacaq) bu fərmanlarla, qanunlarla şad — xürrəm yaşayırdı.

Bizim şah ovu çox sevirdi. Ayda bir dəfə yığardı əyanlarını başına, üz tutardılar dağlara, düzlərə, meşələrə, ov ovlardılar, quş quşlardılar, sonra da bir bulaq başında kef məclisi qurardılar. Bir neçə gün burada yeyib — içəndən sonra yenə qayıdardılar iş başına, məmləkəti idarə eləməyə. Bir gün…

Bütün əhvalatlarda həmişə bir gün nəsə qeyri — adi hadisə baş verir. Bizim əhvalatda da qeyri — adi hadizə baş verdi. Vəzirin əlindən xata çıxdı. Ov zamanı əlində beqəfil açılan güllə şahın baş barmağını qoparıb atdı. Şah qəzəbləndi, nə qəzəbləndı:

— Sən nə cəsarətlə mənə güllə atdın? Mən indi əmr edərəm sənin dərini boğazından çıxararlar.

Vəzir and — aman elədi ki, şah sağ olsun, vallahi, billahi bir xatadı, əlimdən çıxdı, Allahın işidi, güllə sənə dəydi. Mən nəkarəyəm ki, sənə güllə atam?

Vəzir nə qədər yalvardısa, olmadı. Elə meşənin ortasındaca dar ağacı qurdurdu. Kəndiri ilgək edib vəzirin boğazına salmaq istəyəndə vəzir yenə yalvardı:

— Ay şah, başına dönüm, otuz ildi sənə vəzirlik edirəm, həmişə də sədaqətli olmuşam. Mənim sənə güllə atmaq fikrim yox idi. Allahın işidir, yəqin bu işin içində bir xeyir var. Həyatda boş — boşuna heç nə olmur. Sən məni öldürmə, vaxt gələr, bu işin içindəki hikmət sənə əyan olar.

Şah dərin fikrə getdi. Bir zamanlar baş barmağı olan boşluğa baxdı, sonra dönüb vəzirə baxdı, öz — özünə fikirləşdi ki, bu nə danışır, nə hikmət ola bilər burda? Durduğum yerdə barmaqsız qalmışam, bəs güllə mənə dəyib öldürsəydi necə? Elə belə də soruşdu vəzirdən. Vəzir yenə yalvardı ki, onu öldürməsin, heç olmasa zindana salsın, gün gələr, ona əyan olar bu işin içində olan hikmət. Şah tərəddüd etdi. O, vəzirə çox inanırdı. Əlinin ağrısı səngiməsə də, əsəbləri bir xeyli sakit olmuşdu. Ona görə də əmr elədi ki, vəziri asmasınlar, onu zindana atsınlar. Vəziri zindana saldılar, şah da özünə təzə vəzir təyin edib, zindanda olan köhnə vəziri tamamilə unutdu. Düzdü, yerində olmayan baş barmağı hərdənbir köhnə vəziri onun yadına salırdı, amma bu, elə belə ani olurdu. Şahın o qədər işi vardı ki, ömrü boyu barmaq dərdi çəkməyəcəkdi ki…

Bu münvalla bir neçə il keçdi. Bir gün şah yenə ova çıxmaq eşqinə düşdü. Yenə saray əyanlarından bir dəstə düzəldib yola rəvan oldular. Amma bu dəfə ov baş tutmadı. Meşəni nə qədər dolaşdılarsa, əllərinə bir şey keçmədi. Ov axtara — axtara meşənin lap dərinliyinə qədər getdilər, lakin ov əvəzinə bu meşədə yaşayan vəhşi bir qəbiləyə rast gəldilər. Qəbilənin əsgərləri şahla əyanlarının hamısını əsir alıb, əl — qollarını bağladılar. Sən demə, bunlar adam yeyənlər imiş. Bir — bir əyanları başladılar bişirib yeməyə. Növbə gəlib şaha çatanda baxdılar ki, şahın baş barmağı yerində deyil. Əl saxlayıb, şahı qəbilə başçısının yanına apardılar. Qəbilə başçısı bir şaha, bir onun baş barmağının yerinə baxdı, əlilə işarə verdi. Şah baxdı ki, ay balam onun əl — qolunu açırlar. Soruşdu ki, xeyir ola, mənim əl — qolumu niyə açırsınız? Dedilər ki, biz bədənində qüsur olan insanları yemirik. Səni buraxırıq, çıx get işinin — gücünün dalınca…

Şah sevinə — sevinə çıxıb gəldi saraya. Dərhal vəziri zindandan azad eləyib hüzuruna gətidi. Şah köhnə vəzirin boynunu qucaqlayıb o üzündən, bu üzündən öpdü, yanında oturdub sözə başladı:

Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…

Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?


Qəribə əhvalatdır, deyilmi? Burada mənim əlavə edəcək bir sözüm qalmadı.

Hə, nəticə…

Mənim gəldiyim nəticə budur:

Başımıza gələn hər bir işin içində xeyir axtaranda, xeyir tapırıq. Bu mənim nəticəmdi. Əgər yazını oxumağa səbriniz çatdısa, özünüz də nəticə çıxara bilərsiniz.

