6+
Bu yay da belə keçdi̇

Объем: 402 бумажных стр.

Формат: epub, fb2, pdfRead, mobi

Подробнее
Vahid Çəmənli


Ömür adlı qatarın belə sürətlə hərəkət etməyi xəyalıma gəlməzdi. Mənimlə birgə yola çıxanların da qatardan belə tez düşəcəyini güman etməzdim. Amma, sən demə qatarlar dayanacaqlardan keçəndə hər kəs öz dayanacağında düşməli imiş. Mənim yol yoldaşlarımdan qatarı ilk tərk edən babam Abbas kişi oldu. Sonra anam Pərizad, atam Valeh, xalam Səriyyə, sonra İdris dayımla İsa dayım bir — bir qatarı tərk elədilər. Hürizad xalam xeyli yol yoldaşı oldu mənə. Sonra bir gün o da haqqın dərgahına qovuşdu.

Mənim sevdiyim insanlar! Bu gün mən sizin yer üzündə yaşayan səsiniz, sədanızam. Qələmə aldığım… yox, ürəyimin ən dərin guşələrindən süzülüb gələn bu misralarda sizin sevgi dolu qəlbinizin çırpıntıları yaşayır. Bu çırpıntılar mən durduqca vuracaq Sonra bir gün mən də estafeti sizin üzünü görmədiyiniz, amma sizi andıran nəvələrinizə, nəticələrinizə verib qatarı tərk edəcəm. Bilin ki, mən heç zaman sizi unutmadım. Həmişə ürəyimdə yaşadınız. Həmişə ürəyimdə yaşayacaqsınız.

Əzizlərim, mən bu kitabı sizin xatirənizə həsr edirəm!


Sizi canı qədər sevən Vahid Çəmənli.

Minnətdarlıq

Daha bir kitabla qarşınızdayam, əziz oxucularım. Sizin qarşınızda imtahan vermək asan deyil.


Qəlbinizdə şerə, sözə dərin maraq olduğunu, həm də mahir söz sərrafı olduğunuzu bilə — bilə yenə özümü oda atmışam.


Bilmirəm, yazdığım bu cızma — qaralar könlünüzü oxşaya biləcəyəmmi?


Amma bu kitabdan tək bircə şer, tək bircə bənd, tək bircə misra, tək bircə söz də xatirinizdə qalsa, özümü xoşbəxt hesab edərəm.


Əziz oxucularım, bu kitabı oxumağa sərf etdiyiniz, qəlbimdən süzülən hər bir kəlməyə qulaq verdiyiniz üçün Sizə minnətdaram.


Hələ uşaqlığımdan sazının, sözünün vurğunu olduğum atam aşıq Valehə, qayğısı, sevgisi ilə məni bəsləyib böyüdən anam Pərizada, mənim təhsil almağım üçün 6 — sinifdən məktəbi buraxıb işləməyə gedən qardaşım Zülfüqara, bir əlçim tifilliyindən çörəyimizi — yeməyimizi bişirən, paltarımızı yuyan bacım Qəndaba, atam — anam haqq dünyasına qovuşandan sonra bizə atalıq edən İdris dayıya, analıq edən Hürizad, Səriyyə xalalarıma minnətdaram.


Çəmənli adlı bir kəndə olan sevgisini, suyunu, havasını, Günəşini, torpağını mənimlə bölüşən, ağsaqqalından cocuğuna qədər canım qədər sevdiyim həmkəndlilərimə minnətdaram.


Gəncliyini, həyatının ən gözəl zamanlarını sərf edərək mənə həyat dərsi verə-verə elm öyrədən sevimli müəllimlərim — Qara müəllim, Bayram müəllim, Kamil müəllim, Şəmsəddin müəllim, Fərzəliyev Allahverən müəllim, Paşayev Allahverən müəllim, Məmməd müəllim, Xosrov müəllim, Səlbi müəllimə, Sabir müəllim, Musa müəllim, Quliyev Musa müəllim, Zülfüqar müəllim, rus dilinə dərin maraq oyadan İsmayıl müəllim — Sizə minnətdaram.


Mənə göstərdikləri səmimi münasibətə görə, hal — hazırda Taleh Nuruyevin rəhbərliyi ilə Ziyəddin İsgəndərov adına Çəmənli kənd orta məktəbində çalışan müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm.


İçimdə şerə, sənətə maraq oyadan sevimli müəllimim, Çəmənlimin gözəl şairi Şahmar Əkbərzadəyə minnətdaram.


Mənə mənəvi dəstək olan sevimli sinif yoldaşlarım Nizami Bayramova, Rəfiqə Rüstəmovaya, Allahverən Əliyevə, Çingiz Baxşəliyevə, Akif Abışova, Rafiq Piriyevə, Şahin Günəşliyə, Kamal Alışova… minnətdaram.


Ömrümün son 20 ilinin sadiq dostu, mənim «Nə ömürdü yaşadım» şerlər kitabımın ərəsəyə gəlməsində maddi, mənəvi dəstək olan Mahir Hacıyev — Sənə minnətdaram. O kitab olmasaydı, bu kitab da olmazdı.


Mənə böyük dəstək olan qürbətdə yaşayan dostlarım Adil Danilova, Camal Abdullayevə dərin minnətdarlığımı bildirirəm.


İncə zövqlü dostum Mayıl Adilov, mənim cızmaqaralarıma dəyər verdiyiniz üçün Sizə minnətdaram.


Hörmətli Doktor Müşfiq Mirzəyev, bir yazar kimi mənə dəyər verdiyiniz üçün Sizə minnətdaram.


Adını sevə — sevə andığım, atamın dostu, uşaqlığımdan bu günə qədər dərin bir məhəbbətlə sevdiyim Məhəmmədəli əminin övladları Cəfər bəy, Aydın bəy, bu gün həmin sevgini izafisi ilə mənə bəxş etdiyiniz üçün Sizə minnətdaram.


Müasir Azərbaycan Ədəbiyyatının azman nasiri, şairi, filosofu Firuz Mustafa müəllim, mənə göstərdiyiniz etimad üçün Sizə minnətdaram.


Bu kitabın ərəsəyə gəlməsində böyük əməyi olan dostum şair Vidadi Ağdamlıya minnətdaram.


Dostum, ellim, şair Zaur Ustac, zəhmət çəkib ön söz yazdınız. Bilirəm ki, bu asan olmadı. Ön söz kitabın simvoludur, onun vizit kartıdır. Zəhmətinizə görə Sizə minnətdaram.


Yazar insanın ailə üzvü olmaq çox çətindir. Əziz həyat yoldaşım Təranə, oğlanlarım Valeh, Aydın sizə həsr eləməli olduğum vaxtımı yazmağa həsr etdim. Sizə olan sevgimi şer dediyim cızmaqaralarımla bölüşdüm. Məni əfv edin.

Hörmətlə: Vahid Çəmənli

Ön söz

Bu yay da belə keçdi» -Allah bilir daha neçə belə yaylar keçəcək…

«Bu yay da belə keçdi» -yə keçməzdən əvvəl Vahid Çəmənli adının, imzasının üzərində bir az dayanmaq istəyirəm. Vahid Çəmənli — bu imzadakı Vahid elə Vahiddir bunun şərhə, əlavə izahata ehtiyacı yoxdur. O ki, qaldı Çəmənliyə bu torpaq olduqca müxtəlif sahələrdə sayılıb-seçilən, dəli-dolu oğulları ilə məşhurdur. Bu gün belə oğullardan biri Vahid Çəmənlinin sözünün hənirtisinə isinib, kölgəsində sərinləməyə çalışacağıq… Sözün əsl mənasında çox qurşaqlı iqlimə malik Azərbaycan torpağından pöhrələnib, qol-budaqlı söz ağacına çevrilmiş Vahid poeziyası elə zəngin və rəngarəngdir ki, onun bir budağında istədiyin qədər ağlamaq üçün bəhanə tapıb, ürəyini boşaldana qədər hönkür-hönkür ağlaya, digərində zəmanənin çirkin insanlarının eybəcər əməllərinə için-içindən gedənə qədər acı-acı gülə, bir budağında tənhalıqdan üşüyən zaman isinə, digərində isə üz qızardan əmməlləri görməmək üçün qaçıb, gizlənmək, necə deyərlər sərinləmək olar… Söz istidən düşmüşkən gələk «Bu yay da belə keçdi» məsələsinin üstünə… Vahid qardaşım bu işə Sənin əsrin dördə birindən çox vaxt ərzində gözünün nurunu, saçının qaralığını, qəlbinin fərahlığını verib böyütdüyün bu qollu-budaqlı söz ağacının (lap həyətimizdəki, Ağdamın dörd bir tərəfi görünən hündür qoz ağacı yadıma düşdü…) ən hündür budağından əlini gözünün üstünə qoyub göz işlədikcə baxdıqda belə görünür ki, «bu xəmir hələ çox su aparacaq…»

«Qardaşım, bu söhbəti hər gecə təkrarlanan bir yuxu ilə yekunlaşdırmaq istəyirəm. Ancaq, yuxuya keçməzdən də əvvəl onu qeyd edim ki, mən yuxu məsələləri üzrə mütəxəsisəm və bu barədə də köklü-köməcli bir yazım var. Hər bir yuxunun istər iradi, istərsə də qeyri — iradi bir əsası olmalıdır. Yəni mən yuxumun iki iradi əsasını reallıqda görmüşəm. Bunun birincisi Biçənək aşırımında Naxçıvanın dövlət sərhəddində əsas magistral asfalt yolun üzərinə tökülmüş, lap Qarqadan yığılan qrabilə oxşayan bir-neçə «samasvalt» şeben, bir də Dördyoldan üzü Ağdama tərəf gedəndə yolun üzərindəki topalar (Aqil Abbasın filmində) …
Hə indi gələk yuxuya — hər gecə yuxumda görürəm ki, reallıqda gördüyüm bu topalar kimi topanın üstündən keçib Tək Söyüdün yanından sevinə-sevinə kəndimizə tərəf gedirəm, qəflətən üzümlükdən çıxan öz əsgərlərimiz məni tutub saxlayırlar ki, bəs, sən qayda-qanunu pozmusan belə olmaz. Kor-peşiman yuxudan oyanıram. Səhərə qədər də yuxunun təsirindən çıxa bilmirəm, deyirəm, elə bu saat gəlib məni aparacaqlar. Indi mənim qardaşım, bizimki qalıb ancaq, Allaha. Uca Yaradan özü bizə kömək olsun.