Saçlarına dən salarlar

  Saçlarına dən salarlar,

  Gizlət gülüm, gizlət gülüm!

  Səni məndən gen salarlar,

  Az gəl gülüm, az get gülüm!


  Ürəyimdə eşqin dağı,

  İtirmişəm solu, sağı,

 Sən üstəlik qınamağı,

 Tərgit gülüm, tərgit gülüm!


 Arzularım dəsə — dəstə,

 Tənha qalan ürək səsdə…

 Bir sığnaq ver sinən üstə,

 Gözlərində gizlət, gülüm!


 Sənsən mənə məndən əziz,

 Qəlbim təmiz, eşqim təmiz,

 İnciməsin qoy bəxtimiz,

 Azca məni gözlət, gülüm!

Hə kİməm, beləyəm

Vahid Çəmənli 50

Bu gün 60 yaşım tamam oldu. Amma ürəyim əvvəlki şövq ilə vurur.

(Vahid Çəmənli)

Hər kiməm, beləyəm, öz aləmim var,

Bir tufan çağlayır içimdə mənim.

Durub boylanıram yar gələn yola,

Od tutub alışır içim də mənim.


Fərqi yox yolların enişi, diki,

Gedirəm boz gurd tək, bir aslan təki,

Sözdən bal çəkirəm, yüküm bal yükü,

Bal verir arım da, beçəm də mənim.


Vətənim ürəyim, vətənim qalam,

Nə qədər xam yerdə hələ iz salam…

İnana bilmərəm yollarda qalam,

Səliqə — səhman var köçümdə mənim


Dəli Çəmənliyəm, ürəyim dolu,

Basaram bağrıma mən sağı, solu,

Getdiyim Haqq yolu, ədalət yolu,

Yollar Tanrınındı, seçim də mənim!


Baxıram göy üzü sanki bir ayna,

Qardaşım, yaxşı bax yollara, dayna…

Könlünü şad elə, qol götür oyna,

Ruhum var bu ölçü — biçimdə mənim.


Yanar bir baxışla aşıqın canı.

Mərd ol, dözümlü ol, iradən hanı?

Dərdi ver dağlara, bir süz dörd yanı,

Qəmin də mənimdi, qəmçın də mənim!


Vahidəm, düşmərəm heç xam xəyala,

Ölərəm, kimsədən qalmaram dala.

Ömür köhlənimi çapım dördnala.

Yollarda çıxacaq dincim də mənim.

11.06.2016

Şəkİldə görünən qara nöqtə nədİr?

Şəkildə görünən qara nöqtə nədir?

Bu şəkili 10 avqust 2015 — ci ildə Nabranda üç günlük istirahətdə olarkən çəkmişəm. O gündən ötən bir il ərzində şəkillərə bir neçə dəfə baxsam da, kadra düşən bu kiçik nöqtəyə ilk dəfədir diqqət yetirirəm.
Nabranda istirahət edərkən hər səhər dəniz sahilinə enir, Xəzərin mavi sularını yara — yara doğan Günəşi seyr edirdim. Getdikcə qırmızı rəngi artan üfüqdən gözlərimi çəkmir, ilk şəfəqin üfüqdən boylanmasını səbirsizliklə gözləyirdim. Budur, mavi sular yavaş — yavaş aralanır, Günəşin ilk şəfəqləri məni salamlayır. Adama elə gəlir ki, Xəzərin sularından islanan Günəş yuxarı qalxdıqca suyu süzülür, nəhayət sudan aralanaraq üfüqdə bütün gözəlliyi ilə bərq vurur. Hər dəfə bu mənzərəni oğlanlarıma danışdıqca, onlar maraqla qulaq asır, hər dəfə də dənizə Günəşın doğmasını seyr etməyə gedərkən onları da oyatmağı məndən xahiş edirdilər. Lakin mən onları qaldırmaq istərkən, — «ata, bu gün yox, sabah» — deyə — deyə yatmağı üstün tuturdular. İstirahətin axırıncı günü gördüklərimi çəkərək onlara göstərmək məqsədilə foto — aparatı da özümlə götürdüm. Mən sahilə enəndə Günəşin doğmasına hələ bir neçə dəqiqə qalırdı. Ozümə rahat bir yer tapıb oturdum. Tez — tez qızartısı getdikcə artan üfüqün şəklini çəkir, onun ilk şəfəqinin parladığı anı qaçırmamağa çalışırdım. Nəhəyət, Günəş üfüqdə göründü. Mən daha bir neçə şəkil çəkdim, sonra foto — aparatı söndürüb ayaqyalın nəm qumların üzərində gəzinməyə başladım. Həmin gün şəkilləri uşaqlara göstərdim, Oğlanlarımın şəkillərə o qədər də dərin maraq göstərmədiyini görəndə, onları arxivlədim. Ötən bir il ərzində hərdənbir şəkillərə baxsam da, Günəşin doğulmasını əks edən kadrlar mənə yeknəsəq göründüyündən, onlara dərin diqqət yetirmədən çevirirdim. Bu gün, 11 sentyabr 2016 — cı ildə, düz bir il, bir aydan sonra bu şəkillərə yenidən baxarkən, təsvirlərin birində bu kiçik qara nöqtəni gördüm. Əvvəlcə, düşündüm ki, yəqin bu balıqçı gəmisidir. Bəs necə olub ki, bu kadrları çəkərkən gəmini nəzərdən qaçırmışam? Lakin o biri kadrlarda qara nöqtəni görmədiyimdən, anladım ki, bu, balıqçı gəmisi deyil. Balıqçı gəmisi belə tez gözdən itməzdi. Şəkili böyüdərək daha diqqətlə baxanda, qara nöqtənin suyun üzərində deyil, ondan xeyli yuxarıda olduğunu gördüm. Həmin kadrı sizə təqdim edirəm. Özünüz baxın, nəticə çıxarın. Suyun üzərində görünən bu qara nöqtə nədir?
11.09.2016

Bİr baxışlıq sevgİ

Qoşa govaq ağaclarının yanındakı oturacaqda tək oturmuşdu. Rəfiqəsini gözləyirdi. Ətrafda həyat qaynasa da, o heç nəyə baxmırdı. Telefonla oynayırdı. Oynamırdı. Facebookda idi. Virtual dostları ilə qızğın mübahisə edirdilər. Birdən kiminsə nəzərlərini üzərində hiss edib başını qaldırdı. Yaxınlıqdan keçən gənc, qədd — qamətli bir oğlan ona baxırdı. Baxışlar toqquşdu, ürəklər çırpındı, gözlər danışmağa başladı,

«Batmış, nə qəşəngdir»

«Gözəl qızdır».

«Yaxınlaşmaq istəyir, qələt eləyir, yaxınlaşsa qovacam»

«Görəsən, yaxınlaşsam məni qovmaz ki?»

«Amma çox şirin gülür, ürəyi təmiz oğlana oxşayır»

«Görəsən niyə tək oturub, bəlkə gözlədiyi var?»

«Yaxınlaşmaz… ürək eləməz… elə biləcək görüşə gəlmişəm»

Bir az gözləyim, bəlkə elə belə oturub?»

«Tərsdi a, çıxıb getmir»

«Bəlkə yaxınlaşım bir söz deyim?»

«Ürəksizdi, ürəkli olsa yaxınlaşardı, amma sırtıq deyil, elə gözləri ilə baxır, bu nədi, ay aman düz ustümə gəlir!»

«Salam».

«Salam.»

«Oturmaq olar?»

«Mənim yerinm deyil ki, oturun dəə».

«Təşəkkür edirəm»

«Dəyməz!»

Bağışlayın, bir söz soruşmaq olarmı?»

«Gözlədiyiniz var?»

«Hə!»

«Onda durum gedim!»

«Rəfiqəmi gözləyirəm.»


Bir saatacan oturdular. Sonra, durub getdilər. Uzun müddət qoşa qovaq ağacının yanındakı oturacaq onların görüş yeri oldu. 3 aydan sonra…

Yox, bunların heç biri olmadı. Nə oğlan cəsarət edib qıza yaxınlaşa bildi, nə qız ondan xoşlandığını biruzə verə bildi. Bircə baxışlıq oldu bu sevginin ömrü… Oğlan dərindən köks ötürüb yoluna davam etdi. Qız, oğlan gözdən itənə qədər onun dalınca baxdı.

BİR zaman mən sənİ sevİrdİm gözəl

Bir zaman bu dünya çox qəşəng idi.

 Çaylar da sevincdən coşub daşırdı.

 Hər çiçək elə bir bir çələng idi,

 Yaşıl çəmənlərə çox yaraşırdı.

Çırpıla — çırpıla bəyaz daşlara,

 Dalğalar atılıb — düşərdi necə…

Xəbər çatmamışdı o sərt qışlara,

 Günəş gizlənməzdi, düşməzdi gecə,

 Necə qəşəng idi bu dünya əzəl…

Hələ qarşıdaydı ömrümün çoxu,

 Keçən günlərimi soraqlamazdım.

 Gecələr gözümə getməzdi yuxu,

Yazıb — yaratmaqdan əl saxlamazdım…

Elə vurgun idim təbiətə mən,

 Nə görsəm o an da gözüm düşərdi.

Çəmənlər zəriflik içib sözümdən,

 Sanki sətir — sətir şerləşərdi,

 Yaşamaq gözəldi, Yaratmaq gözəl…


Sözlər… hələ sözlər şəkər — qənd idi,

 Sözlərdən savayı nə umulurdu?

Tək bircə kəlməyə könül bənd idi,

Tək bircə baxış də bəsim olurdu..

 Ağzımda şipşirin bir dad var idi,

Gözümdə heç vədə solmayan bir rəng.