Bu işlər düzəlsin, Sənin bu söz ağacın da ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşaallah…

Var ol, qardaşım, Allah uzun ömür, can sağlığı versin, yaz, yarat…

02.08.2018.

Bakı.

Hörmətlə: Zaur Ustac.

Vahid Çəmənli Ziyəddin İsgəndərov adına Ağdam rayonu, Çəmənli kənd orta məktəbin müəllim kollektivi arasında (Ayaq üstə duranlardan sağdan 5-ci Məktəbin Direktoru Taleh Nuruyev)

Lə İləhə İlləllah

Hüzuruna gəlmişəm,

Lə ilahə İlləllah.

Sənə könül vermişəm,

Səndən dönmərəm billah.

Eşqim, amalım QURAN,

Məhəmməd Rəsulallah,

Məhəmməd Həbibullah,

Dostlarım — Haqq dostları,

Əhli Beyti Nurullah,

Lütvünlə məsud elə,

Kərəm eylə, Ya Allah!..


Sənsiz olsam Ya Həkim,

Sənsiz olsam Ya Əziz,

Ərşə çıxan ahımı,

Söndürə bilməz dəniz…

Nəsib eylə, yaşayım

Həyatımı tərtəmiz,

Sızlayan yaralara

Məlhəm eylə, Ya Allah!!!


Səndən başlar dirilik,

Əvvəli, Axiri sən…

Sən Xaliqsən, sən Qüddüs,

Həyatın təməli sən…

Sən Əzimsən, sən Xəbir,

Əliyyü, Vəliyyü sən…

Məni yolunda sabit

qədəm eylə, Ya Allah!!!

Dünyanı sevəni dünya unudur

Nə qədər dünyaya insanlar gəlib?

Milyondan birisən Çəmənli Vahid.

Əvvəlin bəllidi el arasında,

Sonun nə olacaq, nə bəlli, Vahid?


Yurdunu, elini, obanı tanı,

Yolunda mərdanə ver şirin çanı…

Damarda kim tutar çağlayan qanı?

Çox vermə özünə təsəlli, Vahid!


Ürəyim kövrəlib yenə bu axşam,

Suallar önündə çaşıb qalmışam…

Sönərmi meh ilə haqdan yanan şam?

Edər ürəklərdə təcəlli, Vahid.


Hər xalqın öz əsli, öz nəsli, boyu,

Əsli olmayanın quruyar soyu.

Mənim də xalqımı əsrlər boyu

Yaşadar neçə düz əməlli, Vahid.


Özün də, adın da haqdır, uludur,

Yaz, yarat, nə qədər canın suludur.

Dünyanı sevəni dünya unudur,

Yapışma dünyadan dördəlli, Vahid!

Mənim ana dilim

Mənim ana dilim, ulu Türk dilim,

Səni gözüm, könlüm anbaan çəkir.

Bu dildə deyənə, yazana qurban,

Hər sözü, cümləsi şöhrət, şan çəkir.


Bu dildə edəsən yar ilə ülfət,

Dost ilə dəyərli, mənalı söhbət…

Şair, qələminə, təbinə qüvvət,

Hər sözün canımdan sanki can çəkir.


Hər sözün öz dadı, istotu, duzu,

Hər sözdə min gözəl işvəsi, nazı,

Nəğməmdə Ələsgər sazı, avazı,

Üzeyir bəstəyir, zilə Xan çəkir!


Rəbbim dil verməyib, dürr verib bizə,

Maşallah, nəmxuda, gəlməyək gözə…

Sanki bal qatılıb kəlməyə, sözə,

Bu şəkər dadını Vahid, qan çəkir.

Amma görüm Ağdam azad Ağdamdı

Ağdamıma həsrət qaldı gözlərim,

Ahıl çağım, nə ağrılı zamandı.

Ağdama yox, Quzanlıya sığındım,

Məni düzgün anlayın haa, amandı.


Quzanlı da öz yurdum, öz məskənim,

Üçoğlana kəm baxana min qənim,

Zəngişalı, Mahrızlı da Vətənim,

Ürəyimdə nəğmə dolu ümmandı.


Xındırıstan Zakirimin Vətəni,

Canım — gözüm, heç qınama sən məni…

Çəmənlimin zümrüd düzlü çəməni,

Hər gülünə göz yaşlarım damandı.


Əfətli də, Çıraqlı da öz qalam,

Baharlı da hikmət qalam, söz qalam,

Mirəşellim, — kövrəlirəm az qalam,

Adın — sanın dilimizdə dastandı.


Qaradağlı, Sarıcalı tağbəndim,

Düşmənlərin boğazında kəməndim,

Oğulların oylaqlarda şir əmdi,

Dör bir yanın bağ — bağatdı, bostandı…


Ağdam yoxdu, yurdum qalıb dirəksiz,

Ürəyim yox, necə dözüm ürəksiz…

Mən razıyam qalım susuz, çörəksiz,

Amma görüm, Ağdam azad Ağdamdı!

Oldu

Bircə gün dərdinlə tənha qalmadın,

Demə, nə dost oldu, nə yoldaş oldu.

Soruşdum çarəni obadan, eldən,

İçimdə çöx böyük bir təlaş oldu


Kimsədən bir kəlmə gəlmədi cavab,

Suallar bağrımı eylədi kabab…

Dedim hayan olum, qazanım savab,

Nəfsimlə ağrılı bir savaş oldu.


Davalar, dərmanlar vermədi fayda,

Sən demə, Tanrıdan beləymiş qayda…

Şam kimi əriyib soldun üç ayda,

Qayğılı ömrünün sonu boş oldu.


Yalvardım, Ya Rəbbim, budumu fəhmin?

Səndəmi susursan, yoxdumu Rəhmin?

Geriyə dönüş yox, elədim təxmin,

Sinəmdə çırpınan ürək daş oldu.


Nə ağla, nə sızla Ay Vahid, dayan,

Gedənə hər bir iş ayandı, ayan…

Tapılsa dünyada səni bir duyan,

Onda utanma, de, mənə xoş oldu.

Ürəyimi sıxan dağlar

Dərdli ananın bu şəklinə biganə qalmaq olmur. Gərək daş olasan ki, əriməyəsən. Bilmirəm, niyə, amma bu şəklə baxdıqca ürəyimdən kağıza bu sətirlər axdı.

Ürəyimi sıxan dağlar,

Uzağın yaxın oldumu?

Üzü bəri baxan dağlar,

Qoynuna axın oldumu?


Bir el vardı, görən oldu?

Hamı pərən — pərən oldu…

Kimlər gülün dərən oldu?

Gül pəmbə taxtın oldumu?


Hanı sənin qızıl vaxtın?

Niyə belə döndü baxtın?

Arxamızca qəmli baxdın?

Baxmağa vaxtın oldumu?


Göz-görəti düşdük oda.

Canım dağmı düşdü yada?

Sənə demədik əlvida,

Həsrətlə baxdın, oldumu?


Başımızı versək belə,

Qayıdarıq əziz elə!

Bir də gördün gülə — gülə,

Yollara çıxdın!

Oldumu!

17.08.2018

Gözlərim doymadı xatirələrdən

Gözlərim doymadı xatirələrdən,

O bahar,

o bəhər dünən oldumu?

Cavanlıq ulduz tək parladı, söndü.

Hüdudsuz göylərdən enən oldumu?


Keçirdim günləri yarıyuxulu,

Ağ bəxtim bu qara nəfsimin qulu…

Elə ilk döngədə itirdim yolu,

Qayıdıb yoluna dönən oldumu?


Dağ dağa söykənər dağ olar Allah,

Bağ bağa baxanda bağ olar Allah,

Sözünə söz desəm ağ olar Allah,

Önündə bir kəlmə dinən oldumu?


Könüldən könülə yol salmaq çətin,

Gərək itməyəydi bir an diqqətim,

Yəhərsiz, yüyənsiz qalan diqqətim,

Təzədən atına minən oldumu?


Ay Vahid, bilmirsən bu hansı çağdı?

Çox şükür Allaha, can hələ sağdı…

Payız yağışları qəlbinə yağdı,

Quruyan çöllərin çəmən oldumu?

Endi

Onu gördüm, əsdi əlim, ayağım,

Od-alovlu yay günümə qış endi.

«Bu sənsənmi?» -pıçıldadı dodağım.

Sinəsinə ağ saçlı bir baş endi.


Üzüm gülür, içimi qəm sıxırdı,

Bu qəm mənim qürurumu yıxırdı…

Solan gülün gözlərinə baxırdım, —

Üstümüzə görən neçə yaş endi?


Halın sordum, heç pozmadı halını,

Tumarladı qolundakı xalını…

Düzəldəndə başındakı şalını,

Elə bil ki, başıma bir daş endi.


Vahid, demə bu ömürdü, həyatdı.

Bu həyatdan qismətinə nə çatdı?

Xatirələr ürəyimi sızlatdı,

Yanağıma iki gilə yaş endi…

Şair Ədalət Bədirxanova həsr olunur

Elə bilmə heç nə duymur Babamız

O, Alimdi o, Hakimdi ay dədə!

Nə yazıq ki, Haqdan gəlmir sədamız,

Ağsaqqal da ta heç kimdi, ay dədə…


Qapazlardan qutarmadı canımız,

Bizlənməkdən yara oldu yanımız,

Dərd-sər ilə çox qaraldı qanımız,

Düzünə de, nə him-cimdi, ay dədə?


Yaramazlar fitnəsindən yarınmaz,

Qara yalan ağ kağıza sarınmaz…

Yüz il axa ta durulmaz, arınmaz,

Bu çaylarda namərd çimdi, ay dədə!

Düşdün burulğana, çox çabalama

Düşdün burulğana, çox çabalama,

Bəlkə qurtarasan, belədi gerçək.

Mindiyin ulağı çox yabalama,

Atacaq üstündən bil səni, eşşək.


Oturub duranda ədəbi gözlə,

Yüzün ovsunata düşər bir sözlə…

Hal-əhval tutanda tut gülər üzlə.

Gülər üz görərsən hamıdan bişəkk.


Hamı yazır, pozur, hamı rəy verir,

Allah yazanlara çox həmrəy verir…

Axır qiymətini yenə bəy verir,

Bəyin saqqalının altından keçək!..

25.08.2016

Bakı ş 15.12.2017

Bir şerin tarixi

1978-ci ilin iyul ayında yazılan bu şeri köhnə şer dəftərimdən tapmışam. Tapmışam deyəndə, bir az qəribə olur. Əslində, bu şer həmişə orada olub. Mən nəsə diqqət verməyib, səhifəni çevirmişəm. Bəlkə bu elə o zaman da, indi də mənim əlçatmaz, ünyetməz bir arzum olub ona görə…

Xatirimdə deyil.

Vallah, kimi nəzərimdə tutub yazmışam o da xatirimdə deyil.

Gözlərimi yumub xəyala daldım.

Ey bu sətirləri yazmağa məni həvəsləndirən, ey şer dəftərimdə sakit, səssiz-səmirsiz yaşayan gözəl, ömrümün iyirmi ikinci baharını ələk-vələk elədim, amma səni xatırlaya bilmədim.

Bu şeri paylaşmaq üçün hazırlayanda bəzi sətirləri dəyişdim.

Məsələn, birinci bəndin üçüncü misrası belə idi:

Çöksün utancaqlıq yanaqlarına…


Axırıncı bənd iki variantda idi.

Çox ağrılı sətirlər vardı, rəva görmədim:


...Sonra da ayrılaq!
Üz tutub hərə,
Gedək sən bir yana,
mən də bir yana,

Dönüb şirin — şirin xatırələrə

Səpilək hərə bir evə, ünvana


Bu bəndin üstündən tamam xətt çəkmişdim.

Amma deyəsən əsil həqiqət elə bu bənddə imiş. Ən azından, ikimiz də başqa ünvanlarda yaşayırıq.


Axırıncı bəndin yeni variantının birinci, ikinci sətri də fərqli idi:


Ayrılıq yaxındı, bəs qəlbimizə,

Neyləyək, qonmasın bir zərrə kədər?..


Yox! Heç nə anlamadım.

Görüşə dəvət etmək istədiyinə ayrılıqdan danışmaq çox qəribədir, deyilmi?

Mənim gəncliyimin qızları, siz bahar nəfəsi kimi ilıq, bənövşə kimi utancaq idiniz. Heç zaman başınızı qaldırıb adamın üzünə baxmazdınız. Söz deyəndə yanaqlarınız lalə kimi qızarardı. Bəlkə də ona görə mənim bu şerim xəyallarımda qurduğum bədii lövhədən başqa bir şey deyildi.

Çox maraqlıdır, bu şer dəftərimə mənim öz xəttimlə yazılmayıb. Bəlkə sən var idin, bu şeri dəftərimə köçürməyi mən səndən xahiş elədim.

Bəlkə bu bir məktub idi?

Göndırilməyən məktub…

Dəftərimdə 40 il sükutla yaşayan şerin adını da belə qoydum:

Göndərilməyən məktub

Bir axşam görüşək sahil bağında…

Bir az ürəkli ol, inadı burax.

Şəfəqlər parlasın yanaqlarında,

Arabir qıyğacı gözlərimə bax.


Ürkək addımlarla yerimək niyə?

Gülüşə bələnsin incə dodaqlar.

İpək saçlarına toxunsun deyə,

Üstünə əyilsin körpə budaqlar.


Bir boş skamyaya gəlib yetərkən,

Dincəlmək adıyla oturaq qəstən.

Dərim ulduzları bir-bir göylərdən,

Asım medalyon tək sinənin üstən.


Bir könül bağışla mənə təzə-tər,

Əmanət götürüm təbəssümündən.

Haçan bir də bura yolumuz düşər?

Bu da bir xatirə yay mövsümündən…


Bax, heç nə gəlməsin ürəyimizə,

Qəlbi üşütməsin bir zərrə kədər.

Beləcə sığınıb bir-birimizə

Uyuyaq sahildə səhərə qədər…


Vahid Çəmənli

25 iyul 1978

Bu yayın istisi bir az çox oldu

Doldurub kömürü, basdı körüyü,

Şəfəqlər hər biri yanar ox oldu.

Çaylarım qurudu, qaldı köpüyü,

Bu yayın istisi bir az çox oldu.


Vədəsiz saraldı dağda lalələr,

Boşaldı, boş qaldı zər piyalələr,

Sızqa suya döndü gur şəlalələr,

Bu yayın istisi bir az çox oldu.


Çəmənin ciyəri çöldə alışdı,

Yaşılbaş sonralar göldə alışdı,

Şirin kəlmələrim dildə alışdı,

Bu yayın istisi bir az çox oldu…


Kəhrizin başında dayanıb baxdım,

Keçdi göz önündən qismətim, baxtım…

Əridim, buxar tək göylərə axdım,

Bu yayın istisi bir az çox oldu.

Qalıb

Dünyanın qəmini yığdım üstümə,

Bölməyə nə anam, nə nənəm qalıb.

Ayaqlar yoruldu,

Qollar yoruldu,

Yorulmaq bilməyən bir çənəm qalıb.


Atəşəm, alovam — edirdim güman,

Bilməzdim bu odu söndürər zaman…

Məni oxa basdı çox qaşı kaman,

Süzgəcə bənzəyən bir sinəm qalıb.


Hanı dağ vüqarım, hanı dağ eşqim?

O dəcəl baxışım, o şıltaq eşqim.

Çox verdin ömrümə kef-damaq, eşqim,

Zilimi tükətdin, quru bəm qalıb.


Ay Vahid, qış gəlib, hava ayazdı,

Bir saxla qələmi, nə yazhayazdı…

Tanrım qismətimi şəhərdən yazdı,

Kənddə gözü yolda bir sənəm qallb.

Keçir

Məni bənd eləmə özünə gözəl,

Ömür sətirlənir varaqdan keçir.

İndi necə düşüm izinə gözəl?

Yollarım burulur qıraqdan keçir


Hər səni görəndə əsir dizlərim,

Çaşıram, baş-ayaq olur sözlərim,

İsti göz yaşıyla dolur gözlərim,

Atəşi süzülür yanaqdan keçir.


Vədəsiz gəlmisən solan ömrümə,

Dünyanın kədəri dolan omrümə,

Demərəm bəzək ver qalan ömrümə,

Hər anım tənədən, qınaqdan keçir.


Şirin cavanlığım hara tələsdi?

Qocalıq qış kimi qapımı kəsdi.

Ürək pıçıldayır, həvəsdi bəsdi,

Söz sözə baxmır ki, dodaqdan keçir…


Vahid, qəm eləmə, çatma qaşını,

Kimsədən gizlətmə olan yaşını…

Çevir o gözəldən öz baxışını,

İmanın, dözümün sınaqdan keçir!

Bir izah göndər, Allah

Oddan mələk yaratdın,

Dedin Şeytandı, Allah.

Çərxi-fələk yaratdın,

Dedin zamandı, Allah.


Sudan cahan yaratdın,

Dedin yalandı, Allah.

Torpaqdan can yaratdın,

Dedin İnsandı, Allah.


Yaratdın da yaratdın…

Sonra da bu İnsanı,

Sonra da bu Şeytanı,

Birlikdə Yerə atdın.


Ya məni oddan qoru,

Ya suya döndər, Allah…

Anlamadım mən səni,

Bir izah göndər, Allah!

Qarabağ, ay mənim muğam beşiyim

Qarabağ, ay mənim muğam beşiyim,

Həsrətin əlindən gəlmişəm zara.

Qarabağ, ay mənim evim, eşiyim.

Necə boyun əyim bu sərt rüzgara?


Qırıq ümidimi apardı sellər,

Yol tapa bilmirəm qoca dağlara.

Mənə xəbər verin, ay əsən yellər,

Nə zaman yetəcək əllərim yara?


Dəmir qayalara yazdım adımı,

İndi kimlər yazır adını ora?

Ey Tanrı, özümə qaytar odumu,

Qoyma bu dərd gedə mənimlə gora!

Dağlar oğlu

Azərbaycan Ordusunda layiqli döyüş yolu keçən dostum Mail Adilova həsr edirəm

Mail Adilov

Kəlbəcərin igid oğlu, alqış sənə,

Qarabağda tufanlara gərdin sinə,

Ürəyində odun — közün çətin sönə,

Dağlar oğlu, dağ vüqarlı Mail dostum.


Sən döyüşdə ər igidsən, ər oğlu ər.

Güllə özü qorxar səndən, yolun əyər.

O gün olsun, Azərbaycan çalsın zəfər,

Dağlar oğlu, dağ vüqarlı Mail dostum.


Elimiz bir, yurdumuz bir, canımız bir,

Damarlarda coşa gələn qanımız bir,

Adımız bir, şöhrətimiz, şanımız bir,

Dağlar oğlu, dağ vüqarlı Mail dostum.

Zirvələrə boylanıram

Zirvələrə boylanıram,

Hər tərəfi ağ görünür.

Yamaclarda dolanıram.

Gül-çiçəkli bağ görünür.


Qaçhaqaçda keçir ilim,

Yanır əlim, yanır dilim.

Yurda həsrət qalan elim,

Sinənizdə dağ görünür.


Sözlərini uda-uda,

Əcəb məni saldın oda,

Versə də çox günün bada,

Vahid hələ sağ görünür.

Gedər

Özünə Tanrıdan uğur dilə sən,

Hər sözün ürəyə toxunub gedər.

Yaxşılıq eləsən bircə gilə sən,

Birə min əvəzlə oxunub gedər.


Şirin ol, əziz ol, acılıq etmə,

Sakit, təmkinli ol, qoçuluq etmə,

Uğursuz bir yola yolçuluq etmə,

Üzünün abırı arınıb gedər.


Arifsən, sirrini saxla dərində,

Zəhmət çək elinin xeyir-şərində…

Halal qazancında, alın tərində

Varlığın su kimi durunub gedər.


Gör-götür dünyası bizi xar etdi.

Şöhrətə hərislik kimə yar etdi?..

Aləmi başına kim ki dar etdi,

Dikəlməz, zəlil tək sürünüb gedər.