 Bir zaman dilimdə bir ad var idi,

 Bir də dağ çayından aldığım ahəng,

 Bir zaman mən səni sevirdim, gözəl…

Həyat prozası

Dostum Elğün çox fikirli idi. Hətta oruc tutduğunu belə unudub dəm vermişdi siqaretə. Salam verdim, səksəndi. Sənsən? — dedi. Hə mənəm! Bəs sən oruclu deyilsən? Ah, qardaş, tamam yadımdan çıxıb. Özümün də xəbərim yoxdu özümdən.

— Nə olub? — deyə soruşdum.

— Heç — dedi.

Təkid etdim.

Oğlum… oglum bir qıza vurulub. Bilirdim. Ayırmışdım onları. İndi təzədən başlayıblar. Dünən anasına deyb ki, Aytənə elçi gəlir. o da qaça — qaça gəlib oğluma deyib ki, məni ərə verirlər. İndi oğlum deyir ki, ya o qızı mənə alın, ya da başımı götürüb çıxıb gedəcəm.

Aman Allah, yer üzündə təzə heç nə yoxdur. Bütün bunlar tanış sözlər, tanış hərəkətlərdir.

Dostumdan soruşdum ki, nə etmək niyyətindədir? Dedi ki, baş tutan sevda deyil. Oglumun cəmi 18 yaşı var. Qız 1 yaş da ondan böyükdür. Qabaqda institut, əsgərlik var. Axı onun hələ evlənən vaxtı deyil.

Söz tapıb məsləhət vermək çətin idi. Heç nə demədim.

Axşam evə gəldim.16 yaşlı oğlumun otağına girəndə o, kompüterin monitorundakı görüntünü sildi. İçimdə suallar baş qaldırdı. O nə edirdi? Nəyə baxırdı? Nə yazırdı? Özümün 16 yaşım yadıma düşdü. İlk məktublar, ilk həyəcanlar, ilk sarsıntılar…

Səssizcə otaqdan çıxdım.

Bəli, həyatda heç nə dəyişməyib. Heç nə… Təzə insanlar… köhnə mahnılar… Məhəbbət mahnıları və sonda proza.

Həyat prozası…

Əlİsa Nİcatın 80 İllİyİ münasİbətİlə

Əlisa Nicat

Əlisa Nicatın 80 illiyi münasibətilə.


«Mən kainatın məhvini yaşamışam, bilirəm hər şey necə əriyib, yox olub gedəcək…»

Hörmətli Əlisa müəllim, mən sizi çoxdan, lap çoxdan tanıyıram. Hələ orta məktəbdə oxuyarkən «Azərbaycan» yurnalında Sizin «Nəğməyə dönmüş ömür» adlı əsərinizi oxumuşdum. Əsəri oxuyandan sonra keçirdiyim hisləri qələmə almaqda acizəm. Yadınızdamı, qaçırdığı xan qızını Mirzə Şəfinin əlindən alıb, onu Tiflis yolunda tək-tənha qoymuşdunuz. Yolun ortasında tək-tənha qalan şair bilmirdi nə eləsin, hansı yana getsin, dərdini kimə desin, içini yandıran sevginin odunu necə söndürsün… Şairin düşdüyü bu ümidsiz hal məni elə sarsıtmışdı ki, bir neçə gün nə yemək yeyə bildim, nə də su içə bildim. Doğrudan da ümidsiz olmaq pis şeydir. Şairin ümidsiz halı mənim körpə ürəyimi parçalayırdı. Siz inanmazsınız, üstündən bəlkə də, 44—45 il keçib, amma yenə də «Nəğməyə dönmüş ömür» əsərinin son sətirlərini yadıma salanda kədərlənirəm.

İllər keçdi. Bir dəfə «Elm və həyat» jurnalının redaksiyasında sizi gördüm. O vaxtlar tez-tez sizinlə bir yerdə işləyən Aqil Abbasın yanına gəlir, cızma-qaralarımı ona göstərirdim. Aqil müəllim yazılarımı oxuyur, mənə ürək-dirək verirdi. Onun xoş sözlərindən sonra qanadlanıb uçmaq istəyirdim. Siz Aqil Abbasdan mənim kim olduğumu soruşdunuz, dedi ki, eloğlumdur, şerlər yazır. Mən də Aqil Abbasdan sizin kim olduğunuzu soruşdum. Dedi ki, Əlisa Nicatdır. Ürəyimdə özümü bir xeyli danladım. Necə olmuşdu ki, sizin kimi bir dahini tanımamışdım? Amma mənim təqsirim yox idi. «Nəğməyə dönmüş ömür» əsərinizdən sonra mən sizdən heç nə oxumamışdım. Oxumağa bir şey tapmamışdım. Heç zaman üzünü, şəklini görmədiyim, amma xəyalımda əlçatmaz, ünyetməz hesab elədiyim Əlisa Nicatı necə tanıya bilərdim? Qəribədir, çox qəribədir, bu yaxınlarda yenə sizin bəşəriyyətin sonu ilə bağlı bir yazınıza rast gəldim. Adı da çox maraqlı idi: «Mən Kainatın məhvini yaşamışam, bilirəm hər şey necə əriyib, yox olub gedəcək». Siz, özünüzün dediyiniz kimi pessimist əhval-ruhiyəli sənətkarsınız, Əlisa müəllim. Bizim qalaktikamızın Andromeda dumanlığı ilə necə toqquşacağını təsvir edir, yenə də gələcək insan nəslininn yaşamağına heç bir şans qoymursunuz. Eynən Mirzə Şəfini 4 yol ayrıcında ümüdsiz, kimsəsiz qoyduğunuz kimi… İnciməyin, amma mənə elə gəlir ki, möcüzələrlə dolu bu aləm bir anda əriyib, yox olub gedə bilməz, yox olub getməyə haqqı yoxdur. Əgər yox olub gedəcəksə bu işin qalaktikaların toqquşmasından deyil, insan faktorununun nəticəsində baş verəcəyini düşünürəm. Amma mən optimist olmağa çalışıram. Hətta milliard illər bundan sonra baş verəcək bu toqquşmanı müşahidə edən insanlara bir inam yeri qoymaq istəyirəm. Mən onları sevindirmək istəyirəm. Mən onların içinə ümid toxumları səpmək istəyirəm. Mən onlara demək istəyirəm:

«Narahat olmayın, Allahın insanlara vəd etdiyi ən mükəmməl planet olan Cənnət elə Andromeda dumanlığındadır!»

Əlisa müəllim, bu günlər Azərbaycanımız sizin 80 illik yubileyinizi qeyd etməyə hazırlaşır. Siz əfsanələrə dönmüş ömrünüzün zirvəsindəsiniz. Zirvədən hər şey əlçatmaz göründüyü kimi, həm də gözəl görünür. Gözəlliyi sevməyi, onun qayğısına qalmağı dədə-babalarımız bizə tövsiyə edib. Onların dediklərini gələcək nəsillərə çatdırmaq hamımızın borcudur. Hə, Əlisa müəllim, sizə bir şer də həsr eləmişəm. Bilirəm, bədii cəhət-zad… bu sözlər həmişə populyar olub, indi də populyardır. Amma Siz böyüklük edib oxuyun. Bilirəm, pessimistlik sizin ən gözəl, ən təsirli silahınızdır. Siz insanları duyğulandırmağı bacarırsınız, bunu çox ustalıqla edirsiniz. Mən isə qocaman bir dağa bir çəngə sərin bulud təklif edirəm. Bəlkə həzin, sərin yağışı yağdı?
Adınız, sənətiniz, istedadınız qarşısında baş əyirəm.

İSTƏ…

Ruhuma dərd gətirir,

Hər tökülən göz yaşı,

Bir sızlayan görəndə,

Yanır qəlbimin başı,

Dostum, çətin olsa da,

Üzmək axına qarşı,

Sıx dişini dişinə,

Sürünmə dizi üstə…


Ötən günün dalinca,

Boylanma fağir-fağır,

Ümidli sabahlara

Xeyir-bərəkət yağır,

Yer üzündə imanla,

Gəz dolan ağır-ağır,

Heçə hikmət duyarsan,

Eşıtdiyin hər səsdə..


 Qəm çəkməklə qəm artar,

Qəm azalmaz, əzizim.

Keçib gedər bu qəm də,

Belə qalmaz, əzizim,

Ömrə mərhəmət olar,

Möhlət olmaz, əzizim,

Tövbə elə-Tanrıdan

Bəxtinə ağ gün istə…

Bakı İyul 2016 
P.S. Az qala yadımdan çıxmışdı, mənim də bu il 60 yaşım tamam olur.

«BİR neçə cümləİilə»

İnsan Yer üzündə qonaqdır

(Lirik miniatyuralar)

Tanrı insana Yerdə yaşamaq üçün çox az bir zaman verib.

Bəzən adama elə gəlir ki, bu, dünyanın əşrəfi olan insan üçün haqsızlıqdır.

Lakin, Tanrı insanları Yerdə yaşamaq üçün yaratmayıb.

İnsan Yerdə qonaqdır.

Qonaq, vaxtı gələndə çıxıb getməlidir.

«Bir neçə cümlə ilə» silsiləsindən…

Qorxu hİssİ

Qorxu hissi insanı həm insan edən, həm də insanlıqdan çıxaran bir hissdir.

Qorxuya qalıb gələn qəhrəman, qorxi ilə bacarmayan satqın olur.

«Bir neçə cümlə ilə» silsiləsindən

Qalİbİ mühakİmə etmİrlər

Həmişə başqalarının ağzına baxıb, bizim haqqımızda nə deyəcəkləri barədə düşünürük.

Amma…

Başqalarının sizin barənizdə nə deyəcəyi barədə heç narahat olmayın.

Məğlub olsanız sizi unudacaqlar, qalıb gəlsəniz sizin tərəfinizə keçəcəklər.