Ay Vahid, mərd yaşa, təmiz ad qazan,

Bir kimsə dalınca deməsin nadan…

Varlı da, kasıb da qoca dünyadan.

Beş arşın kətana sarınıb gedər.

Şairlik qəlb yanğısıdı

Şairlik qəlb yanğısıdı,

Onu addan-sandan umma.

Göz yaşı can acısıdı,

Dərd çəkməyən candan umma.


Haqdan dolu olsa sinə,

Odu, nuru çətin sönə…

Qoy, adı xalq versin sənə,

Onu bəydən, xandan umma…


Vahid, arzun açmaz çiçək,

Tər tökməsən ətək-ətək.

Şan-şöhrəti sədəqə tək,

Gəl, sən ondan-bundan umma

Gəmilər

(Dostum Vahid Qaziyə həsr olunur)

Sahillərdə misqal-misqal böyüyər,

Yağışlarda, dumanlarda gecələr.

Enər bir gün göy dənizin qoynuna,

Dəryalarda, ümmanlarda gecələr.


Şahə qalxan dalğalarla oynayar,

Vuran, yıxan dalğalarla oynayar,

Dağdan uca dalğalarla oynayar,

Neçə sirli zamanlarda gecələr.


Üfüqlərdə alovlara qalanar,

Mamırlara, mərcanlara bulanar;

Bu dünyanı dəniz-dəniz dolanar,

Yenə doğma limanlarda gecələr.

Vahid Qazı

14.06.2018

Sən sevgimə irad tutub, qınadın

Sən sevgimə irad tutub, qınadın,

Barı özün vəfasız tək qınanma.

Çəkdi yüz yol imtahana inadın,

İnadımdan əsər qaldı, — inanma!


Öz əlinlə bəzəmişdin yaxamı,

Nişan yerin, hədəf yerin yaxamı?

Naz — qəmzənlə çıxarmısan yuxamı,

Ocaq olub sinəm üstə qalanma.


Mətləbimi ürəyimdə ürəyimdə gizlərəm,

Gecə — gündüz kölgə kimi izlərəm…

Vədə versən, ömür boyu gözlərəm,

Bir şərtinən, nə zamansa gəl amma!

Yenə də bahar gəldi

Yenə də bahar gəldi.

Bu neçənci bahardı?

O başqa bahar idi,

Bu da başqa bahardı.

Kimlər mənə yar idi,

İndi kim mənə yardı?..


O baharda rəngbərəng,

Neçə çiçəklər vardı.

O baharda yağışlar

Başqa cürə yağardı.


O baharın atəşi,

Alovu, közü vardı.

O baharın göyləri,

Səma boyda olardı.


O baharda gözəllər

Necə xonça bağlardı.

O baharda gözlərim

Bir gözəli arardı…

O başqa bahar idi.

Bu da başqa bahardı.


O baharım qeyb oldu,

Sinəmdə odu qaldı.

Gözümdə nuru qaldı,

Dilimdə adı qaldı.


O bahar bircə əlçim,

Bulud tək keçib getdi.

Qərib durnalar kimi

Ömrümdən köçib getdi.

Qapqara saçlarıma

Ağappaq lələk saldı…

O başqa bahar idi,

O bahardan nə qaldı?

04.06.2018

Əlacı yox təkcə Vahid bihalın

20 yaşında bir xatirə dəftərinə yazdığım şer.

05 may 1977 — ci il

Bütün yolu yalnız səni düşündüm,

Xəyalımda cilvələndi xəyalın.

Bir ümidin nəşəsindən isindim,

Sevindim ki, keçib gedər məlalın.


Necə qıyım qəlb ağlaya, göz dola,

Gizli-gizli ürək yana, qovrula,

Günəş ola,

yağış ola,

gül sola,

Necə məni yandırırdı bu halın…


And verdim ki, xoş xəbərlə dönəsiz.

İnsafdımı, parlamamış sönəsiz…

İnanırdım, xəzan gəlməz vədəsiz,

Bulud tutmaz tər üzünü hilalın.


Necə gözəl başa çatdı imtahan,

Məğrur çıxdın neçə qara qorxudan.

Gəncliyini qorumağa hər zaman.

Çox istərdim, çata əqlin, kamalın.


Öz bəxtinə əlindədir ixtiyar,

Arzularla yaşa azad, bəxtiyar,

Unutma ki, hər bir dərdə əlac var,

Əlacı yox təkcə Vahid bihalın…

Gənclik hara çıxıb gedir?

Gəl, qayıdaq ömrümüzün,

O qayğısız, şən çağına.

Bir də ataq özümüzü,

O ilk eşqin qucağına.


Geri dönsün on beş yaşın,

Sevincimiz coşub daşsın,

Acıq verək soyuq qışın,

Şaxtasına, sazağına.


Nanə, yarpız dərə-dərə,

Uçaq xəyal uçan yerə,

Yenə də dırmaşaq hərə,

Bir ağacın budağına…


Yenə səni andı ürək,

Əvvəlki tək yandı ürək,

Xatırladım kövrək-kövrək,

Düşdüm sənin sorağına.


Zaman su tək axıb gedir,

Canımızı yaxıb gedir,

Gənclik hara çıxıb gedir?

Ömür dönür göz dağına…

Gördüm

Sinif yoldaşım, dostum Nizami Bayramova həsr edirəm.

Dostum Nizami Bayramov

Aradım dayazda, üzdüm dərində,

Tilsimlərlə dolu yüz hikmət gördüm.

Göylərə bağladım ümidlərimi,

Tağında min cürə qıfilbənd gördüm.


İnsandı dünyanın zinəti, tacı,

İnsanın enməsi acıdı, acı.

Ata, ana, oğul, qız, qardaş, bacı;

Hərədən min cürə məhəbbət gördüm.


Cocuqluq çağlarım düşdü yadıma,

Üz tutdum elimə, ata yurduma,

Nizami aslan tək gəldi yardıma,

Qəlbində dostluğa sədaqət gördüm.


Ay Vahid, şairlər gördüyün deyər,

Onu kim susdurar, onu kim əyər?

Elimə, dilimə verirəm dəyər.

Hər sözdə xalqımdan əmanət gördüm.

Şair sözü şirin şəkər

Suyu bumbuz dağ şəlaləm.

Suların qurumaz ola.

Yamaclarda bitən laləm,

Bağrın qara olmaz ola…


Bahar gələ, güllər aça,

Bənövşələr ətir saça.

Könlüm yara sarı uça,

Gözüm yolda qalmaz ola…


Şair sözü şirin, şəkər,

Gah sevinər, gah qəm çəkər…

Nə gözünə duman çökə,

Nə yanağı solmaz ola…

Bakı 2018.15.05

Həkim

Doktor Müşfiq Mirzəyevə həsr edirəm.


Bir dərd daşıyıram gör neçə ildi,

Bu dərdə dağ dözməz, daş dözməz, həkim.

Qəlbimə tökülən göz yaşlarından,

Od tutub yansa da, can bezməz, həkim.


Bir yandan Kəlbəcər, bir yandan Laçın,

Bir yandan Tərtərçay, bir yandan Xaçın,

Bir yandan Ağdamım, — suları qırçın,

Murov boyda dərdi kim görməz, həkim?


Yağı düşmən tutub qədim Qalanı,

Qubadlı, Füzuli, Zəngilan hanı?

Tutduq üzümüzə Çocuq-Mərcanı,

Abdal-Gülablıdan səs gəlməz, həkim.


İrəvan dəyişib oldu Yerevan,

Göyçə gözəlini etdilər Sevan;

Sülhsevər xalqıma tutdular divan,

Üzüm həşrə qədər ta gülməz, həkim


Yandırır Zəngəzur həsrəti bizi,

Ot basır biz keçən çığırı izi;

Həsən Mirzə yurdu Dərələyəzin

Yanğısın Araz da söndürməz, həkim.

Həsən Mirzə

Yuxuda görürəm Cıdır düzünü,

Ağdərəm, Xocalım cırır üzünü.

Tənha Dəldağım büküb dizini,

O məğrur qaməti düzəlməz, həkim.


Xankəndi, Cəbrayıl düşmən əlində,

Seyranə çıxırlar Sərsəng gölündə.

Yanır çəmənim də, yanır çölüm də,

Yurdum nə dirilməz, nə ölməz, həkim.


Kədərdən, qəhərdən tutulur boğaz.

Bu dərdə yüz həkim bir çara tapmaz;

Qurdla qiyamətə qalanda qisas,

Bu dərdən kim yanıb üzülməz, həkim.

Aşiqin oldum

Baxışın bal kimi işləyir qana,

Bu bir sevda toyu, könül yarışı.

Kəlmələr düzülür yenə yan — yana,

Yağır ağ vərəqə tər gül yağışı…


Səhər şəfəqləri dumanda itir.

Qəm gələn yolları çən alır yenə.

Dodaqda bir alqış öpüşü bitir,

Bir nəfəs boğazda daralır yenə.


Əl vurma, ay gözəl, pəjmürdə — halam.

Baxdım gözlərinə, gözlərim doldu.

Deyəsən, dağıldı bu güvənc qalam,

Deyəsən, mən sənin aşiqin oldum…

Fağır kişi

Köhnə qəhvədanı qoymusan dəmə,

Gözlərin hayana de, baxır, kişi?

Yaz gəlir, sən isə batmısan qəmə,

Üstündən, başından dərd yağır, kişi.


Yamaqlı pencəyin batıb paxıra,

Gözlərin əriyib, düşüb çuxura.

Hər səhər naxıra, axşam axura,

Nə qədər uzanar bu naxır, kişi?


Yüz dəfə sökmüsən nimdaş palanı,

Noxtan, çulun hanı, çubuğun hanı?

Tək sənmi çəkirsən ağır kotanı?

Yükün ağırdımı, ay ağır kişi?


Taylılar tapmasa əgər tayını,

Kəsməz həşrə qədər ahu — vayını

Doyunca aldınmı, kötək payını?

Dur Əhməd dayını di çağır kişi.


Yerdə sürünməkdən ağrıdı dizin,

Uşaqlar yanında qaradı üzün…

Vallahi, çatışmır beş arşın bezin,

Bürünüb gedəsən, ta fağır kişi.

07.03.2018

Dördlüklər

1.

Bir sözü demədən diqqət et ki, sən,

Sonra peşman olub, üzülməyəsən.