«Bir neçə cümlə ilə» silsiləsindən

Mİn İl yaşa

Bəzən bizə bir yaxşılığı keçən insanlara deyirik:

«Səni görüm min yaşayasan!»

Min il yaşamaq mümkün deyil axı…

Onda niyə belə deyirik?

Burada təəccüblü heç nə yoxdu.

İnsan — onu ananlar, yada salanlar, dalınca rəhmət oxuyanlar varsa öz xeyir əməlləri ilə həyatdadı demək.

Bir — birinizə «səni min yaşa» deməkdən çəkinməyin.

Ən azından həmin insanı həyatda xeyirli işlər görməyə kökləyirsiniz.

«Bir neçə cümlə ilə» silsiləsindən

Yaxşılığı öz hesabınıza edİn

Yaxşılığı öz hesabınıza edin.

Başqasının hesabına yaxşılığı qoy başqası özü eləsin.

«Bir neçə cümlə ilə» silsiləsindən…

Nə dəyİşəcək

Tanrı rəhimlidir, mərhəmətlidir, ancaq insana yazdığı ömrü bir saniyə də olsa artırmaz.

Artırsaydı, nə dəyişəcəkdi?

Heç nə…

Əminəm ki, incan o günə qədər necə yaşamışdısa, o cür də yaşamağına davam edərdi.

Ona görə qiyamət günü insanın, — Məni dünyaya qaytarın, səhvimi düzəldim — yalvarışına məhəl qoyan olmayacaq.

«Bir neçə cümlə ilə» silsiləsindən

Zaman

Zaman, — zamanın özünün uydurduğu elə bir hoqqadır ki, bizi qəflətən yaxalamayınca onun varlığından belə xəbərsiz oluruq.

«Bir neçə cümlə ilə» silsiləsindən

Ömür adlı sürət qatarının yolçuları

Bir nənəmiz vardı, yaşı səksən beşi haqlamışdı.

Şıkayət edərdi tez — tez, — Ay bala, günlər elə ağır gedir ki, ha gözləyirəm, axşam düşmür ki, düşmür.

Bir dəfə sual verdim:

— Ay nənə, axşamın düşməyini neynirsən, hara tələsirsən, keçən günlər səni ölümə yaxınlaşdırır axı?

Nənə güldü:

— Nə olsun ay bala, yaxınlaşdırsın dəə…

İnsan niyə günlərin tez keçməsini istəyir?

Mən bu hikməti anladım.

...Biz, zaman deyilən sürət qatarında mənzil başına tələsən yolçular kimiyik.

Yollar nə qədər gözəl olsa da, bizi getdiyimiz mənzilbaşı daha çox cəzb edir.

Ölüm mənzilbaşıdır.

Biz mənzilbaşına tələsirik.

Hər bir səfərə çıxan adamı mənzilbaşında gözəl görüşlər, xoşbəxt anlar gözləyir.

Ömrün mənzil başında da bizi gözəlliklər gözləyir.

Ona görə də tələsirik.

«Bir neçə cümlə ilə» silsiləsindən

Yağmurlu Bahar

Bahar, görüş vəd edən qadın kimidi.

Deyir, gözlə gəlirəm, amma özü hələ də hamam xalatında oturub dırnaqlarını boyayır.

«Bir neçə cümlə ilə» silsiləsindən

Söz demək asan İş deyİl

Söz demək çətin işdi.

Bizim düz saydığımız söz hələ «düz sözdür» demək deyil.

Bu, özümüzün «düz sözümüz» — dür, onu düz kimi qəbul etdirmyə heç kimim haqqı yoxdur.

Ona görə də söz deyəndə diqqətli olmalıyıq.

Gərək sözü elə deyəsən ki, həm içində qalan söz səni öldürməyə, həm də «düz sözünə» görə səni oldürməyələr.

«Bir neçə cümlə ilə» silsiləsindən

ALLAH (C.C) İNSANLARDAN DA QISQANCDIR

Görəsən, sevgi ilə ehtiras arasındakı gözəgörünməz sərhəd haradan başlayır?

Görəsən, sevdiyin bir qadının yanında ruhən, qəlbən, cismən təmiz olmaq yaxşıdır, yoxsa şirin əyləncələrin ağuşunda əylənmək?

Görəsən, qayğı ilə, nəvazişlə övladlarını böyütmək yaxşıdır, yoxsa dünyaya övlad gətirib, sonra onları taleyin burulğanına atmaq? Bir də, kim zəmanət verər ki, həmin uşaqlar böyüyüb atalarının buraxdığı səhvləri təkrar etməyəcək?

Bir dəfə yolunu sapdınmı, sonra öyrəncəkli olursan.

Bəziləri deyir ki, çətindi.

Anlayıram.

Bir dəfə gənc dostum həyat yoldaşından ayrılıb yeni ailə qurmaq istəyirdi.

Səbəbini soruşanda dedi ki, bütün günü deyinir, işləməyimi istəyir, ev istəyir, isti su istəyir…

Necə bilirsən, — deyə sordum. Yeni qurmaq istədiyin ailə hava iləmi dolanacaq? Ona ev, isti su, paltar lazım olmayacaqmı?

Biz bəzən dəliqanlı oluruq. Bu yaxşıdır. Amma ailə üçün heç yaramır. İnsanlar qayda — qanunu sevirlər. Allah (c.c.) da qayda — qanunu sevir.

İnanın ki, Allah (c.c) sədaqət, etibar məsələsində insanlardan da qısqancdır.

«Bir neçə cümlə ilə» silsiləsindən

Bakı 12 may 2017

BƏSİRƏT GÖZÜ

Lirik lövhə

Cənabi — Haqq bizə bəsirət gözü vermişdi. Biz onu şikayətlənərkən, qeybət edərkən, mənasız mübahisələr edərkən qeyb etdik…

Salam, məni eşidənlər!

Deyəsən bu qışın caynağına bərk ilişmişik. Heç qurtarmaq bilmir.

Necə yaşayırsınız?

Məhəbbət hissi insanın qəlbində, ötən illər simasında dərin izlər qoyur.

Qəlbiniz necədir?

Bəs surətiniz necədir?

İllərin üzünüzdə qoyduğu dərin izlərə görə sevinə bilirsinizmi?

İndi yenə yaz gəlir.

Amma bayaq demişdim axı, qış bizi buraxmır.

Qəlbinizdəki qışdan danışıram.

Narahat olmayın, qəlb ağrılarının çarəsini bilirəm.

Özüm yoxlamışam.

Dodağlarını bərk — bərk dişləyirsən..

Heç olmasa, bircə dəqiqəliyə qəlbindəki ağrıları unutmaq üçün…

Sonra yenə… yenəəə…

Həyat adiləşənə qədər.

Sonra da hər şey bitir…

Amma, biz özümüzə belə xoşbəxtliyi rəva görə bilmərik.

Biz baharımızı gözləyirik axı…

Ömrümüzü çiçəklərə qərq edəcək baharımızı…

«Bir neçə cümlə ilə» silsiləsindən

12 may 2017

Bakı ş

QAYIT, GÖZLƏRİMDƏ SEVİNC ALIŞDIR

(Atam aşıq Valehin xatirəsinə)

Qüssədən saralıb o çöl, o çəmən,

Çiçəklər nəğməyə yas tutur indi.

Bir zaman əlindən şirinlik əmən,

Sazın tellərini pas tutur indi.


Sənsiz qəribsəyir ağsaçlı dağlar.

Boylana — boylana yoluna baxır.

Bulaqlar həsrətdən səssizcə ağlar,

Çaylar da elə bil bulanıq axır.


Kəsib şırıltısı şəlalələrin,

Şırnaqlar qəlbin tək pərişandılar.

Zozalıb yanağı al lalələrin,

Onlar sən sarıdan nigarandılar.


Qayıt, gözlərimdə sevinc alışdır.

Elə istəyirəm ondan bir dadam.

Qayıt, bu dünyayla məni barışdır,

Sənsiz dünyaya da ögeyəm, yadam.


Könlüm yoxluğuna çətin uyuşa,

Adını anırlar toyda — büsatda.

Nə qədər dünyada nəğmələr yaşar,

O qədər ömrün var ata, həyatda…

BİR İMAN YERİ VAR MİN GÜMAN YERİ

Bir iman yeri var, min güman yeri,

İman olmayanda güman min olar.

 İmanı qəlbinə çıraq eləsən,

 Dünya qəmlərinə məlhəmin olar.


Halal qazancına haram qatmasan,

Kasıbı, fağırı heç unutmasan;

 Özgənin haqqına əl uzatmasan,

 Sənin HAQQ yanında aləmin olar.


 Bəd dua eləmə bir kimə heç vaxt,

Kor şeytan önündə dayanıb sərvaxt;

Uğursuz yollara çıxma baxta — baxt,

 Bu yolda çox dərdin, çox qəmin olar.


 Yaxşıya yaxşı de, pisə pis demə,

 Xeyir söyləyən ol, heç vaxt nəhs demə,

 Bir kimə Xudadan ziyan istəmə,

Sənə də istəyən bir kimin olar.


Vahid, pozulmasın əhdin, ilqarın,

On dörd məsum olsun sevgili yarın;

 Yapış ətəyindən Pərvərdigarın,

Məhşərdə əlində bir şəmin olar…

may 2011 — ci il.

ANA ANADI

Ananın dərdinə səssiz yanın.

Ana anadı.

Ana döyüşçü deyil.

Ana siyasətçi deyil.

Ana qisasçı deyil…

Ana zəifliyi ilə, göz yaşları ilə qəhrəmandı.

Ana böyütdüyü oğlu ilə qəhrəmandı.

Ana sevgisi, nəvazişi ilə qəhrəmandı.

Dəyməyin anaya, onun yaralarını təzələməyin, qoyun səssiz çəksin dərdini, qoyun doyunca ağlasın şəhid olan balasını…

Yanında dayanın, əgər ürəyiniz yanarsa siz də ona qoşulub ağlayın.