Yerdə də, göydə də olsa məskənin,

Haqq özü yaxandan tutacaq sənin.

2.

Demişdin, bu dünya fanidi, fani,

İndi bu kəlama inandım, Allah.

Sorsalar, hardadı haqqın divanı,

BaşImın içində, — deyərdim, Vallah!

3.

Bu ömrü özümə bağlayım necə?

Pərişan günlərim sanki can çəkir.

Axşamdan səhərə qurtarmır gecə,

Səhərdən axşama bircə an çəkir

4.

Neyləyim, bilmirəm belə baharı?

Güllərdən yoluma xalı sərmədi.

Axdı gözlərimdən bütün suları,

Nə fayda, bir çəngə ot cücərmədi.

5.

Ey mənim sevdiyim qoca adamlar,

Əfv edin, getdiniz, tuta bilmədim.

Əlçatmaz oldunuz uca adamlar,

Nə qədər böyüdüm çata bilmədim…

6.

Şirin xəyallara tez uyur beyin,

Acını kim sevir?

— Onu bulanmı?

Hansı gözəl olur, özünüz deyin,

Acı həqiqətmi, şirin yalanmı?

7.

O sirli baxışlar nə idi, Allah?

Tərpətdi, oynatdı yerimdən məni.

Bir zaman nər oğlu nər idim, Allah,

Bəs indi sevərmi yenidən məni?


8.

Seçə bilirsənmi qaranı ağdan?

Dilində şimşəyin gurultusu var.

Yel nə qoparar ki, qocaman dağdan?

Təkcə baş aparan vıyıltısı var.


9.

İnsan deyinəndi, İnsan susandı,

Tənədən usanar, öyüddən qaçar.

İşıqdan zülmətə düşmək asandı,

Oğulsan, zülmətdən çıxmağı bacar!

10.

Sənə nə, kim harda nə əkir, biçir?

Kim harda bulaşır çamura, lilə…

Yerdə sürünməklə gününü keçir,

Nə işin göylərdə uçanlar ilə…


11.

Gedirik gecəni qatıb gündüzə,

Biz olduq bəzirgan, sən xoca, dünya!

Üzünü turşudub baxırsan bizə,

Səndən nə gözləyək, a qoca dünya?

12.

Yurduma elə bil gəlmişdin dünən,

Bu gün öz yerini verdin bahara.

Ay qış, qışlığına qalmadı güvən,

Qarsız ağ üzünü elədin qara…

Dünya köhnə dəyirmandı

Sultan Mərziliyə həsr olunur

Dünya köhnə dəyirmandı,

Çərxi — fələkdən çıxacaq…

Günü dən-dən xəlbirlənir,

Unu ələkdən çıxacaq.


Gül əkdinsə, gülşən olar,

Ömrün — günün çox şən olar,

Dörd yanına dost cəm olar,

Səsin də bərkdən çıxacaq!


Çox axıtma gözdən yaşı,

Səni başa düşməz naşı,

Bahar gəlir, — yaz yağışı,

Soyuq küləkdən çıxacaq.


Haqq yolunda yürü mətin,

Demə, işim oldu çətin…

Gün gələcək, şan — şöhrətin,

Neçə ürəkdən çıxacaq.


Çəmənlidə əkdim gülü,

Sultan, şad elə könülü;

Qürbət üzməsin bülbülü,

Əlacı Təkdən çıxacaq!

Sultan Mərzili

Rübailər

Təzə tər güllərim üzüldü getdi,

Şehi gözlərimə düzüldü getdi,

Bir ömür vermişdi payıma Allah,

Qum kimi ovcumdan süzüldü getdi!


Günəş üfüqə döğru sallanır fağır-fağır

Bir günün də üzünə xal düşür ağır-ağır…

Nə keçən günə üzül, nə qaranlıq gecəyə,

İşıqlı sabahların qatı zülmətdən doğur…

Qaldı

Yusif Məmmədovun xatirəsinə


Buludlar bürüdü göyün üzünü,

Ulduzlar sayrışa — sayrışa qaldı.

Sevənlər çəkildi yuvalarına,

Küçələr küləyə, yağışa qaldı.


Zaman oxu qoyub, çəkdi yayını,

Yetirdi ömrünə xəzan ayını.

Budaqlarda qalan nubar payını,

Sərçələr bölüşə — bölüşə qaldı.


Ey köçüb gedənlər, əfv edin bizi,

Yaşada bilməsək xatirənizi…

Bir daha görmərik xoş çöhrənizi,

Ümid qiyamətdə görüşə qaldı

Dərdi yük eləmə

Mehman Göytəpəliyə həsr olunur


Kiminə avtomobil çarpır,

kimini ildırım vurur,

kimini də hansısa bir vələd…
Mənisə dərd vurub, dərd…

O dərd namərd…

(şair Mehman Göytəpəli)

Dərdi yük eləmə özünə, şair!

Dərd də səni görüb yaxandan keçir.

Elə mindirmisən qəmi urvata,

Sevinc qəmli — qəmli yaxından keçir!


Yol çəkən gözlərin gözləyir kimi?

Yorğun baxışların izləyir kimi?

Dilin susa — susa gizləyir kimi?

Dünyanın soyuğu yuxundan keçir.


Hikməti olsa da naşı dünyanın,

Canına od düşsün yaxşı dünyanın…

Güləndə pozulur naxışı dünyanın,

Elə bil varından — yoxundan keçir.

05.01.2018

Şair Mehman Göytəpəli

Mehman Göytəpəliyə həsr olunan qəzəl

Eşqinin fikri yenə eylədi avarə məni,

Od tutub yandı dilim, tez yetirin yarə məni.


Çəkirəm həsrətini, qıyma sola güllü bağım.

Görməsin qoy rəqibim, eyləmə biçarə məni.


Bülbülün naləsinə dözməyə yoxdur qərarım,

Sonda minnətçi edər göz yaşım ol xarə məni.


Mən sənin aşiqinəm, sən kimə uydun gözəlim?

Rəhm edib bəlkə əzəl, çəkdirəsən darə məni…


Bir neçə sətri düzüb qoşdu Vahid Mehman üçün,

Qəbul eylər, sanıram, etməz üzü qarə məni!


02.09.2017

Qaldı

Üyütdüm günləri dəyirman kimi,

Qaldı, baş aparan çax-çaxı qaldı

Nə umdum, ömrümə yazıldı nələr?

Dilimdə gileyi, ah-vahı qaldı.


Əkdiyim ağaclar vermədi bəhər,

Üzdü boğazımı acı bir qəhər…

Bu günü yaşadım elə bir təhər,

Üzun bir gecəsi, sabahı qaldı.


İstədim söz satam, alan olmadı,

Ciblərim boş qaldı, kalan olmadı.

Vallahı, bir qazanc-filan olmadı,

Borclarım uzun bir siyahı qaldı.


Vahid, ağ günlərim dara çəkildi,

Üstünə kədərli qara çəkildi…

Sevincli günlərim hara çəkildi?

Əlimdə çox ağır günahı qaldı.

28.07.2018

Murov dağı

(Dostum Mailə həsr olunur)

Murov, səndən gileyliyəm,

Zirvələrdə qarın hanı?

Quzeylərin sənə qalsın,

Güneylərdə barın hanı?


Döyəclədik nala-mıxa,

Yurd-yuvamız çıxdı yoxa…

Qaldıq sənə baxa-baxa,

Heç demədin varın hanı?


O tərəfin Göyçə eli,

Bol-bol bitir həsrət gülü…

Kim ovudar bu könülü,

Soruşanda yarın (1) hanı?


Kəlbəcərinm əsir-yesir,

Yollarını yağı kəsir…

Xaçın, Tərtər umur, küsür,

Vətən oğlu, yarın hanı?


Hanı mənim elim, obam?

Zülfüqarlı, Dəmirçidam,

Başlıbelim, başsız qalam,

Soruşacaq bir gün babam-

Ağkilsədə (2) gorum hanı?

1. İkinci hissə.
2. Aşıq Ələsgərin məzarı nəzərdə tutulur

Aşıq Haşım Qubalıya həsr olunan dörd şer

Kənddəki evimin eyvanındayam,
Ürəyim narahat, özüm rahatam

Bir baxış, bir ülfət, bir sən çatmırsan,

Bu rahat dünyamın gözünə qatam

(Aşıq Haşım Qubalı)

1.

Aşıq Haşım Qubalı

Bu köhnə divarlar nələrə şahid,

Acı xatirələr indi bal dadır.

Aşığın sözünə çox uyma, Vahid.

Hər şeyi çatır da…

Bizi aldadır!


Xaçmazdan Qubaya beş addım yoldu,

Yolunun üstündə tikanmı boldu?

Gəlib — gedəni yox, ayı il oldu,

Ata ocağının gözü yoldadır.


Günə-güzərana olmuşuq əsir

Başda duman gəzir, soyuq yel əsir.

Ümidsiz sabahlar ümidi kəsir,

Neyləyək, başımız qalmaqaldadır.


Aləmə bəllidir sözün söhbətin,

Dost-tanış yanında çoxdu hörmətin.

Yadından çıxmayır ilk məhəbbətin,

Yarası sinədə, adı qoldadır.


Aşıq, çox bicliyə qoyma özünü,

Qoy Vahid söyləsin sözün düzünü,

Nə yaş, nə də zaman əyməz dizini,

Qocaldım deyirsən, gözün xaldadır.

Aşıq Haşımın Qubadakı evindən açılan mənzərə

Yadındamı, səni harda görmüşəm,
Kövrək təbəssümlə könül vermişəm.
Şamama üzmüşəm, nar da dərmişəm

Haşımam bax, həmin bağındayam mən…

Edirsən

Oxuya bilmirəm, başım qarışıq,

Zərif misralarla tufan edirsən.

Bağbandan icazə aldınmı, aşıq?

Ya bəlkə xəbərsiz talan edirsən.


Təzə sevdalara düşdünmü yenə,

Hicrana, vüsala dözərmi sinən;

Əgər verilibsə bir özgəsinə,

Vallahi, nahaqdan qan — qan edirsən.


Bəxtəvər yaradıb səni yaradan,

Eşqin cövhərini qoyub binadan,

Anlamaz bu eşqi hər cahil, nadan,

Sən sazla, söz ilə bəyan edirsən.


Vahidəm, çox gəzdim aranı, dağı,

Ən gözəl dövrandı cavanlıq çağı,

Bar dərdim, bağlara olmadım yağı,

Bir deyən olmadı ziyan edirsən.

Aşıq Haşım Qubalıya

Açılmır nə sazın, nə sözün baxtı,

İndi müğənnilər zəbt edib taxtı…

Sözlərin nur kimi qəlbimə axdı,

Elə bil, göylərdə süzürəm, aşıq.


Sən haqqı nahaqqa verməzsən heç vaxt,

Sənətin yolunda gedirsən sərvaxt,

Yollara çıxmazsan vaxtsız, baxtabaxt,

Mən səni şam ilə gəzirəm, aşıq.


Hünərdi əldə saz girmək meydana,

Qoşma, təcnis demək mərdi mərdana…

Sənin tək aşığı doğmaz hər ana,

Demə, yoruluram, bezirəm, aşıq.


Vahidin qələmi itidir hələ,

Azmı tərif yazıb neçə gözələ?

Allahın yolunda cani-dil ilə,

Mən də hər çətinə dözürəm, aşıq.

27.10.2018

Üz gözəlliyi

Aşıq, vədəsində deyilən sözün,

Olar öz hikməti, öz gözəlliyi.

Nur saçar ürəyə, gözə könülə,

Səsin məlahəti, söz gözəlliyi.


Axşamdan sazını simləyib, köklə,

İntizar içində sabahı bəklə*

Səhər toy evinə üz tut ürəklə,

Sağına, soluna düz gözəlliyi.


Çoxları bənd olur gözəl çamala,

Kimdi nəzər salan əqlə, kamala?

Vahid də istəyər kamını ala,

Onu da məst edər üz gözəlliyi…


* — gözləmək

27.10.2018

Təcnis

Qoydum dostlarımı intizarımda,

Tənha dolanıram yenə bu dağı.

Bir budaq üstündə tutmuşam qərar,

Əlim silkələyir neçə budağı.


Namərdə tay olar namərd, — mərdə mərd.

Haqqı tanımayan Namürddü, Namürd…

Elimiə, obama dağ çəkən namərd,

Mənim də sinəmə çəkdi bu dağı…


Zaman saçlarıma saldı gözəl dən,

Getdi ağıl əldən, getdi göz əldən,

Vahid yığ gözünü gəl o gözəldən,

Al gözün önünə sən o bəd ağı…

Bu dağın yamacında

Kəlbəcərli dostum Mail müəllimə həsr edirəm.

Dostum Mail

Bu dağın yamacında

gəl quraq bir alacıq,

Dörd yanımız gül-çiçək,

səma aydın, göy açıq.

Dizimizdə təpər də

olsun dostum, azacıq,

Dolaşaq yurdumuzu

Gecə-gündüz döymadan…


Gəl, baş-başa dayanaq

göydə buludlar ilə

Öpüşək çiçəklərlə,

yam-yaşıl otlar ilə,

Bulaqların gözündən

süzülək gilə-gilə,

Ömürdən ötüb keçən

günümüzü saymadan…


Dolaylarda nəfəsim,

silinməz ayaq izim…

Vətən bizim, el bizim,

Yurd bizim, yaylaq bizim.

Meşə bizim, çay bizim,

El bizim, oylaq bizim…

Yaşadaq bir daşına,

Kəsəyinə qıymadan…

Vətən dərdi ağırdı…

Cəfakeş İnsan, Ağdam torpağının mərd oğlu, əsil vətəndaş alim Zaur Qarabağıyə həsr edirəm.


Zaur Əliyev

Vətən dərdi ağırdı,

Əritdi bu dərd bizi,

Düşmən yumşaq tanıdı,

Heç görmədi sərt bizi…

Qınadı lağa qoyub

Nə qədər namərd bizi,

Bu ağır qınaq ilə

Böyüdük, yaşa dolduq…


Düşmənlər dost adıyla

Gəldilər, dillənmədik,

«Baran» deyib, «xər» deyib,

Güldqülər dillənmədik,

Oba-oba, kəndbəkənd

böldülər, dillənmədik,

Zalımlara baş əydik,

Qatillərə qul olduq.


Başbilənlər yaxşıca

Piylədi başımızı,

Üstümüzə uçurdu,

Olan dam-daşımızı.

Taladılar quldur tək,

Çatmadıq qaşımızı,

Sonuncu köynəyəcən

Soğan kimi soyulduq.


Axışdıq küçələrə,

«Hüriyyət» deyə-deyə

Xain kommunistlərin

Kölgəsin döyə-döyə…

Sonra tutulub qaldıq:

«Bizə kim dursun yiyə?»

Elə bildik oyandıq,

Elə bildik ayıldıq…


Sinə gərə bilmədik

Tufanlara, sellərə.

Çörək dərdi dərd oldu,

Oğullara, ərlərə…

Vətəni tərk eləyib

Üz tutduq yad ellərə,

Neçə — neçə ölkəyə

Qərib kimi yayıldıq…


Nazir, fəhlə, müəllim…

Yumruq kimi birləşək.

Bu yumruqla düşmənin,

Acgöz gözünü deşək.

Vətən üçün, yurd üçün

İgid kimi döyüşək,

Bəlkə biz də axırda,

Böyük millət sayıldıq!!!

Ramiz

Ramiz Bayramov

Neçə ürəklərdə yerin, yurdun var,

Neçə ürəklərə yol alan Ramiz.

İçində təpərin, yanar odun var.

Adıyla, varıyla var olan Ramiz.


Dünya çox salasa da səni oyuna,

Zərrəcə gəlmədi xələl boyuna,

Adına, sanına öz kök-soyuna,

Oldun çox layıqli bir oğlan Ramiz.


Qəm yemə, ağrılar keçib gedərdi.

Dərd özü sənin tək üzü gülərdi.

Dərdə qalıb gələn fövqəl bəşərdi.

Dərd sənin yanında bir yalan, Ramiz!


Nə xoşdu ülfətdə olmaq səninlə,

Könül fərəhlənir şirin dilinlə…

Yaşa, öz yurdunda,

sən öz elinlə,

Olsun bu dünyada bir qalan, Ramiz!


****


Könüldən könülə yüz yol çəkmisən,

Yüz yol da çəkməyə gücün var, Ramiz.

Ömür bağcasında çox gül əkmisən.

Başında güllərdən tacın var, Ramiz.


İnsan bu dünyada beş gün qonaqdı,

Onu Allah bilər, haqdı, nahaqdı.

Ağrı da, kədər də ömrə sınaqdı,

Bilirəm, çox ağrın, acın var, Ramiz.


Bərk yapış həyatdan, eldən obadan.

Yaxşı ol, həmişə gəlsin xoş sədan.

Başının üstündə Uca Yaradan,

Yanında qardaşın, bacın var, Ramiz.


Vahid sənə yazdı beş — üç kəlməni,

Həmişə yanında bir dost bil məni…

Süpür at yolundan dumanı, çəni,

Atanın ruhundan öcün var, Ramiz!

Alır

Ağıllı başların cibləri boşdu.

Dünyadan kamını elə gic alır.

Zamana güvənib sərvət yığsa da,

Zaman özü gəlib ondan bac alır.


Üstünə yağsa da tənələrdən daş.

Məsləkin yolunda ürəklə savaş…

Əvvəl baş verməyə qəsd eləyən baş,

Sonra öz başına qızıl tac alır.


Dərə keçməlidir zirvəyə gedən,

Çətinə dözdükcə bərkiyər bədən…

Vahid, qorxaq olur nəfini güdən,

Savab sahibləri Haqdan güç alır.

Kəhriz

Kəhrizin başında Qarabağ yanğısı

Canıma illərin yanğısı düşüb,

İzin ver, suyundan doyunca içim,

Sərçələr yuvadan çıxana qədər,

Dəcəl kəpənəklər duyunca içim.


Çox uzun, çox ağir yol gəldim sənə,

Atəşdən od tutub alışır sinə,

Neçə parç içim ki, bu yanğım sönə?

Nizami birbəbir sayınca içim.


Vətənim, el-obam ümid çırağım,

Nur olum dağına, düzünə yağım…

Mənsiz axıb gedən İsa bulağım

Babalı boynuma qoyunca içim.


Kəhrizim, üstündə gördüm bağca-bağ,

Budaqlar üzünə çəkibdir duvaq…

Qürbətdən yol alan qonağam, qonaq,

Dayanım, həsrətim boyunca içim.


Vahid, Allah bizə verməsin səbir,

Ağdamsız bu dünya qəbirdi, qəbir

Qarabağ yanğısı sönərmi de bir,

İstər lap Arazın suyunca içim.

Ağdam haqqında ballada

Xəbər alsan bu vilanın əhvalın…
(Qasım bəy Zakir)

Ərz eləyin məndən Zakir babama,

Bu vilada necə qalmaqal oldu..

Olan oldu, ölən öldü, qalan yox,

Dağlar, düzlər qanımızdan al oldu.


Ağdam adlı bir şəhərim talandı,

Damı, daşı alovlara qalandı,

Zülüm qalxdı, yeri, göyü dolandı,

Dünya gördü, amma susdu, lal oldu.


Məscidimdən azan səsi kəsildi,

Kəndlərimdən ozan səsi kəsildi.

Neçə-neçə yazan səsi kəsildi,

Neçə-neçə ürəklərdə xal oldu.


Toy evimi yağı döndərdi yasa,

Başımıza kül ələdi bir kasa…

Əllər yalın, ürək dolu, dil qısa,

«İgidlərin „əlif“ qəddi „dal“ oldu».


Gülablımın bulaqları durulmaz,

Beşbulaqda alaçıqlar qurulmaz.

Nənəqızlar halayında yer olmaz,

Bağbanların almaları kal oldu.


Qozlu bağa elə bil ki, od düşdü.

Şelli narı budaqlarda büzüşdü.

Güllücədə toz dumana qarışdı,

Qarağacı qəbristanı yol oldu.


Yüsifcanlım tər çiçəyə bürünmür,

Şahbulağım dumanlardan görünmür,

Hanı Kötəl, izi-tozu bilinmir,

Qullar dönüb quldurlara qul oldu.


Mərzilimdən nə səs gəlir, nə səda.