Toxunmayın anaya, kameralarınızı, mikrofonlarınızı ona tuşlamayın, başsağlığı verməyin, başın sağ olsun, deməyin…

Ana öz balasının əvəzinə yüz dəfə şəhid olardı, «uf» deməzdi…

Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…

Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?

Ananın öz övladlarına məktubu

Balalarım!

Əgər Allah qismət eləsə, elə bir gün gələr, görərsiniz ki, mən qocalıram, sözlərim, hərəkətlərim sizə qəribə gəlir, yaşlanıb ağlını itirən, deyingən bir qarıya çevrilirəm, onda bir anlığa ürəyinizin səsinə qulaq verib, səbirlə məni anlamağa çalışın.

O zaman ki, yediyim yemək titrək əllərimdən düşüb yaxama dağılar, o zaman ki, paltarlarımı geyinməyə gücüm qalmaz, mənim indi edə bilmədiklərimi sizə necə təmkinlə öyrətdiyimi yadınıza salaraq, siz də təmkinlə mənə yardım edin.

Əgər məndən xoşunuza gəlməyən qoxu hiss etsəniz məni danlamayın, sizdən qoxu gəlməsin deyə sizi necə yuyundurduğumu, necə tər — təmiz paltarlar geyindirdiyimi yadınıza salın.

Elədiyim hərəkətlərin sizin məntiqinizə sığmadığını görsəniz mənə gülməyin, mənim itən yaddaşım, getdikcə zəifləyən gözüm olun.

Əgər bu dünyada necə yaşamağın qaydalarını sizə mən öyrətdimsə, indi siz mənə necə yaşamağın yollarını öyrədə bilərsinizmi? Beşikdən qiyamətəcən necə yaşamalı olduğunuzu mən sizə öyrətmişdim axı…

Mənimlə söhbət edərkən asta — asta danışmağımdan, bəzən söhbətlərmin ardını gətirə bilmədiyimdən, bir zamanlar mənimlə dərdini — sərini bölüşdürən insanların adını unutmağımdan sinirlənib məni danlamayın. Unutmayın ki, bu dəqiqələrdə məni xoşbəxt edən sizə nə isə danışmağım yox, sizin mənim yanımda olmanız, mənim dediklərimə qulaq vermənizdir.

Əgər sizinlə bir yerə gedəndə ayaqlarım yer tutmasa, tez — tez yorulub dayansam səbirli olun, məni tələsdirməyin, əlimdən tutun, mənə dayaq olun. Yadınıza salın, mən sizin ayaq tutub yeriməniz üçün əllərinizdən tutub yıxılmağa qoymamışam. Əlimdən tutub mənə yeriməkdə kömək edərkən utanmayın…

Unutmayın ki, çox tez bir zamanda sizin özünüzün də əlinizdən tutub, sizə yardım edən bir ələ ehtiyacınız olacaq.

Unutmayın ki, mən sizin kimi həyata doğru yox, artıq ölümə doğru gedirəm, mən ölümü bir qurtuluş kimi gözləyirəm, ona görə də mənimlə birgə olun. Birgə olun ki, sonra yadınızda öz ananızı xatırlaya biləcək bir şey qalsın.

Əgər bir səhvimi görsəniz üzə vurmayın, mən nə etmişəmsə sizin yaxşılığınız üçün etmişəm.

Mənim ağır günlərimdə sizin mənə edəcəyiniz ən mühüm yaxşılığınız mənim nöqsanlarımı əfv etmənizdir. Məni əfv edin ki, Allah da sizi əfv eləsin.

Unutmayın, sizin təbəssümünüz həmişə mənə qol — qanad verdiyi kimi indi də mənə qol — qanad verir. Gülümsər çöhrənizi məndən əsirgəməyin, eşidirsiniz, gülümsər çöhrənizi məndən əsirgəməyin. Siz doğulanda mən sizinlə idim, mən öləndə siz də mənim yanımda olun, məni çiyninizdə apararkən müvəqqəti ağırlıqdan üzülməyin, bu sizin mənə etdiyiniz son yaxşılığınızdır, şikayətlənməklə onu qaraltmayın.

Bir gün, bu məktubumu oxumaq üçün öz övladlarınıza verin.

Sizi dərin məhəbbətlə sevən ananız…


Allah sizı qorusun.

Ananın məktubunu qələmə aldı Vahid Çəmənli

17.06.2016

Bakı şəhəri

Doğrudanmı qocalıram

Hərdənbir adamın ürəyi istəyir ki, keçdiyi həyat yoluna nəzər salsın, onun gözəl anlarını yenidən yaşasın, Tanrının verdiyi fürsətləri əldən buraxmasın. Amma kədərli anlarımı təzədən yaşamaq istəməzdim. İstəməzdim, yenə də incə səslə deyilən «yox» cavablarından təsirlənib, çıxıb gedim. Nədənsə, o zamanlar anlamırdım ki, əsil «hə» cavabları elə bu cür olur.

Бесплатный фрагмент закончился.

Купите книгу, чтобы продолжить чтение.