Xudu yurdun bürüyübdü qan-qada,

Muradbəyli nalə çəkir ortada,

Seyidlidə üzüm qaldı bal oldu!


Əhmədavar, Ətyeməzli, Qiayaslı,

Xaçın yaslı, Qarqar yaslı, mən yaslı…

Bazarında ta görünmür Zarıslı,

Kəngərlidə qaratikan kol oldu.


Neçə — neçə igidlərim şəhiddi,

Hesabına Bircə Allah şahiddi.

Baş küçəmin daşı üstə daş bitdi,

Neçə-neçə qız-gəlinim dul oldu.


Mən nə yazım, kim anlayar dərdimi?

Uzundərə üzün yerə sərdimi?

Köçüb gedən durnaları gördümü?

Geri dönmür, görən neçə il oldu?


Bu Maqsudlu, Bu Nəmirli, bu Cinli,

Qərvənd vardı, bu ölçülü, biçimli,

Ağam vardı, əsli-kökü Laçınlı,

Çəmənlimdə tənha bitən gül oldu!


Boyəhmədli, Əliağalı, Kolanlı,

Sevindirməz gözü yolda qalanı,

Qaramanım, qov başından dumanı,

Bəlkə səndən həzin əsən yel oldu.


Yurdum mənim, sənə həsrət qalandan,

Dərdli Vahid çıxdı dindən, imandan,

Gileyim var, Mehdi Sahib-zamandan,

Göz yaşlarım axıb, axıb sel oldu!

31.08.2018

Şahmar Əkbərzadəyə

Anam bir sonaydı, nənəm bir sona…
(Şahmar Əkbərzadə)

Sözləri kəlmə — kəlmə

Elə şirin deyirdin,

Hər sözünün önündə,

Çiçəklər büzüşürdü.

Ürəyimdən çəkilən

Sarı simə dəyirdin,

Gözlərimdən üzümə

Şeh damlası düşürdi…


Şahmar dedi adına

Bir zaman atan, anan,

Şahmar kimi sərt ola

Bəlkə üzün hər zaman…

Sən Şahmar yox şah idin

Gözlərindən nur daman, —

Üzündə payızla yaz,

Qışla yay öpüşürdü.


Ayrı cür yaratmışdı

Səni ana təbiət,

Bir kimsəyə haqq-nahaq,

Eyləməzdin nəsihət.

Hamıya ərk edərdin,

Amma qoymazdın minnət,

Yalançılar, sözbazlar

Yanından sivişirdi.


Çəmənlidən başlayan

Dünyalara yol aldın,

Yollar üstə açılan

Yaz nəfəsli gül oldun…

Yandın Vətən eşqinə,

Qovurğa tək qovruldun,

Canın odun, atəşinin

Közlərində bişirdi.


Vətən elə Vətəndi,

Altı nədi üstü nə?..

Sona dedin anana,

Sona dedin nənənə.

Həyat müjdə gətirdi

Altmışıncı sənənə,

Ana torpaq qoynunda

Əzizlər görüşürdü…

30.08.2018

Can deyənim bol idi…

Tək bir gülü axtarırdı gözlərim,

Aman Allah, necə şirin çağ ıdi.

Boğazıma ilişməzdi sözlərim,

Süzülərdi, elə bil ki, yağ idi.


Günüm, ayım necə gəlib gedərdi?

Kim yolumu, yolağımı güdərdi?

Səhərəcən göyləri seyr edərdim,

Dünya mənə gül-çiçəkli bağ idi.


Yuxularım çin olurdu həmişə,

Kədər məndən gen olurdu həmişə…

Bir sevincim min olurdu həmişə.

Cavan baxtım bəmbəyazdı, ağ idi.


Ot yığardım, pambıq, üzüm dərərdim,

Fərəhimi çəmənimə sərərdim.

Hər bir işə öz çiynimi verərdim,

Arzularım ümidlərə tağ idi.


Görməmişdim hələ böyük şəhəri.

Gülər üzlə qarşılardım səhəri…

Tanımazdım intizarı, qəhəri,

Babam Abbas nəzərimdə dağ idi.


Bir yol vardı, Ağdam-Bərdə yoluydu,

Yolun üstü kəndlər ilə doluydu,

«Gəl» deyənim, «can» deyənim boluydu,

Xalalarım, atam, anam sağ idi…


Tək bir gülü axtarırdı gözlərim,

Aman Allah, necə şirin çağ ıdi.

Boğazıma tıxanmazdı sözlərim,

Süzülərdi, elə bil ki, yağ idi.

Dağlara…

Dəli ozan, dəliliyin tutdumu,

Qurban etdin məni bizim dağlara.

Qara keşiş dağlarıma dağ basır,

Ta getməyə yoxdu üzüm dağlara.


Dağlar gördüm, dağ vüqarım əyildi.

Dağlarıma sıra dağlar deyildi…

O dağlarım belə dağlar deyildi,

Toxunurdu əlim, dizim dağlara…


Sinə dağlı, hər sinədə bir dağız,

«Dilqəm» məndə nə dil qoydu, nə ağız…

Sazım sınıq, nə qələm yox nə kağız,

Bir söz qoşam düzüm — düzüm dağlara.


«Ruhani» də dağ düzülüb yan-yana,

Bu dağlara ürək varmı dayana?

Dəsmal götür, ağla məni ay ana,

Həsrət qalıb yanar gözüm dağlara.


Neçə ildi mənsiz yanır Kərəmim,

Min — min Əsli ola bilməz məlhəmim…

Kərəm oldum, -qırıq sazım həmdəmim,

Səpələndi odum, közüm dağlara.


«Baş sarı tel», tellərimi ağartdın,

Qaysaq tutan yaraları qanatdın…

Ay saz, yandın ürəyini boşaltdın,

Mən nə edim, nə söz yazım dağlara?


Şimşək olub çaxan olsun oğullar,

Düşmənləri yaxan olsun oğullar…

Dağlarıma qalxan olsun oğullar

Vahid, düşər onda izim dağlara.

Yazdınmı barı

Sənin əlindədi bilirəm, qələm,

Qalan hesabımı yazdınmı barı?

Özgənin dilində mənə dərs verən,

O dörd kitabımı yazdınmı barı?


Bilmirəm, mən hara, haqq — hesab hara?

Suallar əlində qaldım avara…

Ayırdın ömrümü çox vuruqlara,

Həqiqi babımı yazdınmı barı?


Sinəm qəm yeriydi, kədər yeriydi,

Tikili boğazım qəhər yeriydi…

Dünyam axirətə səmər yeriydi,

Zülmünə tabımı yazdınmı barı?


Gördünmü məni heç bir bəd əməllə?

Keçirdim günləri şer, qəzəllə,

Oduna yandığım o şux gözəllə,

Yanbayan adımı yazdınmı barı?


Özümü yaratdın sənət əsərı,

Qıymadın qumaşı, qızılı, zəri…

Ömrümə yazdığın yetim günləri,

Boş qalan qabımı yazdınmı barı?


Bilirəm, Cənnətin, Cəhənnəmin var.

Hər iki aləmdə çoxlu cəmin var…

Məndən soruşdunmu, neçə kəmin var?

Axsayan yabımı yazdınmı barı?


Vahid eləmədi səndən şikayət,

Nə verdin, boynuma qoymadın minnət…

Bir söz də soruşum səndən nəhayət,

Mənim bu lafımı yazdınmı barı?

21.08.2018

İçində

Sandım, qapamısan köhə dəftəri,

Hələ gəzdirirsən onu içində.

Sevən unutsa da çəkdiklərini,

Saxlarmış sonacan kini içində.


İnsan övladıyıq, yanıldıq yüz yol,

Göstərən olmadı, hardadı düz yol,

İstər münəccim ol, istər şair ol,

İtirdin, tapmazsan yönü içində.


Sevdamız boy verməz calaq oldusa,

İndə nə dərd çəkək,

nə bataq yasa…

Torpaq da cücərtməz, suyu çatmasa,

İllərlə saxlayar dəni içində.


Vahidin hər sözün yozurdun nəhsə,

Aşiqdi, səninlə girmədi bəhsə…

Göz yumdu hər sözə, susdu hər ləhzə,

Saxladı imanı, dini işində.

19.08.2018

Daşlar silah olub insan əlində

Daşlar silah olub insan əlində,

Hamı baş yarmağa daş gəzir indi.

Hər şey külə dönür zaman əlində,

Zamanın özünü daş əzir indi.


Daş olan ürəyin hədəsi daşdı,

Ömrü tükəndimi, vədəsi daşdı…

Daş var ki, sökülüb gedəsi daşdı,

Daş dəyən ayağı daş üzür indi…


Vahid, dumanlardan açılmadı baş,

Kimin bostanına düşəcək bu daş…

Döndər ürəyini daşa a qardaş,

Bizim dərdimizə daş dözür indi.

Bakı 1991 5 yanvar

Nəyinə gərəyəm, sənin ay Vətən?

Şümşad göylərində şimşəklər çaxdı,

Çağırdın, olmadım hayına yetən.

Sən yandın, mən sənə kənardan baxdım,

Nəyinə gərəyəm sənin ay Vətən?


Başımın üstündə yanar bayrağın,

Bayrağın altında millət bir çətən…

Dünyanı tutmursa səsin, sorağın,

Nəyinə gərəyəm sənin ay Vətən?


Kim sərvət topladı, kim şəhid oldu?

Çiçək şəhidlərdi üstündə bitən…

Necə haqsızlığa Haqq şahid oldu,

Nəyinə gərəyəm, sənin ay Vətən?


İtirdim gör neçə — neçə elimi,

Özüm də qoy olum gözündən itən…

Mənə rəhm eləmə, burax əlimi

Nəyinə gərəyəm sənin ay Vətən?


Mən ala bilmirəm intiqamını,

Səni daşa basır hər yoldan ötən…

Qoruya bilməsəm bir tikanını,

Nəyinə gərəyəm sənin ay Vətən?

Gəzərsən Vahidi bir gün çıraqla

Axı neyləmişəm ay gülüm sənə,

Çıxırsan qarşıma qaşla-qabaqla.

Vallahi, verirsən çox zülüm mənə,

Keçir ömrüm, günüm kədərlə, ahla.


Deyirəm, solmayıb hələ eşqimiz,

Bənzəyir çiçəyə, gülə eşqimiz…

Deyirsən, — «Olmasın belə eşqimiz,

Şirin kəlmələri özünə saxla»


Başımda yüz fikir eləmişəm cəm.

Görməsəm üzünü məni sökər qəm.

Yadimdan çıxmırsan bir saat, bir dəm.

Məni incidirsən axı nə haxla?..


Gecələr göylərə çəkilir uyğum,

Korşalır qələmim, korşalır duyğum.

Günbəgün artsada sevgimə sayğım,

Açılır səhərim elə qınaqla…


Bu candı ay gülüm, deyil daş, dəmir.

Kim bilir, nə qədər uzanar ömür?

Hicran qəfil gəlir, gəlirəm demir,

Gəzərsən Vahidi bir gün çıraqla.

25 Oktyabr 2015

Mayıl Adilova Həsr edirəm

Bu dağın yamacında gəl quraq bir alacıq,

Dörd yanımız gül-çiçək,

səma aydın, göy açıq.

Dizimizdə təpər də olsun dostum, azacıq,

Dolaşaq yurdumuzu

Gecə-gündüz döymadan…


Gəl, baş-başa dayanaq göydə buludlar ilə

Öpüşək çiçəklərlə, yam-yaşıl otlar ilə,

Bulaqların gözündən süzülək gilə-gilə,

Ömürdən ötüb keçən günümüzü saymadan…


Dolaylarda nəfəsim, silinməz ayaq izim…

Vətən bizim, el bizim,

Yurd bizim, yaylaq bizim.

Meşə bizim, çay bizim,

El bizim, oylaq bizim…

Yaşadaq bir daşına,

Kəsəyinə qıymadan…

Qaldı

Üyütdüm günləri dəyirman kimi,

Qaldı, baş aparan çax-çaxı qaldı

Nə umdum, ömrümə yazıldı nələr?

Dilimdə gileyi, ah-vahı qaldı.


Əkdiyim ağaclar vermədi bəhər,

Üzdü boğazımı acı bir qəhər…

Bu günü yaşadım elə bir təhər,

Üzun bir gecəsi, sabahı qaldı.


İstədim söz satam, alan olmadı,

Ciblərim boş qaldı, kalan olmadı.

Vallahı, bir qazanc-filan olmadı,

Borclarım uzun bir siyahı qaldı.


Vahid, ağ günlərim dara çəkildi,

Üstünə kədərli qara çəkildi…

Sevincli günlərim hara çəkildi?

Əlimdə çox ağır günahı qaldı.

Dostum Tural Qula

«Bu yazı sərt oldu, sərtdi, bilirəm» şerini dinləyərkən…

Sıyrılıb qınından çıxır sözlərin,

Hər sözün içində neçə dərd yatır.

Narahat, nigəran baxır gözlərin,

Pərişan könlündə nə hikmət yatır?


Qurdlar quzuları çəkir kamına,

Qanını şərbət tək süzür camına.

Ay gözü yol çəkən, bax adamına,

Qayğılı gözlərdə nə qismət yatır.


Bəyənən çoxdumu söz deyənləri?

Nə çoxdu dünyanın göz döyənləri…

Atın cəhənnəmə «döz» deyənləri,

Papaqsız başlarda nə niyyət yatır?


Üzüldüm dediyin sərt sözlərindən,

Elə bil süzülür dərd sözlərindən,

Əzəldən belədi, — mərd sözlərindən,

Üşənir, marığa yüz namərd yatır…

Elimə, dilimə verirəm dəyər!

Aradım dayazda, üzdüm dərində,

Tilsimlərlə dolu yüz hikmət gördüm.

Göylərə bağladım ümidlərimi,

Tağında min cürə qıfilbənd gördüm.


İnsandı dünyanın zinəti, tacı,

İnsanın enməsi acıdı, acı.

Ata, ana, oğul, qız, qardaş, bacı;

Hərədən min cürə məhəbbət gördüm.


Ay Vahid, şairlər gördüyün deyər,

Onu kim susdurar, onu kim əyər?..

Elimə, dilimə verirəm dəyər,

Hər sözdə xalqımdan əmanət gördüm.

Yollar

Kimlərin oduna düşüb yanmısam.

Ürəyim dərd əkir, gözüm qəm biçir.

Yolların üstündə bitib qalmışam.

Sükutla yanımdan gör kimlər keçir?


Necədi ürəyə gedən yol olmaq,

Kimlər yola çıxar olunca gecə?

De, asan işdimi Haqqa qul olmaq?

Haqsızlıq üstünə yol alsa necə?


Yollarım burulur gah sola, sağa,

Düz yollar hardadı, ay qismət verən?

Yol çəkən gözlərim dirənir dağa.

O dağdan o yana yol varmı görən?


Ömür uzandıqca yol da uzanır,

Keçir taleyimdən, baxtımdan keçir.

Ömür yollarında kim nə qazanır,

Hamısı cavanlıq vaxtından keçir.


Yollarda nə qədər günlər odladıq,

Ömür od içində əridi getdi.

Dairə içində çox yol adladıq,

Dedilər, yolçunun biri də getdi…

03.07.2018

Dağlara

Çəmənlidən boylana-boylana həsrətlə baxdığım Qarabağ dağları...Allah sizi dünya gözü ilə görməyi bizə qismət eləsin!

Qırıq ümidimi apardı sellər,

Yol tapa bilmirəm qoca dağlara.

Mənə xəbər verin, ay əsən yellər,

Nə zaman yetəcək əllərim YARA!


O sərt qayalara yazdım adımı,

İndi kimlər yazır adını ora?

Ey Tanrı, özümə qaytar odumu,

Qoyma bu dərd gedə mənimlə gora!

Bir iman yeri var min güman yeri

Bir iman yeri var, min güman yeri,

İman olmayanda güman min olar.

İmanı qəlbinə çıraq eləsən,

Dünya qəmlərinə məlhəmin olar.


Halal qazancına haram qatmasan,

Kasıbı, fağırı heç unutmasan;

Özgənin haqqına əl uzatmasan,

Sənin HAQQ yanında aləmin olar.


Bəd dua eləmə bir kimə heç vaxt,

Kor şeytan önündə dayanıb sərvaxt;

Uğursuz yollara çıxma baxta — baxt,

Bu yolda çox dərdin, çox qəmin olar.


Yaxşıya yaxşı de, pisə pis demə,

Xeyir söyləyən ol, heç vaxt nəhs demə,

Bir kimə Xudadan ziyan istəmə,

Sənə də istəyən bir kimin olar.


Vahid, pozulmasın əhdin, ilqarın,

On dörd məsum olsun sevgili yarın;

Yapış ətəyindən Pərvərdigarın,

Məhşərdə əlində bir şəmin olar..

may 2011 — ci il.

Dəli Çəmənli haqqında ballada

Qarabağın qucağında,

Allı — güllü,

Ən laləli,

Ən sünbüllü,

Ən bülbüllü bucağında.

Bir kənd vardır,

Çəmənlidir onun adı.

Çəmənlimdir!

Şehə batmış çəmənimdir!

Ürəyimdir!

Dirəyimdir!

Çörəyimdir!

Çəmənlidən bir mənzərə

Əbədilik gərəyimdir!

Əbədilik verib mənə

Ulu Tanrı bu diyarı.

Neçə — neçə igidlərin yadigarı.

O sarsılmaz igidlərdən

İlham alıb bu gün mən də,

Böyük dastan yaratsaydım Çəmənlimdən…

Qarabağım, qəm otağım,

Qəza — qədər öz ortağım.

Tale yüklü arzulara

Həsrət qalan

bir yatağım.

Sakit — sakit keçib gedir

Bu zamanın gərdişində neçə insan.

Sənsə belə şax qalmısan,

Şux qalmısan.

Tarixlərdə adın qalıb «Dəli» kimi

Bir vüqarlı

Dəli ömrü yaşamısan.

Dəlidağ tək,

Dəli Kür tək ad almısan.

Sarsıdarmı səni fələk.

Dəli kimi tarixlərdə qalar aldın

Dəli Həsən,

Dəli Domrul,

Dəli Becan,

Tarixlərin neçə — neçə Dəlisi tək,

Bu gün məni bağışlasın

At oynadan babalarım,

Niyə mən də olmamışam

Bəs onların birisi tək…

Deyirlər ki, bir zamanlar

Bir qəddar şah

diş qıcıyıb bu torpağa.

Ürəyindən Qarabağda

Talan qurmaq gəlib keçib.

Qoşun yığıb,

Hücum çəkib.

Od vuraraq neçə — neçə tarlasına,

Gəlib çıxıb

Qədib Şuşa qalasına

Cuşə gəlib hayqırıbdır:

«Eheey!

Hanı bu torpağın kişiləri?

Mən gəlmişəm bu dağları,

Dərələri oylaq edəm.

Aran məni yandıranda

Bu yerləri yaylaq edəm.

Mən gəlmişəm

Sizdən baci — xərac alam.

Qılıncımın qəbzəsinə

Rəvac alam.

Güc məndədir,

Qüvvət məndə.

Elm, helm, qüdrət məndə.

Atdan düşün,

Qılıncımın altdan keçin,

Sonra rahat əkin, biçin.»

Qəribədir!

Diş qıcıyır hamı bura.

Hamı salır vurhavura.

Anlamırlar,

Bura elə bir diyardır,

Quş uçarsa qanad salar,

Qatır gəlsə dırnaq salar.

Bir kimsənin torpağına

Dikməsək də göz heç zaman,

Bizlərə xor baxan gözün

Didəsinə od salarıq.

Biz özümüz

Torpağından bac alarıq!

Qala xanı məşvərətə adam yığdı:

— Balam bu şah at oynadır

Deyir baba,

Burda mənəm Bağdadda da kor xəlifə.

İstəyirəm

Sahib çıxam hər tərəfə.

Anlatmışam neçə dəfə —

Bu fikirdən daşın bala!

Yığsam əgər

mən dövrəmə qoşun, bala

Başsız qalar

Bu qalada başın, bala.

Nə yazıq ki, bunu qanmır.

«Dava» deyir heç utanmır.

Bu gün gərək xəbər gedə

Hər obaya,

Бесплатный фрагмент закончился.

Купите книгу, чтобы продолжить чтение.